155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    İlham SOVQATOV / KƏRBƏLA FACİƏSİ

    PDF faylını alÇapE-poçt

      Share

          Aşura, məhərrəmlik, Kərbəla deyiləndə ağla, birinci olaraq, İmam Hüseynin şəhid edilməsi gəlir. 1400 ildən çoxdur ki, bu acı həqiqət müsəlmanların ürəklərində ağır iz qoymuşdur. Tarix səhifələrində qəmli iz buraxan bu faciə bütün dünya müsəlmanları üçün ağır bir nisgildir. Hər il məhərrrəmlik ayı gələndə, aşura günü yaxınlaşanda ürəklərdə qabar bağlamış yaralar təzədən qövr edir, qanamağa başlayır. Vaxtilə başqa mahiyyət kəsb edən Aşura indi başqa məna ifadə edir. Aşura (Məhərrəm ayının 10-cu günü) İslam aləmində xüsusi yer tutur.

          Aşura haqqında dini ədəbiyyatımızda çoxlu məlumata rast gələ bilərik. Aşura günündə baş vermiş hadisələrdən tutmuş, həmin gün oruc tutmağın fəzilətinə qədər həm hədis kitablarımızda, həm də fiqh kitablarımızda geniş bəhs olunmuşdur. Ancaq biz indi aşura deyiləndə ağlımıza İmam Hüseyn (ə), Kərbəla gəlir. İndi Aşura artıq bizə ürəkləri dağladan Kərbəla faciəsini xatırladır. İndi Aşura artıq tarixin səhifələrində silinməz izlərlə dərin həkk olunmuş Kərbalə fəlakətini yada salır.

          Tarix səhifələrində qanlı hərflərlə yazılmış hadisələrdən ən dəhşətlisi Kərbəla faciəsidir. Çünki bu faciədə dünyanın ən gözəl insanı, cənnət gənclərinin seyyidi İmam Hüseyn (ə.s) şəhid edilmişdir. Müsəlman aləmini saran qara buludlar arxasından çıxan bir günəş kimi haqq-həqiqət, din uğrunda İmam Hüseynin (ə.s) qətlə yetirildiyi gündür aşura. Bir sözlə, müsəlman aləmininə Peyğəmbərimizdən yadigar qalmış nur çırağının söndüyü, Peyğəmbərimizindən miras qalan bulağın quruduğu, İslam günəşinin qarşısını qara buludların aldığı, haqqın batilə məğlub olduğu, peyğəmbərin əhli-beytinə fəlakət üz verdiyi, əhli-beytin susuz çöllərdə, kimsəsiz səhralarda zülmlə üz-üzə gəlib köməksiz qaldığı bir gündür.

          O gün əhli-beyti itirdik. O gün əhli-beytin gülünü soldurdular. Peyğəmbərimizin sevgisini üzərində daşıyan insanı qətlə yetirdilər. Həmişə namaz vaxtlarında Peyğəmbərin boynuna dırmaşıb özünə hopdurduğu gül qoxusunu qan ilə yudular. Onun qanını tökdülər. Onun qanı torpağa qarışdı. Bəli, şəhidlik mərtəbəsinə ucaldı. Əlbəttə, bir peyğəmbər nəvəsinə şəhidlik məqamı yaraşır! O, Allah uğrunda canını fəda etdi. Bir peyğəmbər nəvəsi olduğunu isbatladı. Əhli-beyt olduğunu insanlara sübut etdi. O, bir din fədaisi kimi tarixə düşdü. Dinə görə canından belə keçdi. Ancaq din qaldı. Biz gəldi-gedərik, ancaq din qiyamətə qədər qalmalıdır. Allah dini göndərməyibdir ki, biz dini öz ömrümüzlə məhdudlaşdırq, əksinə biz ömrümüzü dinin əbədiliyinə həsr etməliyik. Bunun üçün dinə görə can deyilən məfhumdan əlçəkmə iradəsinə malik olmalıyıq.

          Haqq uğrunda can vermək çox çətindir. Haqq uğrunda canından  keçmək igidlərin, ərənlərin, mərdlərin işidir. Haqq uğrunda vuruşmaq qəlbində insanlıq ləyaqətinin, bəşəri-əxlaqi keyfiyyətlərini özündə cəm edən insanlara məxsusdur.

          İmam Hüseyn (ə.s) yola çıxarkən ölümünü gözə almışdı. Bir peyğəmbər nəvəsini, əlbəttə, ölümlə qorxutmaq olmaz. Onsuz da ölümə doğru gedirdi. Lakin bu ölüm ilə O, şəhadət şərbətini içəcəkdi. Bu ölümə getməklə insanların qəlbində yer edəcəkdi. İnsanları safələtdən oyandırıb həqiqətə aparacaqdı. Dinin əldən getməsinə imkan verməyəcəkdi.

          İmam Hüseynin şəhid edilməsi bütün müsəlmanları hüznə qərq etdi. Bu acı xəbərə ürəklər sızladı. "Lakin hər halda Hz. Hüseynin qatillərinin ürəyi Kərbəla Faciəsini eşidən müsəlman könüllərin bu acıya dözə bilməyəcəyini dərk etmirdi"[1].

          Kərbəla şəhəri... Bütün zülmlərin, ahların, göz yaşlarının toplandığı məkan... Kərbəlanı bədii formada Nəcib Fazıl Kısakürek görün necə vəsf edir: "Bura üstündən quş deyil, xəyalın belə uça bilmədiyi, uçarsa boğulacağı, yaşıl rəngə ədəbiyyən həsrət, sapsarı bir ölüm zəmini..."[2]

          İki ordu üz-üzə gəlir. Biri həddən artıq çox, biri həddən artıq az. Biri igidlik, fədakarlıq, iman, cihad və haqq uğrunda hər şeydən keçməyə can-dillə hazır olan cənnət gənclərinin seyyidi Peyğəmbərimizin (s.ə.s) sevimli nəvəsi İmam Hüseyn (ə.s) tərəfdarları kiçik bir qrup, digəri də hər cür əmrə tabe, dünya və mənfəət sevgisi qəlblərinə hakim olan, ürəklərində vicdan səsi susmuş, vicdandakı insanlıq hissi ölmüş, duyğuları kinlə örtülmüş, mərhəmət duyğusundan məhrum, haqq günəşinin hər bir şuasını qanlı qılıncları ilə söndürməyə hər vəchlə razı olan, qılınclarından qan damlaları axan, qınlarından qan qoxusu gələn Yezidin tərəfdarlarından ibarət böyük bir ordu. Biri haqq tərəfdarı, biri batil tərəfdarı.

          İmam Hüseyn (ə.s) Peyğəmbər dizində böyüyən misilsiz bir şəxsiyyətdir. Peyğəmbər bulağından doyunca su içmişdir. Quranın vəhyi altında dünyaya gəlmişdir. Quranı qəlbində daşıyan, canlı Quran, canlı Sünnə, ən əsası da Peyğəmbərimizə (s.ə.s) simaca, əxlaqca çox bənzəyən bir Allah bəndəsi, iman abidəsi idi. İnanın, İmam Hüseyni (ə.s) tərifləməyə mənim gücüm çatmır. Çünki kiçiklər heç vaxt böyükləri vəsf edə bilməzlər.

          İmam Hüseynin (ə.s) şəhid edilməsini ən acılı, ağrılı, ən təsirli sözlərlə ifadə etməyə çalışmışlar. Ancaq bu bizim ürəyimizdəki yaranı sağaltmır ki, sağaltmır. Kurku Karakaşın dediyi kimi: "Hz. Muhammədin öpməyə qıymadığı boğazını kəsdilər. O gündən bəri Hüseyn zalıma boyun əyməyənin, zülmün qarşısındakı qürurlu duruşun və vicdanın adı olmuşdur".


      [1] Hüseyin Algül, "Kərbəla, Qanayan Yara Ürək Sızladan Faciə", səh. 129

      [2] N. F. Kısakürek, "Tarih Boyunca Büyük Mazlumlar", səh. 103

       

      • Hits: 1802 clicks

      Tecox component by www.teglo.info