Alpay ƏHMƏD\ İSLAMOFOBİYANIN CƏMİYYƏTİMİZDƏKİ FƏSADLARI

    PDF faylını alÇapE-poçt

      Share

           Bəlli olduğu kimi, islamofobiya son on illiklərin “dəbdə” olan sosial fenomenlərindən biridir. Daha çox Qərbdə, son illərdə isə Asiyada da (məsələn, Myanma) yayılmış bu hal dünyanın normal düşünən hissəsini narahat etməkdədir.

           Azərbaycanda islamofobiya təbii ki, Qərbdə olduğu kimi aqressiv xarakter daşımır: məscidlərə yandırıcı molotov kokteylləri atılmır, müqəddəs Quran kitabı nümayişkaranə yandırılmır, peyğəmbərimizlə (s.ə.s) bağlı həqarət dolu fimlər, karikaturalar çəkilmir və hardasa buna müsbət yanaşmaq olar.

           Ölkəmizdə islamofobiyanın passiv xarakter daşıdığını desək, məncə, yanılmarıq. Azərbaycan islamofobiyasının özəl cəhətlərindən biri bu fenomenin özünə birbaşa olmasa da, dolaysı yolla elə islamofobların özləri tərəfindən haqq qazandırılmasıdır.

           Azərbaycanda bir qrup intellektual da vardır ki, - xüsusilə, sosial şəbəkələrdə fəaldırlar, - onlar ümumiyyətlə, dinin zərərli, istənilən ölkəni inkişafdan geri salan bir şey olduğunu söyləyir, XXI əsrdə texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə dinə ehtiyac olmadığı fikrini vurğulayırlar. “Qərb inkişaf edir, Şərq isə ya bu inkişafı köçürməklə, ya da birbaşa bu inkişafı əxz etməklə məşğuldur”, “Avropa xristianqlığa ehtiyacı olmadan da inkişaf edir” təxminən tez-tez səslənən bu tipli  tezislərlə rastlaşırıq. Üstəlik, əlavə olaraq qeyd edilir ki, inkişafın qarantı dünyəvilikdir, demokratiyadır. Qərb düşüncəli intellektuallar üçün İslam əfsanələr və əsatirlər toplusundan başqa bir şey deyil və buna inanmaq xurafatdan başqa bir şey deyil.

           Tək yuxarıda deyilənlər əsasında bəhs edilən intellektuallara bəlkə də tolerant yanaşmaq olar. Amma onların arasında elələrinə rast gəlirik ki, məqalələrində açıq-aşkar lağ və təhqir tonunda İslama və onun peyğəmbərinə nifrət və kin püskürürlər.

           Onlar sanki Ramazan ayının və Qurban bayramının gəlməsini gözləyirlər ki, oruc tutmağın insan orqanizminə “zərər verməsini”, qurbanlıq üçün kəsilən heyvanların uşaqların psixikasına “pis” təsir etdiyini şövqlə təbliğ etsinlər. Bu tiplər İslam haqqında müsbət fikir deyən dahiləri qulaqardında vurur, amma din, ya İslam haqqında hansısa məşhur alim bir neqativ fikir deyəndə tezcə onu məqalələrində əks etdirirlər.

           Məsələn, bu tipli intellektuallarda Ərdoğan hakimiyyətinə qarşı patoloji nifrət var, onlar bu hakimiyyətin iqtisadi uğurlarına, sosial sahədə aparılan islahatlarına göz yumur, amma hicablı qadınların elementar hüquqlarının bərpası və qorunması, - bunu zatən demokratiya tələb edir, - sahəsində atılan istənilən addıma tezcə “islamlaşma” damğası vururlar.

           Amma yenə öncəki fikrimizə qayıdaraq onu demək istərdik ki, normal ateistlərin, düşüncə sahiblərinin islamofobiyasına opponentlik etmək şərtilə onlara normal münasibət göstərmək lazımdır.

           Azərbaycanda son illər xoşagəlməyən hal isə sosial şəbəkələrdə və saytlarda “cövlan edən” psevdointellektualların islamofobiya isteriyasıdır. Onlar müsəlmanlarla dialoqa girəndə lağlağı tona üstünlük verir, bəzənsə təhqirə belə keçməkdən çəkinmirlər. Bu tiplər xaraktercə provakatorlardır, hətta bəzən onların qələmindən (ya klaviaturasından) çıxan cızma-qara yazıları sanki araqarışdırıcılığa yönəlib. Onlar sanki əks-hücum gözləyirlər ki, tezcə ictimaiyyətə bəyan etsinlər ki, bax, görürsünüz, budur onların təbliğ etdiyi dinin mahiyyəti.

           Bu tiplər cihadın mahiyyətini, eləcə də Quranda cihadla bağlı olan ayələrin göndərilmə şəraitini anlamadan,  həvəslə müqəddəs kitabımızın müvafiq ayələrindən misallar çəkərək söyləyirlər ki, sizin dininizin mahiyyəti zorakılıq və qətldir. Onlar Suriyada gedən vətəndaş müharibəsi ilə bağlı son zamanlar feysbuk profillərində bol-bol baş kəsmə, adam güllələmə səhnələrini paylaşır, şərhlər yazırlar.

           Ümumi mənzərəyə nəzər yetirəndən sonra perspektivlər barədə aşağıdakıları söyləmək olar. Azərbaycanda hal-hazırda islamofobiya ilə bağlı vəziyyət elə də təhlükəli deyil. Obrazlı şəkildə desək, bizlər heç barıt çəlləyinin də astanasında deyilik.

           Amma bəlli olduğu kimi, bəzən barıt da tez tapılır, üstəlik, kibrit vuran da hardansa tezcə peyda olur. Praktika da göstərir ki, bəzən emosiyalar o həddə gəlib çıxır ki, müharibə adi insanlarda belə aqressiya hisslərini gücləndirir.

           Azərbaycan reallığı sabit və tolerant bir cəmiyyətin mövcud olmasından xəbər verir. Amma cəmiyyətin müzakirə olunan mövzu baxımından az olmayan həssas kəsimini nəzərə alsaq, hansısa şəkildə toqquşmaların baş verə biləcəyini söyləmək olar. Məsələn, kim əminliklə qarant verə bilər ki, sosial şəbəkələrdə din mövzusunda gedən mübahisələr sonucda daha kəskin həddə gələrək tərəflər arasında zor tətbiqinə aparıb çıxarmaz.

           Bunları nəzərə alsaq, yenə də bir həqiqəti təkrar etmək məcburiyyətində qalırıq: dindar və ya dindar olmasından asılı olmayaraq, cəmiyyətin intellektual kəsiminin üzərinə az məsuliyyət düşmür. Elə bu iki təbəqə arasında dialoq dayanıqlı olmalıdır ki, islamofobiyanın radikal həddə gəlməsinin qarşısı alınsın, bir növ cəmiyyət özü preventiv tədbirlər görmək gücündə olsun.  

      • Hits: 973 clicks

      Tecox component by www.teglo.info