Osman Nuri TOPBAŞ/ HAQQ DOSTLARINDAN HİKMƏTLƏR İMAM RƏBBANİ (q.s) -3-

    PDF faylını alÇapE-poçt

      Share

                   İmam Rəbbani həzrətləri buyurur:

      “Oturuşunuzda və duruşunuzda, bir sözlə, bütün davranışlarımızda Allah-Təalanın rizasını qazanmağı hədəfləməliyik… İçimiz də, çölümüz də Haqq-Təala ilə birlikdə olmalıdır.

      Məsələn tamamən qəflət halı sayılan yuxuya gedərkən sabahkı ibadətlərimizi daha gözəl və mükəmməl edə bilmək üçün istirahət etmək niyyətində olmalıyıq

      . Bu məqsədlə yatdıqda yuxu da başdan-sona ibadət olar. Necə ki, “alimlərin yuxusunun ibadət olduğu”[1] rəvayət edilmişdir”.[2]

      [Rəbbinə ibadət etmək üçün yaradılmış insan oğlu son nəfəsinə qədər bu həqiqətin şüur və idrakı içində yaşamağa cəhd etməlidir. Əsil mömin həyatının hər anında Allah rizasının arayışında olmalıdır. Həmçinin kamil bir mömin bu arayış içində işlədiyi heç bir xeyri kifayət görməz, daim xeyirxah işlərə can atar.

      Haqqa qulluq sadəcə namaz, oruc, zəkat və həcc kimi müəyyən zamanlarda ifa edilərək tamamlanan ibadətlərdən ibarət deyil. Haqqa qulluq bu ibadətlərlə yanaşı gözəl əxlaq və müamilələr kimi möminlərin hər anını əhatə edən, ömürlük bir həyat nizamıdır. Haqq-Təalanın ibadətlər xaricində də rizasına uyğun gələn bütün feillərə əcr vəd etməsi, qəzəbini cəlb edən bütün feilləri yasaqlaması da bundan irəli gəlir.

      Bu etibarla mömin ibadətlər xaricində qalan bütün bəşəri davranışlarını da Haqqa itaət kimi ülvi bir qayəyə bağlayaraq, onlar vasitəsilə də Haqqın rizasını qazanmağa çalışmalıdır. Bu həqiqət səbəbilə:

      İmam Rəbbani həzrətləri belə buyurur:

      “Ləzzətli qidalar və gözəl libaslar xüsusunda nəfsin həzzini ön planda tutmamalıyıq. Bunun yerinə yemək-içmək məsələsində ibadətlərə güc-qüvvət qazanmaq niyyəti daşımalıyıq. Gözəl patlarlar geyinəndə də: “Hər dəfə məxcidə gedərkən gözəl libaslarınızı geyinin!” (əl-Əraf, 31) ayəsindəki ilahi əmrə itaət etmə niyyətini daşımalı, insanlara göstəriş etmək kimi məqsədimiz olmamalıdır...”[3]

      [Gördüyümüz kimi, mömin gündəlik həyatına aid ehtiyaclarını belə Haqq-Təalanın razı qalacağı xalis niyyətlə yerinə yetirdiyi təqdirdə o davranışlarını da ibadət mahiyyətinə çevirmiş olar.

      Uca dinimiz İslam möminləri nəfsaniyyət və masivadan uzaqlaşdırıb Rəbbani bir istiqamətə yönləndirə bilmək üçün maddi və zahiri hadisələri belə mənəvi bir qayəyə bağlayaraq ona ülvi məna qazandırmışdır. İnsanın yalnız ibadət və əxlaqa dair ülvi feillərini deyil, bədəni ehtiyaclardan irəli gələn davranışlarını da mənalandırmışdır.

      Məsələn, yeyib-içmək bədəni bir ehtiyacdır. Lakin İslam bu bədəni ehtiyacı da ideallaşdıraraq onu ibadətlərə qüvvət olmaq niyyəti ilə savab vasitəsinə çevirir. Həmçinin bu çərçivədə yeməyə bismillahla, yəni Allahın adını anaraq başlamağı, yeyilən hər bir tikədə Allahın nemət və lütflərinin böyüklüyünü təfəkkür etməyi, bütün bunların müqabilində Ona həmd, şükür və zikr halımızı qoruyub saxlamağı təlqin edir. Yəni yeyilən qidanın vücuda təmin edəcəyi maddi faydadan daha çox onu feyz və ruhaniyyətlə təchiz edərək bir növ ibadət hökmünə girməsini təmin edər.

      Uca dinimiz İslam bu misalda olduğu kimi bəşəri həyatın bütün zəruri işlərini ülvi bir qayəyə bağlayaraq möminlərə hər an Haqqın rizasına nail ola bilmə fürsətləri vermişdir.

      Bu fürsətləri dəyərləndirə biləcək dərəcədə könül ayıqlığına sahib olan arif möminlərin yeyib-içmələri, oturub-durmaları, hətta yatmaları belə -niyyətlərindəki ixlasın bərəkətilə- ibadət hökmünə keçər. Fəqət bunun əksinə, bu kimi ilahi ehsanlardan qafil qalanların ibadətləri belə riya və göstəriş kimi nəfsani niyyətlərə qarışdığı üçün Haqq-Təalanın qəzəbini cəlb edər.

      Deməli, həyatın hər anını ibadət vəcdilə əhya edə bilmək üçün könüllərimizi bu xüsusda mənəvi bir tərbiyədən keçirməmiz lazımdır. Bu sayədə gözəl bir “niyyət şüuru” qazanmalıyıq.

      Hədisi-şərifdə buyurulduğu kimi:

      “Möminin niyyəti (məqsəd və ixlası) əməlindən xeyirlidir”. (Süyuti, Camius-Sağir, II, 194)

      Üstəlik həyatını daim ibadət halına gətirə bilmək üçün ixlasla çalışan qullarına Allah-Təala çox müstəsna lütflər edər. Məsələn, bir insan adi vaxtlarda davamlı olaraq ifa etdiyi nafilə ibadəti xəstəlik, səfər, ağır yorğunluq, yaşlılıq kimi üzrlər səbəbindən bəzən yerinə yetirməyə bilər. Bu zaman Allah o insanın niyyətindəki səmimiyyət səbəbilə ona ibadətini etmiş kimi savab lütf edər.

      Müfəssirlər də:

      “Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları saysız-hesabsız, davamlı mükafat gözləyir.” (ət-Tin, 6) ayeyi-kəriməsi haqqında “İnsan bədəni cəhətdən əməl işləməyə əlverişsiz olduqda belə onun əcri niyyətindəki səmimiyyət və sağlam vaxtlarında göstərdiyi səylər nisbətində sonsuza qədər davam edər”,- demişlər. Bu səbəblə əldə fürsət varkən qərarlı olaraq ibadət və saleh əməllərə davam etməliyik.

      Bizə ən böyük nümunəvi şəxsiyyət olaraq lütf edilən Həzrət Peyğəmbər r-in ibadətləri həyatının hər sahəsini ahəngli şəkildə əhatə etmişdi. Onun mübarək həyatına baxdığımız zaman sanki ömrünün sonuna kimi bütün anlarını ibadətlə keçirmiş olduğunu zənn edərik.

      Halbuki Rəsulullah r ibadət həyatını ən ali səviyyədə davam etdirməklə yanaşı dünyəvi xidmətlərini də axsatmadan, hətta ən mükəmməl şəkildə yerinə yetirmişdir. Həqiqətən O, həm gecə-gündüz ibadətlərinə həssaslıqla davam etmiş, Allahın göndərdiyi dini çox böyük çətinliklərə sinə gərərək insanlara təbliğ etmiş, vəhyin izaha möhtac olan tərəflərini söz və əməlləri ilə şərh etmiş, həm də ailəsiylə maraqlanmış, kasıbların dərdinə şərik olmuş, matəmlərin yanında olmuş, hədsiz dərəcədə gülcü və sağlam bir dövlətin təməllərini atmış, krallara elçilər göndərib onları İslama dəvət etmiş, elçilər qəbul edib onlara qonaqpərvərlik etmiş, ordular göndərmiş, Allahın dinini təbliğ zamanı qarşısına çıxan maneələri aradan qaldırmaq üçün fədakarlıqla mücadilə emtişdir.

      Yəni heç bir dünya işi onu ibadətlərindən kənarlaşdıra bilməmişdir. Əksinə, Rəsulullah r dünyəvi fəaliyyətlərini də Allahın rizasına uyğun şəkildə ifa etdiyi üçün hər anını ibadət vəcdiylə əhya etmişdir. O, heç kimsənin altından qalxa bilməyəcəyi qədər ağır olan günlük vəzifələrini nöqsansız yerinə yetirməklə yanaşı, məbədlərə qapanıb özünü ibadətə vermiş insanlardan daha mükəmməl şəkildə Allaha qulluq etmişdir.]

      İmam Rəbbani həzrətləri buyurur:

      “Bir vaxt fərz namazı camaatla əda etmək (camaatdan uzaq qalaraq qılınan və fərz olmayan) bir çox çilə doldurmakdan daha fəzilətlidir. Bununla yanaşı şəri əsaslara riayətlə edilən zikr və təfəkkürlər də çox fəzilətli və əhəmiyyətlidir.”[4]

      [İslam fərdiyyətçiliyi və mən mərkəzli yaşamağı qadağan edir, ictimailəşməyi və qayğıkeşliyi təlqin edir. İctimai tərbiyənin ilk təzahürü isə camaatla qılınan namazla başlayır. Burada möminlərin birlik və bərabərlik duyğuları cücərir, inkişaf edir və möhkəmlənir.

      Rəsulullah r belə buyurmuşdur:

      “...Camaat halında olmağınızı və ayrılığa düşərək dağılmaqdan şiddətlə uzaq durmanızı istəyirəm. Çünki şeytan təkbaşına yaşayan kəslərlə bərabərdir. İki nəfər də olsa, cəm halında yaşayanlardan isə uzaqdır. Cənnətin mərkəzində olmaq istəyən kəs camaata davam etsin...” (Tirmizi, Fitən, 7/2165)

      “…Bir adamın başqa biri ilə qıldığı namazı təkbaşına qıldığı namazdan daha bərəkətli və savabı daha artıqdır. İki nəfərlə qıldığı namazı da bir nəfərlə qıldığı namazından daha bərəkətli və fəzilətlidir. Birlikdə qılanların sayı nə qədər çox olarsa, Allah-Təalanın bir o qədər çox xoşuna gələr”. (Əbu Davud, Salət, 47/554; Nəsai, İmamət, 45)

      Gözləri görməyən səhabə Abdullah ibn Ümmü Məktum t:

      “– Ya Rəsulallah, Mədinənin zəhərli həşəratları və yırtıcı heyvanları çoxdur. (Bu heyvanların mənə zərər verməsindən qorxuram, cmaata gəlməyib evdə namaz qılmağıma icazə varmı?)”,- deyə soruşdu.

      Rəsulullah r:

      “– “Hayyə aləs-saləh və hayyə aləl-fəlah”ı eşidirsənmi? Elə isə dayanma, məscidə gəl!”,- buyurdu. (Əbu Davud, Salət, 46/553)

      Göründüyü kimi ümmətinə qarşı hədsiz dərəcədə şəfqətli və mərhəmətli olan Həzrət Peyğəmbər r gözləri görməyən bir səhabəsinə bu təlimatı vermişdir. Elə isə keçərli bir üzrün olmadığı vəziyyətlərdə camaatla namazda iştirak etməməyin necə dəhşətli bir qəflət və zərər olduğunu ciddi-ciddi düşünmək lazımdır…

      Şəfa binti Abdullah c belə demişdir:

      Ömər bin Xəttab t bir Ramazan günü bizə gəlmişdi. Ailə üzvlərindən iki nəfərin yatdığını gördükdə:

      “– Bu adamların nə dərdi var ki, mənimlə birlikdə camaat namazında iştirak etmədilər?”,- dedi. Mən:

      “– Ey Möminlərin Əmiri! Axşam hamı ilə birlikdə namaz qıldılar, səhərə qədər buna davam etdilər. Daha sonra sübh namazını qılıb yatdılar”,- dedim.

      Həzrət Ömər bu cavabı verdi:

      “Sübh namazını camaatla birlikdə qılmaq mənim üçün səhərə qədər namaz qılmaqdan daha sevimlidir”.[5]

      Mömin üçün hər zaman edilməsi vacib olan qulluq vəzifələri var. Kamil bir möminə yaraşan odur ki, bunların ən mühüm olanına öncəlik verib, digərlərinin ifasına da gücü çatdığı nisbətdə səy göstərsin.

      Şübhəsiz ki, Haqqa qulluq vəzifələrimizin ən başında “fərz”lər gəlir. İfa edilməli olan bir fərzin olduğu vaxtda ondan başqa əməllərlə məşğul olmaq –nafilə ibadət, xeyriyyəçilik və ya xalqa xidmət kimi fəzilətli əməllər də olsa- səhv hərəkətdir.

      Möminin ibadət həyatında hər şeydən əvvəl fərzlərin əda edilməsi gəlir. Nafilə ibadətlərin qiymət və fəziləti yalnız fərzlərə əlavə olaraq əda edilmələrinə bağlıdır. Necə ki, bir qüdsi hədisdə Həzrət Peyğəmbər r Allah-Təalanın belə buyurduğunu bildirir:

      “…Qulum ona fərz qıldığım əməllərdən daha sevimli hər hansı bir əməllə Mənə yaxınlaşa bilməz. Qulum mənə (fərzlərlə yanaşı ifa etdiyi) nafilə ibadətlərlə dayanmadan yaxınlaşar. Nəhayət, Mən onu sevərəm. Qulumu sevdikdən sonra da onun (sanki) eşidən qulağı, görən gözü, tutan əli, yeriyən ayağı, anlayan qəlbi və danışan dili olaram. Məndən nə istəyərsə, mütləq verərəm. Mənə sığınarsa, onu qoruyaram…” (Bax. Buxari, Riqaq, 38; Əhməd, VI, 256; Heysəmi, II, 248)

      Bəli, Allah-Təala nizamlı şəkildə əda edilən fərzlərlə yanaşı nafilələrlə də durmadan Ona yaxınlaşmağımızı və nəticədə sevdiyi bir bəndəsi olmağımızı arzu edir. Haqqa qulluqda bu müstəsna zirvəyə yüksələ bilmək üçünsə fərzlərdən daha sevimli heç bir əməl olmadığını bildirir. Yəni digər əməllərin də məqbul olması üçün fərzlərin zəruri şərt olduğunu bəyan edir.]

      İmam Rəbbani həzrətləri buyurur:

      “Bunu yaxşı bilin ki, qəlb Allahın qonşusudur. Onun müqəddəs zatına qəlbdən daha yaxın heç bir varlıq yoxdur. Elə isə istər mömin olsun, istərsə asi, qəlbə əziyyət etməkdən uzaq olun! Çünki qonşu asi olsa da himayə edilər. Amandır, bundan uzaq olun! Çünki küfrdən sonra qəlbə əziyyət etmək qədər Allah-Təalanın inciməsinə səbəb olan başqa bir günah yoxdur. Zira qəlb Haqq-Təalaya yaxınlaşa bilən varlıqların ən yaxınıdır.”[6]

      [Allah-Təala ayeyi-kərimələrdə qullarına şah damarından daha yaxın olduğunu,[7] insanla qəlbi arasına girdiyini bəyan edir.[8] Bu səbəblə nəzərgahi-ilahi olan qəlbə çox diqqət etməliyik.

      Şah Nəqşbənd həzrətləri bu qəbildən:

      “…Elə birqəlb yoxdur ki, Haqq-Təala oraya nəzər salmasın. O qəlbin sahibi istər bu­nu bilsin, istər bilməsin!..”[9] buyurmuşdur.

      Beləliklə həm qəlbləri əhya etməyin o qəlbdəki ilahi nəzərdən feyz almağa səbəb olacağına, həm də bir qəlbi incitməyin nə qədər ağır günah olduğuna diqqət çəkmişdir.

      Haqq dostlarının ən böyük cəhd və himmətləri də ilahi həqiqətlərdən uzaq düşmüş xəstə və qafil qəlbləri İslam və imanın nuruyla əbədi şəfaya qovuşdurmaq, möminlərin hüznlü və qəmli könüllərini də şəfqət və mərhəmətlə əhya etməkdən ibarətdir.]

      İmam Rəbbani həzrətləri buyurur:

      “Ramazan ayının qədri o qədər ucadır ki, sonu yoxdur. Bu ayda olan birlik və bərabərlik il uzunu davam edəcək birlik və bərabərliyə vəsilədir. Həmçinin bu aydakı ayrılıq il uzunu davam edəcək ayrılığa səbəbdir.

      Nə xoşbəxtdir o kəs ki, Ramazan ayı ondan razı qalaraq ayrılar. Ramazan ayının küskün ayrıldığı kəsin də vay halına. Beləliklə bərəkətlərə nail olmasına mane olar, xeyirlərdən də məhrum qalar.”[10]

      [Ramazani-Şərif zamanlar içində bahar fəslidir, yəni bütün ilin mənəvi baharıdır. Zira o, Quranın nazil olmasıyla müstəsna bir qiymət qazanmış, özündə min aydan daha xeyirli Qədr gecəsi olan, əfv və məğfirət qapılarının sonuna qədər açıldığı mənəvi bərəkətlərlə dolu olan bir zamandır.

      Ruhlara rahatlıq verən bu aydakı “birlik və bərabərlik”, yəni Allahla qəlbi birlik bütün ilə əks olunan müstəsna mənəvi qazancdır. Bunun üçündür ki, Ramazandakı ibadətlərimizin qəbul olmasının dəlili Ramazandan sonrakı hal və istiqamətimizdir.

      Bu mübarək ayda könlqnq Allaha, bədənini ibadətə verərək oruc, təravih, Qurani-Kərim, zikr, istiğfar, fitrə, zəkat, şəfqət və mərhəmət dolu xidmət və fədakarlıqlarla vaxtlarını gözəl keçirənlər bütün bir il ərzində bunun bərəkətinə nail olarlar.

      Lakin bu mübarək zamana laqeyd qalaraq ilahi rəhmətdən uzaqlaşanlar eyni zamanda bütün il ərzində bu ayrılıq və səhlənkarlığın zərərinə düçar olarlar.

      Bu qəbildən Həzrət Peyğəmbər r belə buyurmuşdur:

      “Cəbrayıl u gözümə göründü və: “Ramazana qovuşduğu halda günahları bağışlanmayan kəs rəhmətdən uzaq olsun!”,- dedi. Mən də “Amin!”,- dedim…” (Hakim, IV, 170/7256; Tirmizi, Dəavat, 100/3545)

      Başqa bir hədisi-şərifdə də belə buyurulur:

      “…Ramazanı idrak etdiyi halda bağışlana bilməyən kəsin vay halına. İnsan Ramazanda da bağışlana bilmədikdən sonra daha nə zaman bağışlanacaq?!” (İbn Əbi Şeybə, əl-Müsənnəf, II, 270; Heysəmi, Məcma, III, 143)

      Buna görə də arif möminlərin nəzərində Ramazani-Şərifin əhyası son dərəcə mühümdür. Necə ki, Mualla bin Fəzl belə demişdir:

      “Sələfi-salehin (keçmişdəki saleh şəxslər) altı ay Allaha dua edərdilər ki, onları Ramazana çatdırsın. Geri qalan altı ayda da qovuşduaları Ramazanı qəbul etməsi üçün dua edərdilər” (Qıvamus-Sünnə, ət-Tərğib vət-Tərhib, II, 354)

      Digər tərəfdən Ramazani-Şərif tutulan oruclarla insana aclıq və acizliyi daddıraraq möhtacların halından daha yaxşı anlamağı təmin edən mənəvi bir təhsildir. Necə ki, Haqq-Təala iffətlərindən ötrü istəməkdən həya edən möhtacların halını anlayıb imkanımız nisbətində onlara kömək etməyimiz üçün ayeyi-kərimədə: …Sən onları simalarından tanıyarsan...” (əl-Bəqərə, 273) buyurmaqdadır. Yəni şəfqət, mərhəmət, comərdlik və fədakarlıq duyğularında könüllərimizin bu yüksək səviyyəyə çatmasını istəməkdədir.

      Məhz Ramazani-Şərif, ətrafımızdakı yoxsul, kimsəsiz və biçarələrin bizə əmanət olduğunu təlqin edən bir mərifət məktəbidir.

      Xüsusilə Ramazan ayında qəriblərə və kasıblara qarşı məsuliyət­lərimizə dair vicdanımızı hüsaba çəkməyimiz üçün aşağıdakı qissə necə də ibrətlidir:

      Sultan III Mustafa bir Ramazan ayında Şeyxülislam Mehmed Əmin Əfəndinin evinə iftara gedir. Söhbət əsnasında:

      “- Əfəndi, arada sizə gəlmək istəyirəm, amma eviniz çox uzaqdır”,- deyir.

      Mehmed Əmin Əfəndi də:

      “- Sayənizdə yaxınlıqda bir ev tədarük etmək mümkündür, lakin ətrafda gördüyünüz bu xanaların heç birində mətbəx yoxdur”,- cavabını verir.

      Bu söz padşaha qəribə gəlir:

      “- Əcəba, bu evlərdə yemək bişirmırlərmi?”,- deyə soruşduqda Şeyxülislam Əfəndi:

      “- Səhər və axşam hamısının yeməkləri bizim fəqirxanadan gedir. Onun üçün buradan ayrılmaq istəmirəm”,- cavabını verir.

      Ramazani-Şərif belə bir rəqiq qəlb və qayğıkeş ruhla idrak edildiyi təqdirdə qulun Allah qatındakı ən gözəl şahidlərindən biri olacaq.

      Bu baxımdan, Ramazanı layiqincə canlandırıb onu özümüzdən razı edərək yola sala bilmək və onda qazandığımız mənəvi qiymətləri itirmədən gələcək ilin Ramazanına çata bilmək, bu səbəbdən həyatımızı daimi bir Ramazan ruhaniyyəti içində yaşaya bilmək böyük bir səadətdir. Həqiqi bayram da əslində bu səadətin bir təzahürüdür. Yəni:

      Həqiqi bayram, Ramazandan ilahi əfv şəhadətnaməsini alaraq çıxa bilən kəslərədir.

      Bayram Haqqa təqdim edilən xalis qulluğun təbrikidir.

      Bayram irfan məktəbi olan Ramazani-Şərifin son dərsidir.

      Bayram dost-yanış və qohumları, xəstələri, qəribləri, kimsəsizləri, məzlumları ziyarət edib hal-xətir soruşmaq, könül almaq, matəmlərin ətrafında dolaşmaq, möminlərin dərdləriylə dərdlənmək, nəhayət, din qardaşlığını cəmiyyət çapında yaşamaq mövsümüdür.

      Bayram yanıq könüllərə cənnət təravəti verən ilahi bir ziyafətdir.

      Bayram fərdi ibadətlərə əlavə olaraq ediləcək infaq, fədakarlıq və xidmətlərlə yaşanacaq ictimai ibadət günləridir. əyyən bir təbəqənin yaşadığı, israf çılğınlıqları ilə dolu tətil və əyləncə kimi eqoist zövq-səfa günləri deyil.

      Bayram küsülülükləri ortadan qaldırmaq və din qardaşlarıyla ülfət etmə günləridir.]

      Allah-Təala yer üzündəki bütün məzlum din qardaşlarımızın iztirablarını daha dərindən duya bilməyi, könüllərimizi onları qucaqlayan bir rəhmət dərgahı halına gətirə bilməyi və həm maddi yardımlarımızla, həm də dualarımızla onların yaralarına məlhəm olmağı, bizə qismət etsin. Əsrimizin biçarə və iztirablı İslam aləmini həqiqi bayram sevincinə qərq etsin...

      Bu Ramazani-Şərifi günahlarımızdan təmizlənmiş olaraq tərtəmiz yola sala bilməyi və gələcək ilin Ramazanına eyni könül feyzi ilə qovuşa bilməyi hər birimizə nəsib etsin. Həyatımızı daimi bir Ramazan ruhaniyyəti ilə yaşayıb əbədi səadətə açılan bir bayram səhərinin sevinci içində son nəfəsimizi verə bilməyimizi lütf eyləsin.

      Amin!..


      [1] Bax. Deyləmi, əl-Firdövs, 6731.

      [2] İmam Rəbbani, Məktubat, III, 224, 17, Yasin Yayınevi, İstanbul 2007-2010.

      [3] İmam Rəbbani, Məktibat, I, 298, 70.

      [4] İmam Rəbbani, Məktubat, II, 105, № 260.

      [5] Əbdürrəzzaq, əl-Musannəf, Beyrut 1970, I, 526; Muvatta, Salətul-Cəmaa, 7.

      [6] İmam Rəbbani, Məktubat, III, 326, no: 45.

      [7] Kāf, 16.

      [8] el-Enfâl, 24.

      [9] Salâhaddîn bin Mübârek el-Buhârî, Enîsü’t-Tâlibîn, s. 100.

      [10] İmâm-ı Rabbânî, Mektûbât, c. I, sf. 24, 4. Mektup, Çile Yayınevi, İstanbul, 1977.

       

      • Hits: 1036 clicks

      Tecox component by www.teglo.info