Rüfət ŞİRİNOV / "KAŞ CAHİL OLARDIM" -DEMƏDƏN

    PDF faylını alÇapE-poçt

      Share

           XXI əsr elm və texnologiya əsri kimi qəbul edilir. Yəni bu əsrin əsas inkişaf amilləri elm və texnolgiya üzərinə qurulub. Bu dövr elə sürətli hərəkət edir ki, onunla ayaqlaşa bilməyən, elmi ilə texnoloji tərəqqisi ilə ondan geri qalan şəxs və cəmiyyətlər geri qalmış, inkişaf etməmiş və əzilməyə məhkum kimi qəbul edilir. Əlbəttə ki, həyatın hər sahəsində öz sözünü söyləmiş İslam dini əsrlər öncə elmə, alimə və əslə müvafiq (kitab və sünnəyə uyğun) tərəqqini dəstəkləmiş və təşviq etmişdir. Bu barədə həm Qurani-Kərimdə, həm də Peyğəmbərimizin (s.ə.s) hikmət dolu sözlərində çoxlu kəlam və tövsiyələr yer almaqdadır. 

      Bu yazımızda elmə və tərəqqiyə axirət gözü ilə baxmaq qərarına gəldik. Bu dünyada bizi xoşbəxt edən elm və tərəqqi bizi o biri dünyada da xoşbəxt etməli bizim əlimizdən tutmalıdır. Bilik günü münasibəti ilə bir daha  həm müəllim həmkarlarımıza, həm də tələbə dostlarımıza işin həqiqətini çatdırmaq istərdim.

            Ümumiyyətlə həm dini, həm də dünyəvi nöqteyi-nəzərdən əyani faydası olmayan elmin faydası yoxdur. Yəni dünyəvi nəzərlə əgər bir elm adamı elmi ilə ixtiralar etmirsə, elmi ilə cəmiyyətə fayda verə bilmirsə sözün əsl mənasında adam yetişdirə bilmirsə faydasız elm və faydasız alim sayılır. Bildikləri sadəcə beynində müəyyən yer zəbt edir, başqa bir işə yaramır. Bu cür alimlər tozlanaraq rəfdə qalan ayaqlı kitab kimidirlər.

           Dini nöqteyi-nəzərdən də həm özünə, həm də cəmiyyətə faydası toxunmayan alimlər kitab yüklü uzunqulaqlar kimi qəbul edilmişlər. Əgər alimin bigisi onun hal və hərəkətlərində dəyişiklik yaratmayıbsa, əyani şəkildə onun həyatında dəyişiklik etməyibsə, öyrəndikləri ona yükdür, onun üçün cəhənnəm vəsiləsidir. Necə ki, ağızda çeynənib mədəyə girməyən qidanın insana faydası olmadığı kimi, yaşantı tərzinə dönüşməyən elmin də insana faydası yoxdur. Xeyli qərbli şərqşünaslar var ki, Quranı, hədisləri mükəmməl bilir, ancaq İslamı qəbul etməyiblər. Bu cür insanlar üçün elmin heç bir faydası yoxdur, əksinə zərəri var. Belə insanları disketlərə, CDlərə bənzətmək olar. Kompüterimizdə hər cür bilgi və məlumat yer ala bilər. Verdiyimiz hər suala cavab verə bilər, ancaq tətbiqatı olamadığı üçün kompüterin özünə heç bir faydası yoxdur. Hikmət əhli bir alimin din təhsili görən tələbəyə söylədiyi bu sözlər çox mənalıdır: “Sizin tədris etdiyiniz bu elmi Müsəlman olmayanlar da tədris edir. Sizin onlardan fərqiniz bildiyniz ilə əməl etməyiniz olmalıdır.” Əlbəttə, burada elmə dəyər verməmək mənası çıxmır, sadəcə olaraq bildiyini əməllərlə manidar qılmaq lazımdır. Deməli, həm dünyəvi baxımdan, həm də dini baxımdan faydalı və rəğbət edilən elm həm sahibinə, həm də ətrafına faydası toxunan elmdir.

               Bütün elmlərin nəhayəti Allaha çatdırır. Bu mənada dünyəvi elmləri də bütün incəlikləri ilə tədris edərək Allaha “qovuşmaq” mümkündür. Sahibinə fayda təmin edən elm məhz budur.

               Zəmanəmizin xəstəliklərindən biri də növündən və keyfiyyətindən asılı olmayaraq övladını ali məktəbə yazdırmaq və tələbə olması ilə fəxr etməkdir. Əlbəttə ki, hər bir valideynin haqqıdır ki, övladı ilə fəxr etsin, ancaq bir çoxları üçün övladının nə oxuduğu və necə oxuduğu maraqlı deyil. Onlar çün maraqlı olan “filankəsin uşağı oxuyur, mənimki niyə oxumasın” məntiqidir. Çünki əksər insanlar bu texnologiya və elm əsrində digər insanlar üçün yaşamağa başlayıb. Hər kəs özünün elmli və müasir olduğunu göstərməyə çalışır. Nəticədə zehni və könlü boş ali təhsilli insanlar qalır cəmiyyətə. Bu da potensial təhlükədir.

           Dinimiz, ən xeyirli insanın digər insanlar üçün faydalı olanın olduğunu söyləyir. Uca Allah hər bir müsəlmanın elm öyrənməsini və digər insanlara da öyrətməsini əmr edir. Allah üçün oxumağı, elmdə Allahı görməyi tövsiyə edir. Şanlı Peyğəmbərimiz məqsədində bu olmayan elmin fayda verməyəcəyini, hətta sahibinin cənnətin qoxusunu ala bilməyəcəyi barəsində xəbərdarlıq edir. Müsəlman gənc elm öyrənərək bütün müsəlmanlara və bütün dünyaya nümunə olmağı özü üçün hədəf etməlidir.

           Axirətini düşünən hər bir müsəlman üçün, hər bir müsəlman gənc üçün Peyğəmbərimizin bu hədisi meyar olmalıdır. Lazımı şəkildə düşünərək bundan dərs almalıyıq:

      Qiyamət günü hesaba ilk çəkilmək üçün şəhid, alim və zəngin biri gətirilir:

      Allah şəhidə verdiyi nemətləri xatırladır, o da bu nemətləri xatırlayır. Allah ona bunun müqabilində nə etdiyini soruşar. O da:

      Səhid olana qədərə sənin yolunda savaşdım”,- deyər. Allah:

      “Xeyr, sən cəngavər, qəhrəman desinlər deyə savaşdın”,- deyər və o üzü üstə cəhənnəmə atılar.

      Eyni şəkildə elm təhsil etmiş və Quran tədris etmiş biri gətirilir. O da:

       “Sənin rizan üçün elm təhsil etdim, öyrətdim və Quran oxudum”,- deyincə ona da:

       “Xeyr, yalan danışırsan. Sən alim desinlər deyə elm öyrəndin və nə gözəl tilavəti var desinlər deyə Quran oxudun”,- deyilir və üzüstə o da cəhənnəmə atılır.

      Sonra Allahın hər cür nemətini verdiyi zəngin biri gətirilir, ona da eyni şəkildə suallar soruşulur. O da:

       “Verilməsini istədiyin yerə verdim əsirgəmədim, sənin rizanı qazanmaq üçün xərclədim”,- deyər. Allah da ona:

                “Xeyr, yalan danışırsan. Sən var-dövlətini nə qədər comərd insandır desinlər deyə xərclədin”,- deyir və üzü üstə o da cəhənnəmə atılır. (Müslim, İmarə 152)

           Bu xəbərdarlığa hər bir müsəlman qulaq asmalı və heç bir peşmançılığın fayda vermədiyi gündə peşman olmamaq üçün, dərin dünya yuxusundan oyanmalı və Allahın ona verdiyi nemətləri lehinə istifadə etməlidir.

           Hər bir tələbəyə peyğəmbərlərin varisi biri olmağı təmənna edirəm...

            “Alimlər peyğəmbərlərin varisləridir.” (Tirmizi, Əbu Davud)

      • Hits: 959 clicks

      Tecox component by www.teglo.info