Home Arxiv 2013 № 82 Sentyabr Alpay ƏHMƏD. Tarix elmləri üzrə fəlsəfə elmləri doktoru / MÜSƏLMAN TOLERANTLIĞININ HƏDLƏRİ


    Alpay ƏHMƏD. Tarix elmləri üzrə fəlsəfə elmləri doktoru / MÜSƏLMAN TOLERANTLIĞININ HƏDLƏRİ

    PDF faylını alÇapE-poçt

      Share

            İş elə gətirib son illərdə nəinki İslam, eləcə də xristian dünyasında daha çox insanların dini inancları təhqir, lağ, ikrah və ironiya obyektinə çevrilir. Etiraf edək ki, Qərb bu cür hücumlara o dərəcədə tolerantlıq göstərib ki, hətta demək olar, onlar mövcud durumla bir növ barışası olublar.

             Bu gün katolik, pravoslav kilsəsinin etirazlarına baxmayaraq istər Amerika, istərsə də Avropada İsa peyğəmbər xristianlığın ehkamlarına zidd olaraq tanınmış müsabiqələrdə yer tutan məşhur rejissorların filmlərində əsas obraz olur.Bu dinin simvolları rəsm, foto əsərlərin, ədəbi mətnlərin ironik qəhrəmanına çevrilir və buna postmodernizm adı verilir. Sonucda heç bir xristian təşkilatı, nə də Vatikan kilsəsi rejissor, rəssam və yazıçıların nəinki öldürülməsi haqqında fərman verir, çox vaxt heç onların cinayət məsuliyyətinə cəlb edilməsi haqqında məhkəməyə belə müraciət də etmirlər. Yazı müəllifi də, yeri gəlmişkən, ateistlər, eləcə də liberal demokratlar bu sual ilə tez-tez rastlaşır: Siz heç görmüsüz ki, atesitlər yığışıb anti-atesit düşüncülərə görə dindarın hansısa formada cəzalandırılması, linç edilməsi haqqında qərar versinlər.

      Bu baxımdan istər-istəməz müsəlman cəmiyyətlərində dindarların tolerantlığının həddləri məsələsi öz aktuallığını daima saxlamaqdadır. Deyək ki, dinin və ənənələrin cəmiyyətdə hakim olduğu Səudiyyə Ərəbistanı kimi ölkələrdə bu məsələ xüsusi aktuallıq kəsb etmir, çünki o ölkələrdə dinə qarşı çıxış edənləri cəzalandıran sərt qanunlar qəbul edildiyindən, İslama, onun simvollarına qarşı çıxış edənlərin sayı da az qala sıfır dərəcəsindədir. Bir sözlə problemin özü demək olar mövcud deyil.

      Bəs digər, Qərbə inteqrasiya yolu tutmuş müsəlman ölkələrdə dindar kəsim onlara qarşı yönələn hücumlara qarşı mütləq tolerantlıq prinsiplərindən çıxış etməlidirlərmi? Yoxsa tolerantlığın hansısa həddləri olmalıdır?

      Öncə onu qeyd edək ki, yuxarıda qeyd edildiyi kimi, müsəlmanları demokratlardan fərqli olaraq qeyri-tolerantlıqda günahlandıranlar bir şeyi unudur ki, xristian cəmiyyətlərindən fərqli olaraq müsəlman toplumları kifayət qədər konservativdir. İkincisi, nominal olaraq xristianların əksəriyyətini dindar olmaları, hətta bəzən özlərini xristian saymaları bir yana, dinə bağlılıqları belə aşağı səviyyəddədir. Tolerantlığı müdafiə edənlər heç cürə müsəlmanların onların sakral, müqəddəs bildikləri dəyərlərə qarşı təhqirlərə sərt reaksiya vermələrini həzm edə bilmir.

            Uzağa getməyək. Bir müddət öncə ölkəmizin tanınmış şairlərindən biri müqəddəs Ramazan ayının başlanması ərəfəsində lağlağı ruhunda bir məqalə yazmışdı. Yazı ilə bağlı müəllif KİV-lərə verdiyi intervülərdə ona zəng edilib ölümlə hədələndiyini bildirdi. Bir müddət sosial şəbəkələrdə məsələnin geniş müzakirəsi də getdi. Bu müzakirələrdə bəndəniz də iştirak etmiş, dostluq siyahısında olan debatçıları bu problemə daha geniş rakursdan baxmağı tövsiyyə etmişdi.

            Məqalə, qeyd etdiyim kimi, təhqir yox, gizli ikrah elementləri olan lağlağı, həcv tonunda yazılmışdı. Yeri gəlmişkən, müzakirələrdə dini müdafiə edən həmvətənlərin də bəzən qeyri-tolerantlığına rast gəlmək olurdu. Məsələn, biri yazırdı ki, Quranda yazılanlara əfsanə demək müsəlmanları təhqir etmək deməkdir. Halbuki bu, təhqirə qətiyyən daxil olmayan atesitlərin irəli sürdüyü adi bir tezisdir. Fikrimin qayəsi odur ki, müsəlmanlar bütün hallarda əsəbiləşib, - dediyim məqamda o müsəlman da hissə qapılmışdı, ya da elementar məntiq bilgisindən məhrum idi, - dini müdafiə etmək naminə əsassız fikirlər söyləməkdən çəkilməlidi: boş yerə “yüz dəfə ölç, bir dəfə biç” deməyiblər.

            Elə söz azadlığını müdafiə edən həmvətənlərimiz də sosial müzakirələrdə məhz onu vurğulayırdı ki, müəllif müsəlmanları təhqir etməyib, sadəcə Ramazan bayramı ilə bağlı hansısa məişət məqamlarına ironik yanaşma göstərib. Bax, burda məntiqi olaraq sual yaranır ki, dinə qarşı təhqir yox, bu cür xoşagəlməz yanaşma ilə üzləşəndə müsəlmanın tolerantlıq həddi nə qədər olmalıdır.

            Bəlkə də çoxları mənimlə razılaşmayacaq, amma hesab edirəm ki, bəzən bu cür hallarda maksimal tolerantlıq göstərsək, daha münasib olar. Mən təklif edirəm ki, bundan sonra bu tipli yazılar yazılanda bir müddət onlara ümumiyyətlə reaksiya verilməsin, - yəni bu, özlüyündə bir etiraz forması olsun, susmaqla etiraz forması. Elə qeyd olunsun ki, biz müsəlmanlar demokratik protest forması olan susmaqla məsələyə etirazımızı bildiririk. Demirəm ki, bu, yüz faizlik müsbət effekt doğuracaq, amma ən azından, cəmiyyətə bir mesaj olacaq: yəni yeri gələndə müsəlmanlar da demokratik vasitələrdən istifadə edib öz sözlərini bu formada cəmiyyətə çatdıra bilir.

            Sözsüz ki, bəhs etdiyim etiraz forması İslama təhqir yox, lağlağı edənlərə qarşı sadəcə bir təklif kimi irəli sürülür. Təhqirə qarşı isə müsəlmanın sərt, yeri gələndə adekvat təhqirlə cavab vermək hüququ var. Təbii ki, burada adekvat deyərkən hansısa dinin müqəddəsatına təhqiri nəzərdə tutmuram. Bu isə ayrı söhbətin mövzusudur.   

      • Hits: 636 clicks

      Tecox component by www.teglo.info