Home Arxiv 2013 № 82 Sentyabr Aqil ƏLİYEV / FƏZİLƏTLİ ƏMƏLLƏR


    Aqil ƏLİYEV / FƏZİLƏTLİ ƏMƏLLƏR

    PDF faylını alÇapE-poçt

      Share

      Bu dünya axirətdəki haqq-hesaba hazırlıq üçün imtahan məkanı olduğuna görə, biz də hesab gününə hazırlaşmalı, böyük-kiçik fərqi qoymadan hər cür faydalı əməlləri axtarmalı və buna əməl etməyə çalışmalıyıq. Mizan tərəzisi qurulanda ən kiçik faydalı əmələ belə ehtiyacımızın olacağını unutmamalıyıq. Zərrə qədər savab və ya günah olsa belə, heç bir şey gözdən qaçmayacaqdır. Uca Allah buyurur:

       “O gün günahkarlar orada (yazılmış) olanları  görüb qorxduqları üçün belə deyəcəklər: “Vay bizim halımıza! Bu necə bir kitab imiş! O, bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!” (əl-Kəhf, 49).

      Günümüzün insanları harada bir dünya mənfəəti və qazancı görsə, ona necə həvəs və hərisliklə meyl edirlərsə, bunun əksinə, ilk dövrün müsəlmanları da axirətlərinə xeyri və faydası toxunacaq əməlləri axtarır və bu əməlləri işləyərək axirət sərmayəsini toplamağa can atırdılar. Rəsulullahın (s.ə.s) əshabələrindən olan Muaz ibni Cəbəl (r.a) də belə əshabələrdən biri idi. Bizə bu barədə Rəsulullahla (s.ə.s) arasında keçən dialoqu belə rəvayət edir:

      Bir səfərdə Rəsulullahla (s.ə.s) bir yerdə idik. Bir yerdə yeriyirdik. Bunu fürsət bilib ona yaxınlaşdım. Dedim:

      -Ey Allahın Rəsulu, məni cəhənnəmdən uzaqlaşdırıb cənnətə girməyimə səbəb olacaq bir əməl söylə.

      Dedi:

      - Çox mühüm bir şey soruşdun. Bu iş Allahın asanlıq verdiyi kimsədən başqasına asan deyildir. Allaha ibadət edər, Ona heç bir şeyi şərik qoşmazsan, namaz qılarsan, zəkat verərsən, Ramazan orucunu tutar, Beytullahı da həcc edərsən,- Bunun ardınca buyurdu: -Sənə xeyir qapılarını göstərimmi?”

      Mən də: -Bəli, Ey Allahın Rəsulu- dedim. Belə buyurdu:

      -Oruc (cəhənnəmə) pərdədir, sədəqə xətaları yox edər, suyun odu yox etdiyi kimi möminin gecə vaxtı qıldığı namaz salehlərin şüarıdır”- dedi və bu ayəni oxudu: “Onlar ibadət etmək üçün gecə vaxtı yataqlarından qalxar, Rəblərinin əzabından qorxar və rəhmətini ümid edərək Ona dua edərlər. Özlərinə verdiyimiz ruzidən də Allah yolunda infaq edərlər” (Səcdə, 16). Sonra soruşdu:

      -Bu dinin başını, dirəyini və zirvəsini sənə xəbər verimmi?

      -Bəli, Ey Allahın Rəsulu” dedim.

      -Elə isə qulaq as,- dedi və buyurdu- Bu dinin başı islamdır, dirəyi namazdır, sirvəsi isə cihaddır. Sənə bütün bunları özündə toplayan əsas şeyi xəbər verimmi?

      -Bəli, Ey Allahın Rəsulu,-  dedim.

      -Buna sahib çıx,- dedi və əli ilə dilini göstərdi. Mən təkrar soruşdum:

      -Ey Allahın Rəsulu, biz danışdıqlarımızdan məsuliyyət daşıyırıqmı?

      Belə buyurdu:

      -Anasız qalasan, ey Muaz! İnsanları üzü üstə və ya burunları üstə atəşə yuvarlayan dilləri ilə qazandıqlarından başqa bir şeydirmi?” (Tirmizi, İman, 8).

      Bəli, sadəcə bu hədis bir möminə Allahın razılığını qazandıracaq və qəzəbindən də əmin olacağı əməlləri göstərməsi baxımından kifayətdir.

      Başqa bir hədisdə isə belə buyurulur: “Cənnətdə bəzi otaqlar vardır ki, içindən çölü, çöldən də içi görünür”. Bunu eşidən bir bədəvi (çöldə yaşayan ərəb) ayağa qalxıb: “Bu otaqlar kimlərə aiddir, ey Allahın Rəsulu?”- deyə soruşdu. Rəsulullah (s.ə.s): “Şirin dilli olan, yemək yedirən, oruc tutmağa devam edən, bir də gecə hər kəs yuxuda ikən qalxıb (təhəccüd) namazı qılanlara aiddir”,-deyə buyurdu (Tirmizi, Birr, 53). Allah-Təala bizləri də belə insanlardan etsin! Amin!

      Fəzilətli əməllərdən biri də insanlar və digər məxluqlar üçün faydalı bir iş görməkdir. Rəsulullah (s.ə.s) bu haqda belə buyurmuşdur: “Hər hansı bir müsəlman bir ağac əkər və ya bir toxum səpərsə, bunların məhsulundan bir insan, bir heyvan və ya hər hansı bir quş yeyərsə, bu o müsəlman üçün sədəqə yerinə keçər” (Buxari, Ədəb, 27).

      Biz də, inşallah, belə faydalı və fəzilətli əməlləri axtarmalı və yerinə-yetirməyə səy göstərməliyik. Çünki Uca Rəbbimiz buyurur: “İnsana ancaq çalışıb (öz əlləri ilə) qazandığı vardır” (ən-Nəcm, 39).

      • Hits: 798 clicks

      Tecox component by www.teglo.info