Salih Zeki MERİÇ/ ƏN GÖZƏL İSİMLƏRLƏ SƏNƏ DUA EDİRİK, YA RƏBB!

    PDF faylını alÇapE-poçt

      Share

      “Əsmaul-Hüsna” Uca Rəbbimizin Allah, Rəhman, Rəhim, Ğafur, Rəzzaq, Qüddüs, Səlam… kimi bir-birindən gözəl adlarıdır. Əsmaul-Hüsna ifadəsi birbaşa Qurana aiddir və dörd yerdə zikr olunur. Bu mövzudakı ayələrdən birinin məalı belədir: “Ən gözəl adlar Allahındır.

       Elə isə Ona bu adlarla dua edin”. (əl-Əraf, 180) Allah Rəsulu (s.ə.s) də bir hədisi-şərifində: “Allahın doxsan doqquz adı var. Kim bunları sayarsa, cənnətə girər”,- buyurur. Mövzu ilə əlaqəli Peyğəmbərimizdən bizə gəlib çatan ən səhih rəvayətlərdən biri də belədir. Ən gözəl duaların necə ediləcəyini bizə öyrədən Rəsulullah (s.ə.s) belə buyurur: “Uca Allah öyülməyi və mədh edilməyi çox sevər. Buna görə də özünü Quranda bir çox gözəl sifətlərlə mədh etmişdir. Uca Allah tövbəni qəbul etməkdən çox xoşnud olur. Buna görə də müjdələyici və xəbərdaredici rəsullar göndərmişdir”.

      Bəndə istəyər, Allah da onun bu istəyinə qarşılıq verər. Bəndə acizliyini, peşmançılığını ifadə etməli, Rəbbinin böyüklüyünü onun əsması ilə dilə gətirərək üzərinə rəhmət və məğfirət yağmurlarını çəkməlidir. Allah sonsuz mərhəməti ilə bəndəsinin günahlarını əfv edər və ona vəd etdiyi mükafatları verir.

      Allaha yalvarışın, Ondan istəməyin gəlişigözəl olmaması, bir nizama tabe olması lazımdır. Dua ruh və bədən olaraq Allahın hüzuruna duraraq peşmançılıq duyğuları ilə edilməlidir. İnsan Rəbbinə yalvarışında kəlmələri həssaslıqla seçməli və Rəbbinin məğfirətinə sığınmalıdır. Rəsulullahın buyurduğu hədisi-şərifdə də bildirildiyi kimi “Uca Allah qədər öyülmək və mədh edilməyə sevinən heç bir varlıq yoxdur”. Elə isə Onun ucalığı və ən gözəl isimləri ilə imdadımıza çağırmalı, dualarımıza Onun adları ilə güc qazandırmalıyıq.

      Bəndə Rəbbinin isimlərini anaraq dua etməli; ya Ğaffar, ya Rəhman, ya Rəhim, ya Kərim, ya Rəzzaq... Dili tərpəndikcə və könlündən gəldiyi qədər Allahın isimlərini tərənnüm etməli, ardınca da istəyini ifadə etməlidir. Rəbbimiz özünə necə dua edəcəyimizi ayeyi-kərimələrdə bildirmiş və Rəsulu da misallarla bunu bizə göstərmişdir:

      De: “Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyindən alarsan. İstədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən!” (Ali-İmran, 26)

      “İstər Allah, istərsə də Rəhman deyib çağırın (dua edin). Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur.” (əl-İsra, 110)

      “Ey Rəbbim, Sənin dəvətinə tabe oluram. Xeyrin tamamı sənin əlindədir. Şərr isə sənə çatmaz. Mənim varlığım səninlədir. Varlığımın sonu da sənədir. Şübhəsiz ki, sən mədh edilməyə layiq olansan, əzəmət və ucalıq sahibisən”. (Müslim, Salətul-Müsafirin 771)

      “Allahım, Uşağa necə kəfil olurlarsa mənə elə kəfil ol. Göz açıb-yumana qədər (də olsa) məni nəfsimlə baş-başa qoyma. Üzümü sənə tutdum, sənə arxalandım, səndən sənə sığınmaqdan başqa çarə və qurtuluş yoxdur”. (Əbu Davud)

      Hər gün şam namazından sonra oxuduğumuz Həşr surəsinin son ayələrində Rəbbimizin ən gözəl adları zikr olunmaqdadır. Biz bu ayələri oxuyaraq şəni uca olan Allaha təzimimizi ifadə edirik:

      O Özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O rəhmlidir, mərhəmətlidir! (Allah dünyada bütün bəndələrinə rəhm edən Rəhman, axirətdə isə yalnız möminləri bağışlayan Rəhimdir!) O Özündən başqa heç bir tanrı (məbud) olmayan, (bütün məxluqatın) ixtiyar sahibi, müqəddəs (pak) olan, (bəndələrinə) salamatlıq, əmin-amanlıq bəxş edən, (hər şeydən) göz-qulaq olub (onu) qoruyan, yenilməz qüdrət (qüvvət) sahibi, (hamını istədiyi hər hansı bir şeyə) məcbur etməyə qadir olan, (hər şeydən) böyük (hər şeyin fövqündə) olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqlarından (şəriklərdən) ucadır. O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (əl-Həşr, 22-24)

      Quranı möminlər üçün şəfa olaraq nazil edən Rəbbimizin hər bir ismi möhtac könüllərə abi-həyatdır. Kim hansı işdə darda qalarsa, xalis niyyətlərlə və səmimi bir qəlb ilə Rəbbinin isimlərini zikr edərək Ona sığınarsa, şübhəsiz ki, Allahın xəzinələri sonsuz və çarəsizlərə çarədir.

      Allah heç vaxt bəndəsini darda qoymaz. Bəndə Ona yaxınlaşdıqca Allah mərhəmətini leysan kimi yağdırar.

      Rəbbimizin ən gözəl adları ilə Ona yönəlmək nemətə şükür olmalıdır.

      Qulluq şüuru içində o müqəddəs qapıya üz sürtərək peşmanlıq hissləri ilə Rəbbimizdən istəmək bizi Onun qatında daha da ucaldar.

      Lütf etmək Onun şənindən, dualara cavab vermək böyüklüyündəndir.

      • Hits: 999 clicks

      Tecox component by www.teglo.info