Dilarə MANAFOVA / XƏCALƏT

    PDF faylını alÇapE-poçt

      Share

           Bayaqdan bəri pəncərənin önündə gəzişir, özünə heç cür rahatlıq tapa bilmirdi. Gah pəncərədən yağan payız leysanını seyr edir, gah da damasanın üstünə qoyduğu saralmış şəklə sancılıb qalırdı baxışları. Əliylə sanki şəklin üstünü silirmiş kimi barmaqlarını ehmalca şəklin üstündə gəzdirdi. Xəyal onu bu gün olub keçənlərin, XƏCALƏT dənizinin burulğanında  yelləyirdi...

           Ağır bir avtomabil qəzası keçirmiş, ölümlə bir addımlıqla pəncələşirdi. Çoxlu qan itirdiyindən ona təcili qan lazım idi. Amma qan tapılmırdı. Qan qrupu - olduğundan uyğun gələn tapılmırdı ki, tapılmırdı. Bütün xəstəxana heyəti, həkimlər, tibb bacıları bir-bir palatalara girir, xəstələrin yanına gələn qohumlarına dil tökür, əgər qan qrupu uyğun gələn varsa, kömək etmələrini xahiş edirdilər. Amma bütün ümidlər boşa çıxırdı. Radio ilə elan verilməsindən də dəqiqələr ötür, bir xəbər çıxmırdı. Həkimlər ümidsiz baxışlarla bir-birinə baxıb "Gözümüz görə-görə onu itirir, amma bir şey edə bilmirik"- deyirdilər. Lap son dəqiqələrdə hamının ümidsizlik içərisində dəqiqələri saydığı anda möcüzə baş verdi. Bir nəfər radio ilə  elanı eşitmiş, təcili özünü xəstəxanaya yetirirərək könüllü  qan vermək istəmişdi. Onu ölümün pəncəsindən qoparan, təmənnasız qan verən insanlığın bu təmənnasız sahibini ölüm döşəyindən qalxan kimi  kim olduğu ilə maraqlanmış, yalnız soyadını və telefonunu güclə alabilən tibb bacısından öyrənmiş, xəstəxanadan çıxdığı ilk gündən onu axtarmağa başlamışdı...

           İndi nəhayət ki, axtarıb tapa bildiyi bu xeyirxah insanın görüşünə gedirdi. Minnətdalığın və təşəkkürün sonsuzluğunda və  aciz qaldığı cümlələri bayaqdan bəri qəlbində dolandırır və yenə də bu cümlələrin, təşəkkürlərin azlığına utanırdı. Sağ cibində "Pejo" markalı maşının açarı əlini cibinə salan kimi yadına düşür, beynində hey düşünürdü... Görəsən qəbul edəcəkmi?! Öz qanını tanımadığı bir insanı ölümdən qurtarmaq üçün təmənnasız verən insan belə bir hədiyyəni qəbul edərmi görəsən?! Bəlkə azdır?!

           Rəhbərlik etdiyi şirkətdən bəllidir ki, imkanlı adamdır. Görəsən  xasiyyəti necədir, kobud, təkəbbürlü?! Yox! Ola bilməz! Tibb bacısı deyirdi ki, çox nəcib  adamdı. Hətta kimliyini bildirmək istəmirmiş. "Nəyinizə gərəkdir soyadım, mən Allah rizası üçün verirəm qanımı",- desə də tibb bacısı dilə tutub iş yerini, ünvanını öyrənmişdi. Fikirlər, düşüncələr burulğanının əsiri olmuş, dəqiqələrin tez ötməsini istəyirdi.

           -Buyurun içəri...

           Onu katibə qızın səsi xəyaldan ayırdı. Qalstukunu düzəldib içəri keçdi. İçəri girən kimi sanki, onu ildırım vurdu. Katibə qız onları tək qoyub otağı bayaqdan tərk etmişdi. Amma o, hələ də donmuş, heykəl kimi yerindən tərpənə bilmirdi. 

           Aman Allah! O hələ də dəyişməmiş, sadəcə saçlarına dən düşmüşdü. Nə üzünün məsumluğu, nə də sadə görkəmi ona heç cür iş adamına oxşar nişanələr vermirdi. Eynən otuz il əvvəlki kimi mehriban, sadə gülümsəməsiylə ən doğma, ən yaxın dostunu görüb sevinən insan kimi doğma və isti addımlarla qollarını açıb ona sarı gəldi. "Xoş gördük səni, xoş gəlmisən"- deyib qarşısındakını bağrına basan bu insana bütün bədənini basan və alnından muncuq-muncuq gilələnib üzünə-gözünə tökülən xəcalət tərinin islatdığı bumbuz dodaqlarla bircə bunu güclə deyə bildi: “Azər...bu sən...sən?”

           Dili tutlub lal olmuşdu sanki. Elə  bil ölüydü, boş və quru qəfəs... Bəli, özü idi ki, var. Bu, onun sinif yoldaşı və otuz ilin ən acı xatirəsi... AZƏR.

           Düz on il incidib hər addımda sındırmağa çalışdığı, bir fürsət tapan kimi böhtan atıb müəllimlərə danlatdırdığı, paxıllığından sinif yoldaşlarını da yoldan çıxarıb daima kasıb görkəminə, geyiminə gülüşdükləri, hətta buraxılış gecəsində də ağ köynəyini arxadan ləkələyib ləzzətlə məsxərəyə qoyduğu, sakit baxışlı, tərbiyəli, dərslərə çalışqanlığı və davamiyyəti ilə nümunəvi olan, amma ona paxıllığından qəlbində baş qaldıran bu kinim günbəgün çoxalan, onu ölümdən qurtarmasıyla özünə edilənlərin cavabı olaraq verdiyi "XƏCALƏT"- AZƏR idi. Bütün elədiyi bu yaramaz hərəkətlərinə səbirlə duruş gətirən, bircə dəfə də olsa onunla savaşmayan, yalnız sakitcə "Allah Böyükdür",- deyib səssizcə gedən imanlı sinif yoldaşı- Azər! Yalnız Allahın böyüklüyünə sığınan və pisliklərə səbir edən Azər!

           Əlini mehribanlıqla kürəyinə vurub onu sakitləşdirməyə çalışan bu böyük qəlbin sahibi -yaxşılığı ilə özünə qarşı törədilən pislikləri dəfn edən Azər!

           Yalnız indi, bu anda Azərdən də pulunun çox, vəzifəsinin böyüklüyünə baxmayaraq mənəvi kiçikliyi ilə pisliklərinin içində onu da dəfn edən Azər!

           Çətinliklə "məni bağışla" deyib onun qarşısında son dərəcə kiçik olduğu yalnız indi etiraf edə bildi... Güclə də olsa. İçindəki şeytan onu illərlə qürurla bəslədiyindən bu etirafı da özünə həzm etdirmək çətin idi. Ancaq o, yenə eynən otuz il bundan əvvəlki kimi təmkinini pozmadan ...“Allah  Böyükdür!” Bağışlamaq yalnız Allaha məxssusdur, İnşallah, hər birimizin günahlarını bağışlayar- deyib gülümsədi və qonağına oturmağa yer göstərərək: "Əyləş" dedi.

           Əlbəttə ki, o gün oturmadı. Döşəməni deşib otuz qat yerə girdi. Yaşamadı, otuz dəfə ölüb-dirildi. Xəcalət çəkdi, xəcalət. Həyatının ən böyük və ən ağır xəcalətini!

      • Hits: 797 clicks

      Tecox component by www.teglo.info