Nizami MƏMMƏDOV / GÖZƏL ALMA ÇÜRÜK ALMADAN BETƏR

    PDF faylını alÇapE-poçt

      Share

      Ucqar kəndlərin birində məşhur bir bağban var idi. Həmin bu bağban öz alma bağı ilə hər yerdə tanınmışdı. Hər kəs demək olar ki, onun bu alma bağından danışırdı. Günlərin birində bu bağbanın xarici ölkədən bir dostu gəlir. Bu dost bağbana xaricdə olan yeniliklərdən danışır və bağban dostuna təklif edir ki, ona xaricdən gətirmiş olduğu yeni alma ağaclarından birini versin. O alma ağacının özəlliyi o idi ki, bu ağac həm həddən artıq məhsuldar, həm də zahiri baxımdan çürüməyən, gözəl görünüşlü, lakin çürük alma  qədər belə faydası olmayan ağac növü idi. 

      Beləliklə, bağban bu alma ağacını gətirib alma bağının ən gözəl yerində əkir. Ancaq bağbanın bağına yeni bir alma ağacını əkməsindən çox ciddi narahat olanlar var idi. Bu, alma ağacları idi.

      Ümumiyyətlə, bağban bağında bir yenilik etdiyində bağın münasib bir yerində edərdi. Sonra müşahidə edər, bu yeniliyin bağındakı alma ağaclarına zərər verib-vermədiyini və bağındakı almaların narahat olmadığından əmin olduqdan sonra bağın yaxşı bir yerinə gətirər və öz bağındakı almalarla tanış edərdi. 

      İl dolanır, aylar keçir, fəsillər bir-birini əvəz edir. Nəhayət, yeni əkilmiş alma ağaclarının çiçəklənmə vaxtı gəlib çatır. Bütün alma ağacları yeni əkilmiş alma ağacının çiçəyinin tozundan narahat olurlar. Onların hətta bir neçəsi bu tozlanmada məhv olur.

      Beləliklə, yeni ağac istisna, bütün ağaclar zəif və az bar verirlər. Bağban bağa gəldiyində öz heyrətini gizlədə bilmir. Ona görə ki, bu yeni əkmiş olduğu ağac həddən artıq yaraşıqlı, bol məhsullu, möhtəşəm bir gözəlliyə sahib idi. Bu hal bağbanın gözünü elə qamaşdırır ki, o, öz bağının almalarının fəryadını eşitməz olur.

      Bu gözəllikdən ovsunlanmış bağban bu minvalla bir neçə ili yola salır. Günlərin birində bağban dəhşətli mənzərə ilə qarşılaşır. Elə bir dəhşət ki, yatsa yuxusuna girməzdi. Bütün almalarının məhv olduğunu görür.

      Bağban almalardan soruşur:

      - Sizi kim bu hala saldı?

      Almalar cavab verir:

      - Yeni gətirdiyin alma növü. O elə qəribədir ki, kökümüzdəki bütün vitaminləri özünə

      çəkir. Bağban dizinə vursa da artıq iş-işdən keçmişdi...

      Yuxarıda qeyd etdiyimiz alma hekayəsini ona görə misal verdik ki, cəmiyyətmizdə bu gün buna bənzər müəyyən proseslər gedir. Hansı ki, zamanla problem olaraq öz əksini doğurur. İnsanların Qərb ölkələrinə marağı çoxalır və əksəriyyət Qərb mədəniyyətini mənimsəyir, nəticədə ailələrdə xoşagəlməz problemlər yaşanır. Öncə cazibədar görünsə də özümüzdən uzaqlaşmağımızın zaman keçdikcə əzabını çəkirik.  Sözsüz ki, bu problemlərin səbəbibini biz özümüzdə axtarmalıyıq. Əsasən, bu cür məsələlərdə valdeynlər ehtiyatlı olmalıdır. Çünki bağbanın başına gələnlər onların da başına gələ bilər. Hal-hazırda cəmiyyətimizdə elə valideynlər var ki, artıq bu cür problemlərlə üz-üzədirlər və bu problemlərdən çıxış yolu axtarırlar.

      Hekayəmiz bu sonluqla bitir: Təbii ki, bağban ondan sonra nə qədər zəhmət çəksə də, əvvəlki alma ağaclarını geri qaytara bilmədi.

      • Hits: 792 clicks

      Tecox component by www.teglo.info