İlham SOVQATOV\ HƏMRƏYLİK BAHARI

    PDF faylını alÇapE-poçt

      Share

           Zaman ötdükçə hər şey dəyişir, tarixdə yeni-yeni hadisələr qeydə alınır. Bəzi günlərin mahiyyəti dəyişir, xalqın yaddaşına mühüm bir hadisə kimi həkk olunur.

         Keçən əsrin sonlarında xalqımızın milli özünüdərki güclənmiş, ictimai həyatın demokratikləşməsi istiqamətində xalq hərəkatı genişlənmişdir. Məhz bu hərəkatın nəticəsində Azərbaycan xalqı həmrəy olduqları üçün 31 Dekabr Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü kimi tarixə düşmüşdür. Həmrəylik- rəy, fikir birliyini ifadə edir.

           Azərbaycan xalqı 20 ildən çoxdur ki, Həmrəylik gününü qeyd edir. Bu da bir xalq üçün əlamətdar hadisədir. Dillər əzbəri olan müdrik bir söz var: "El bir olsa, dağ oynadar yerindən". Birlik, bərabərlik bir xalqın ayaqda durması üçün daima labüd olan bir məfhumdur. Bunu əməli yöndən göstərmək lazımdır. Dildə sadəcə bir olmaqla heç bir zaman birlik yaradıla bilməz. Vətənin bütövlüyü kimi, xalq da bir olmalıdır. Vətən uğrunda mübarizədə bütün vətəndaşlar eyni cür düşünməli, vətən üçün xidmətdə də həmrəy olmalı, vətən uğrunda mübarizədə yumruq kimi bir olub öz gücünü göstərməlidirlər. Burada Yusif Vəzir Çəmənzəminlinin sözü yada düşür: "Birlik kağız üzərində deyil, məclislərdə söylənən nitqlərdə deyil, həqiqi bir məfhum olaraq geniş kütlənin şüurunda yerləşdirilməlidir".

           I Napeleonun gözəl bir sözü var: "Xalq ölkəni qoruyanda həmişə adam çatışır, ancaq çox vaxt əsgər çatışmır". Məhz bu sözdən yola çıxaraq deyə bilərik ki, xalqın ölkəni qoruması həmrəyliyin nümayişidir.

           Bundan əlavə, bir atalar sözümüz də məşhurdur: "Tək əldən səs çıxmaz". Həmrəyliyin nümunəsini biz xalqımızın 88-ci ildən sonra Qarabağın Ermanistana verilməməsi üçün bir nəfər kimi küçələrə tökülüşüb mitinq keçirməsində gördük. Xalqımız şüurlu şəkildə dərk edirdi ki, Qarabağ bizimdir, Azərbaycanın ayrılmaz bir hissəsidir. Məhz buna görə xalq əlbir olub öz sözünü deməyə başladı. Təkcə bununla xalq kifayətlənmədi, öz müstəqilliyini də istədi. El bir olub dağı yerindən oynatdı. Bəli, dağ o zaman SSR idi. Müstəqilliyimizi əlimizdən alan SSR-ini çökdürən xalqımız öz sözünü həmrəy olduğu üçün dedi. Bir olub, əlbir olub, yekdilliklə öz arzusuna çatdı.

      Həmrəylik gərək hər bir adi vətəndaşdan tutmuş ta ölkənin ziyalı vətəndaşına kimi: şair, yazıçı, həkim, millət vəkili, müəllim, polis və əsgərlər belə vətənin azadlığı üçün həmrəy olmalıdırlar. Vətəni təkcə əsgər qorumamalıdır. Xalq qorumalıdır. Xalq hər zaman vətənin keşiyində durmalıdır. Vətənin keşiyində durmaq xalqın əlinə silah götürüb gecə-gündüz növbə çəkməsi deyil. Xalq gərək həmrəy ola. O zaman vətən basılmaz olur. "Uğrunda ölən varsa, vətəndir" deyilir. Əgər uğrunda birlik və bərabərlik yoxdursa, nə ölməyin mənası var, nə də vətənin. Əgər uğrunda həmrəylik yoxdursa, ölmək heç bir əhəmiyyət kəsb etmir, həmçinin vətənin də olması.

           Həmrəy olmaq üçün ürəklər bir duyğunu paylaşmalıdır. Beyinlər bir fikri düşünməlidir. Gözlər eyni hədəfə baxmalıdır. Bu da vətənin azadlığıdır, vətənin müstəqilliyidir, ərazi bütövlüyüdür. Həm də ölkənin tərəqqisidir, inkişafıdır, xalqın rifahıdır. Həmrəy olmaq üçün təkcə ölkə daxilində yaşamağa ehtiyac yoxdur, ölkə xaricində də həmrəy olmaq mümkündür.

           Mərhum Heydər Əliyev 25 Dekabr 1997-ci il tarixində 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə xalqa mürəciətində belə demişdir: "Bu gün harada yaşamasından asılı olmayaraq Azərbaycanı özlərinin tarixi vətəni sayan bütün insanlar ölkəmizin müstəqilliyini qoruyub saxlamaq naminə dövlətçilik ideyaları ətrafında sıx birləşməli, sarsılmaz həmrəylik nümayiş etdirməlidir. Vətənini, millətini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın müstəqilliyinin dönməz olması üçün  səy göstərməlidir. Bütün azərbaycanlılarda, bu və ya digər tellərlə bağlı olan hər bir şəxsdə azərbaycançılıq, vətənpərvərlik hissləri, tarixi torpağımıza, yurdumuza, mədəniyyətimizə məhəbbət aşılamaq hamımızın ümdə vəzifəsidir. Vətənimizin, respublikamızın taleyi bir azərbaycanlının taleyi olmalıdır".

           Yenə gözəl bir söz var: "Bir gül ilə bahar olmaz". Baharın gəlişi bütün güllərin açılışı ilə bilinir. Həmrəylik baharı da bir fərdin çalışması ilə mümkün olmur. Gərək hər bir vətəndaş bir gül kimi həmrəylik baharının təravətini ətrafa duyura. Bahar təravətini duyurmaq üçün bir gül kifayət etməz. Gərək gülüstan olsun, dağ, dərələr, çəmənliklər, bütün ətraf gülə qərq olsun. Bəli, həmrəyliyin bariz nümunəsi üçün bütün dünyada yaşayan azərbaycanlılarının hamısının əl-ələ verib öz birlik və bərabərliyini daima nümayiş etdirməsi lazımdır. Özgə vətəndə yaşayıb bütün imkanlara sahib olub, vətənimizi unutmaq olmaz. Mütləq ölkəmizin inkişafı üçün həm daxili, həm də xarici dəstəyə ehtiyac vardır.

           Bir milyona yaxın qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarından qovulmasını düşünüb onları bir daha ana-ata ocağına qovuşdurmaq üçün səy göstərmək, şəhid olmuş igidlərimizin canından keçdiyi torpaq uğrunda birləşmək, vətənimizin gülüstana çevrilməsi üçün birləşmək həmrəyliyin əsas göstəricisidir.

           Sonda ümummilli lider, mərhum Heydən Əliyevin sözünü qeyd etmək istəyirəm: "Kim müxalifətdə durursa-dursun, ancaq vətəninə, xalqına, mənəviyyatına, məsləyinə müxalifətdə durmasın".

      • Hits: 1022 clicks

      Tecox component by www.teglo.info