Dr. Əhməd NİYAZOV\ İRFAN GÜNƏŞİ, ELM ABİDƏSİ HACI QURBAN MEŞLEŞİ

    PDF faylını alÇapE-poçt

      Share

            “Alimlər peyğəmbərlərin varisləridir” (Əbu Davud, Elm, 1) hədisi, əlbəttə ki, hər kəsə şamil etmək olmaz. Din-iman dərdini çəkən, qayğıkeş, elm, irfan sahibi olan alimlər həqiqi varislərdir. Onlar, ölümləri aləmin ölümü sayılan elm əhlidir. 1930-cu ilin repressiya qurbanlarından Meşleşli Hafiz Qurban Əfəndi məhz belə simalardan olmuşdur.

            Hacı Qurban Əfəndi Car-Tala bölgəsində elm xadimi kimi tanınmış alimdir. O, xalqın maariflənməsində böyük əmək sərf etmiş, mütaliblərinə sevə-sevə biliklərin sirrini aşılayan, fədakar bir pedaqoq olmuşdur. Talalı Murtaza Ali Əfəndinin mədrəsəsində ərəb dili təlimi ilə bağlı  “Əmsilə” kitabını axşam namazı ilə yatsı namazı arasında yazaraq Molla Murtaza Alının oğlu Aslan bəyə hədiyyə etməsi onun ülvi məqsədləri hədəfə almış bir məqsəd sahibi olduğundan xəbər verir. Tarixin canlı şahidləri əlyazmalar göstərir ki, o, nəinki Car-Tala, hətta Dağıstan mədrəsələrində belə müəllim işləmiş, ustadlıq etmişdir. Bölgədə elm-irfan sahiblərinin yetişməsində böyük səy göstərmişdir.

            Həm də bir Quran xadimi kimi Hafiz Qurban Əfəndi Quran dilinin tədrisi ilə yanaşı  “Quran xətti” sənətində də xidmətləri böyük olmuşdur.

         Məlumdur ki, Qurani-Kərimdən "Kəhf" surəsinin cüz şəklində hüsn-xəttlə köçürülməsi İslam coğrafiyasında məhz bu bölgəyə xas bir Quran ənənəsidir. Hacı Qurban Əfəndi bu ənənənin ən fəal davamçısıdır. Onun öz dəsti-xətti ilə yazdığı (bizə məlum olan) üç ədəd “Kəhf cüzü” epiqrafik mirası baxımından ən gözəl nümunədir. Nəsx xətt yazıları ilə ərsəyə gəlmiş bu qiymətli əsərlər, ümumiyyətlə, bölgənin ən gözəl hüsn-xətt nümunələrindəndir.

            Astronomiya və ya nücum elmində Hafiz Qurban Əfəndi Meşləşi dərin elmi ilə, demək olar ki, Car bölgəsində bu sahənin piri olmuşdur. Onun “Elmi-nücum” əsəri haqqında olan mülahizələr, eyni zamanda “Əvqatus-saləh” əsəri bu haqda məlumat sahibi olmaq üçün kifayət edən dərin elm mənbələridir. Təəssüf ki, müstəqilliyin ilk dövrlərində onun “Elmi-nücum” əsəri itirilmişdir.

            Seyri-süluku ilə nümunəvi bir mürid kimi Hafiz Qurban Əfəndi, Almalılı Mahmud Əfəndi ilə bölgədə dərinləşən Nəqşi Xalidi irfan yolunun müdavimi olmuşdur. Mənəviyyatca zəngin ömür yaşayan Qurban Əfəndi Mamruxdan Talalara qədər dərviş söhbətlərində iştirak edir, mənəviyyat iqlimindən aldığı feyzlə vəz və söhbətlərilə insanların könüllərinə bir sevgi seli kimi axardı. Allaha gedən yolda möminlərə yol göstərər, hər kəsin dərdi ilə dərdlənməyi sevərdi.  O, əsasən, maarifçilik fəaliyyətləri ilə yaşlı nəslin hələ də yanğı ilə xatırladığı bir məşələ çevrilmişdir.

            Hacı Qurban Əfəndi dövrün mənəviyyat öndərlərindən məşhur Molla Bəkri Əfəndinin oğludur. Əbu Bəkri əl-Meşleşi, Talalı Əhməd Əfəndinin (q.s) 23 xəlifəsindən biridir. Bədii tərtibatı ilə fərqlənən “Aman Allah” şeiri Bəkri Əfəndinin də mənəviyyat dolu bir həyat yolu keçdiyindən xəbər verir. Dövrün məşayixindən Şueyb ibn İdris əl-Bakuninin (q.s) qeydlərinə görə Bəkri Əfəndi hicri 1322-ci ildə (miladi 1904) Haqqın rəhmətinə qovuşmuşdur. Onun yadigarı olan uzun şeirin bir qismi aşağıdakı kimidir:

      Salat olsun Rəsuluna,

      Dəxi salam Həbibinə.

      Məa övladi əhlinə,

      İnayət, ya Əziz Allah.

       

      Dəxi Əbu Bəkir Siddiq,

      Ömər səniyeyi-Faruq.

      Dəxi Osman həm Haziq,

      İnayət, ya Ləziz Allah.

      Dəxi Haydari Kərrara,

      Və həm övladi məşhura.

      Hasan, Hüseyin ənvara,

      İnayət, ya Həbib Allah!

      Dəxi Fatimə Zəhraya,

      Dəxi Aişə Kübraya.

      Dəxi İbrahimə əllaya,

      İnayət, ya Təbib Allah!

       

      Dəxi Nəqşibənd Şaha,

      Abdulqadir əddu maha.

      Əvvəl mübarək beytullah,

       İnayət, ya Rəhim Allah!

       

      Salat qıl şahu yavmiddin,

      Və şahu nuh fələk zamin.

      Ə`in liş-Şeyx Cəmaliddin,

      Ğumuqi, ya Həlim Allah!

      Bunların hörməti üçün,

      Rəsulun nur üzü üçün.

      Birliyin fəzlin haqqıçün,

      Dilək səndən aman Allah.

      Neçə böhtana getmişəm,

      Xəta günahı etmişəm.

      Qəm dəryasına batmışam,

      Aman səndən, aman Allah!

      ......

      O mərhum atam anaya,

      Qardaşlarım qurabaya,

      Və likulli mən əvsaya,

      Şəfaət, ya Rəsulallah!

      (10 Şəvval 1318)

      • Hits: 1011 clicks

      Tecox component by www.teglo.info