155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    İbrahim EROL/ ALLAHI XATIRLADAN ADAM BİŞRİ XAFİ

    PDF faylını alÇapE-poçt

      Share

      Adı Bişr bin Haris Abdurrahman, künyəsi Əbu Nəsrdir. Ayaqyalın gəzdiyinə görə “Xafi” ləqəbiylə tanınmışdır. Bişri-Xafi kimi məşhurlaşmışdır. 767-ci ildə (h. 150) Xorasanın Mərv şəhərində dünyaya gəlmişdir. 841-ci ildə (h. 227) Bağdadda vəfat etmişdir. Qəbri oradadır və ziyarət olunur.

      Adlı-sanlı bir ailəyə mənsub olan Bişr Xafi Mərvin idarəçilərindən birinin oğludur. Bu səbəblə uşaqlığı və gəncliyinin bir hissəsi bolluq, rifah içində keçdi. Gəncliyində oyun və əyləncəyə daldı. Dünyanın cazibəsinə qapıldığı və nəfsin, şeytanın, pis yoldaşların təlqinlərinə qapılaraq oyun və əyləncə aləminə daldığı gənclik illərində, bir gün qapısı döyüldü. Xidmətçisi qapıya çıxaraq gələn adamdan kimi axtardığını soruşdu. Qapıdakı adam: “Bu evin sahibi azaddır, yoxsa qul?”,- deyə soruşdu. Xidmətçi “Azaddır”,- cavabını verdi. Həmin adam: “Bəllidir!.. Əgər qul olsaydı, qulluğun ədəbinə riayət edər oyun və əyləncə ilə məşğul olmazdı”,- deyərək çıxıb getdi. Xidmətçi içəri girib baş verənləri Bişri Xafiyə danışdı. Bişri Xafi ayaqyalın həmin adamın arxasınca qaçdı. Ona çataraq söylədiklərini təkrar etdirdi. Onun sözlərindən təsirləndi, etdiyi əməllərə görə peşman olub tövbə etdi. Bir müddət sözündə durub oyun və əyləncə məclislərinə getməsə də, pis yoldaşlarının təsiriylə yenidən əvvəlki həyatına qayıtdı. Atasından qalan sərvətini yeyib dağıtmaq üçün yoldaşları onun yaxasını heç cür buraxmırdılar.

      Bir gün əyləncə məclisindən sonra sərxoş və əldən düşmüş halda evinə qayıdarkən yolda üzərinə “Bismillah” yazılmış bir kağız tapdı. Onun ayaqlar altında qalmasına qəlbi dözmədi və əyilib yerdən götürdü. Öpüb, palçığını silərək, təmizlədikdən sonra, gözəl ətirlərlə ətirləyib, evinin divarından asdı. O gecə alim və övliya bir şəxsə yuxuda belə deyildi: “Get Bişrə söylə, adımı təmizlədiyin kimi səni təmizləyərəm. Adımı uca tutduğun kimi, səni ucaldaram. Adımı gözəl ətirlə ətirlədiyin kimi, səni gözəlləşdirərəm. İzzətimə and içərəm ki, sənin adını dünyada və axirətdə təmiz və gözəl edərəm!”. Bu yuxu üç dəfə təkrar görüldü. O şəxs səhər Bişri Xafini axtarıb meyxanada tapdı. Mühüm xəbəri olduğunu deyib yanına çağırdı. Bişr gəldikdə: “Kimdən xəbər verəcəksən?”,- dedi. “Sənə Allah-Təaladan xəbər verəcəyəm”,- cavabını aldıqda ağlamağa başladı. “Mənə qəzəb edib, şiddətli əzab verəcək?”,- dedi. Yuxuya qulaq asdıqdan sonra yoldaşlarına: “Ey yoldaşlarım! Məni çağırdılar, bundan sonra bir daha məni buralarda görə bilməyəcəksiniz”,- dedi. O şəxsin yanında dərhal tövbə etdi. Bu zaman ayağında ayaqqabı olmadığı üçün heç vaxt ayaqqabı geyinmədi. Səbəbini soruşanlara “Allah-Təalaya tövbə etdiyim, günah işləməməyə söz verdiyim zaman ayaqyalın idim. O zaman geymədiyim ayaqqabını indi geyməyə həya edirəm. Allah-Təala Bəqərə surəsinin iyirmi ikinci ayəsində “Biz yer üzünü sizin üçün təfriş etdik, döşədik”,- buyurur. Padşahların məfruşatı (yerə döşədikləri) üzərində ayaqqabı ilə gəzmək ədəbə uyğun deyil. Ayağım ilə yer arasında bir vasitə olduğu halda onun sərdiyinin üzərində gəzməyi caiz görmürəm”,- deyərdi. O vaxtdan sonra ayaqqabı geymədiyi üçün ona ayaqyalın mənasında “Xafi” ləqəbi verildi.

      Allaha tövbə etdikdən və əvvəlki yaşayışını tərk etdikdən sonra bir müddət məmləkəti olan Mərvdə elm təhsiliylə məşğul oldu. Elm yolunda səyahətlərə çıxdı. Məkkə, Kufə, Bəsrə, Şam və Livan tərəflərinə getdi. Getdiyi yerlərdəki alimlərin və vəlilərin elm məclislərində və söhbətlərində oldu. Buna görə Səyyah sufilərdən sayılır. Nəhayət, Bağdada gələrək burada məskunlaşdı. Hənbəli məzhəbinin qurucusu Əhməd bin Hənbəl, Bişri Xafini çox sevər, həmişə yanına gedərdi. Tələbələri: “Siz alimsiniz. Hədisdə, fiqhdə, ictihadda və bütün elmlərdə misliniz yoxdur. Niyə Bişri Xafi kimi birini tez-tez ziyarət edirsiniz?”,- dedikləri zaman: “Bəli, dediyiniz elmləri ondan yaxşı bilirəm. Lakin o, qəlb elmlərini məndən yaxşı bilir”,- deyərdi.

      Allah-Təalanın əmrlərinə və Hz. Peyğəmbərin sünnəsinə həssaslıqla tabe olan, haram və şübhəlilərdən şiddətlə uzaq duran Bişri Xafi həzrətləri bir gecə yuxusunda Peyğəmbər (s.əs.)-i gördü. Allahın Rəsulu ondan: “Allah-Təalanın səni nə üçün üstün qıldığını bilirsənmi?”,- deyə soruşdu. O: “Xeyr, bilmirəm, ya Rəsulallah!”,- cavabını verdi. Həzrət Peyğəmbər belə buyurdu: “Sünnəmə tabe olmağın, salehlərə xidmət etməyin, din qardaşlarına nəsihət verməyin, əhli-beytimi və əshabımı sevməyin səbəbilə bu dərəcəyə nail oldun!”,- buyurdu.

      • Hits: 1184 clicks

      Tecox component by www.teglo.info