Səfa MURADOV / BİR HƏDİS

    PDF faylını alÇapE-poçt

      Share

           عَنْ أَبِي هُرَيْرَةَ، قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ سَلَكَ طَرِيقًا يَلْتَمِسُ فِيهِ عِلْمًا سَهَّلَ اللَّهُ لَهُ طَرِيقًا إِلَى الجَنَّةِ»

            Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Kim elm öyrənmək üçün bir yolçuluğa çıxarsa, Allah onun cənnətə gedən yolunu asanlaşdırar” (Tirmizi, Elm, 2).

           Elm öyrənmək və bu yolda məsafələr qət etmək hər bir şəxsin arzuladığı, fəqət insanlar arasında məhdud sayda kimsələrə bəxş olunan Allahın bir lütfüdür. Elm yolçuluğu hər nə qədər zahiri etibari ilə rahat və məşəqqətsiz bir yol kimi görünmüş olsa da, əslində işin mahiyyətini anlayan hər kəs bu yolçuluğun heç də rahatlıqlar yolçuluğu olmadığını fərqinə varır. Bu yolçuluq insandan əzm, iradə, səbir və təmkin istəyən bir yolçuluqdur. Bu yolun yolçusu olan kəs zirvələrə doğru yüksəlməyə can atan bir dağ yolçusudur əslində. Zirvələri qət etmək nə qədər çətindirsə, bu yolçuluq da ən az o qədər məşəqqətlidir. “Zirvələrin yolu vadilərdən başlayır, təbii ki, səbirli olanlar üçün” sözü bu həqiqəti ən gözəl şəkildə xülasə edən bir sözdür.

           Elm tələbəsinin niyyəti öyrəndiklərinə müsbət ya da mənfi mənada təsir göstərən ən önəmli amildir. Öyrəndiyi elmi sadəcə müəyyən maraqlara, maddi çıxarlara, mənfəətə yönləndirən bir elm tələbəsinin Allah rizasını qazanacağından bəhs etməyə belə dəyməz. Allahın rizasını qazanan elm tələbəsi bu yola səmimi duyğularla -Allahın rizasını və mükafatını qazanacağam deyib- yola çıxan tələbədir. “Əməllər niyyətlərə görədir” (Buxari, Bədül-vəhy,1) hədisi-şərifi bu xüsusu nə gözəl ifadə edir.

           Elm ucsuz-bucaqsız elə bir ümmandır ki, bu ümmana baş vuran hər kəs ondan sadəcə müəyyən pay əldə edə bilər. Bir insanın elmin bütününü əldə etməsi imkansız bir şeydir. Çünki “alim” olan, yəni hər şeyi bilən tək varlıq sadəcə Allahdır. Elm tələbəsi Allahın elmindən -dənizdən bir qətrə misalı- müəyyən qədərinə və müəyyən yerə qədər nail ola bilir. Əsas hədəf bu ümmandan Allahın rizası istiqamətində bəhrələnmək olmalıdır. Əks təqdirdə öyrənilən elm insanın üzərinə çökən elə bir yük olar ki, altında hər an batacağı qaçınılmaz olar. Elə bu səbəblədir ki, Rəsulullah (s.ə.s) bir duasında belə buyurur: “Allahım! Mənə öyrətdiklərini mənim üçün faydalı et və mənə faydalı olan elmləri öyrət. Allahım! Elmimi artır ” (Tirmizi, Dəəvat, 129). Rəsulullahın (s.ə.s) bu duası hər bir elm yolçusunun tez-tez təkrarladığı və dualarının bir hissəsi olması lazım olan bir duadır. Allahım! Bizləri elm bağçasının gözəlliklərindən nəsibini almış və ətrafa gözəlliklər saçan bəndələrdən olmağı nəsib et. Amin!

       

      • Hits: 734 clicks

      Tecox component by www.teglo.info