Kamran MƏMMƏDOV/ "MÜZƏMMİL" SURƏSİ

    PDF faylını alÇapE-poçt

      Share

      Müzzəmmil surəsi Məkkədə nazil olmuşdur; 10, 11 və 20-ci ayələrinin Mədinədə nazil olduğu rəvayət edilmişdir. 20 (iyirmi) ayədir. Surənin adı ilk ayəsindəki “əl-Muzzəmmil” sözündən götürülmüşdür. Bürünən və örütünən mənasına gəlir. Peyğəmbərə (s.ə.s) bu xüsusiyyətlə, yəni “Ey bürünən!” deyə xitab edilməsi ona qarşı ünsiyyət və sevgi mənası ifadə edir.

      Süheyl belə deyir: “Ərəblər həmsöhbətə nəzakətli davranmaq istədikdə onu içində olduğu vəziyyətlə əlaqədar bir adla isimləndirirlər”. Bu xitabın ikinci faydası da gecə bürünüb yatan hər kəsin, Allahı xatırlamağa və Ona ibadət üçün qalxmaq üçün diqqətini çəkməkdir. Bu sifəti daşıyan hər kəs bu ada müştərəkdir.

      Surə Hz. Peyğəmbərin həyatından bir hissəsini, yəni sırf Allaha yönəlişini, gecə ibadətini və Allahın kitabını oxuyuşunu ələ alır. Surənin əsas mövzusu Peyğəmbərimizin (s.ə.s.) həyatıdır. Vəhyin başlanğıcında, Rəsulullah (s.ə.s) titrəyərək  Hz. Xədicənin  yanına gəldi və “Məni örtün, məni örtün, Başıma bir şey gələcəyindən qorxuram”,- dedi və baş verənləri danışdı. Bunun üzərinə, “Ey, libasına bürünən və evinin bir küncündə yatan!” ayəsi  nazil oldu. (Buxari, Bədul-vəhy 3; Təfsir-i surə 74, 4,5)

      Daha sonra surə Uca Allahın Peyğəmbərə vəhyi insanlara ciddi olaraq təbliğ etməsi və gecəni ibadətlə əhya etmək surətiylə buna ruhi hazırlıq görməsi üçün vəhyin ağırlığı mövzusunu ələ alır: “Həqiqətən, Biz sənə (məsuliyyəti) ağır bir kəlam (Quran) vəhy edəcəyik. Şübhəsiz ki, gecə (namaz qılmaq üçün) qalxmaq (çox çətin olsa da) daha əlverişli və (o zaman) söz demək (Quran oxumaq, dua etmək) daha münasibdir! Çünki gündüz (ya Peyğəmbər!) sənin uzun-uzadı davam edən işlərin vardır”. (5-7)

      Surə müşriklərin əziyyətlərinə qarşı Peyğəmbərə səbir etməyi və Allah intiqam alana qədər onlardan gözəl bir şəkildə uzaq durmasını əmr edir: “(Ya Peyğəmbər!) Onların (Məkkə müşriklərinin) sənə deyəcəklərinə səbir et. Onlardan gözəl tərzdə ayrıl!
      (Ayələrimizi) yalan sayan var-dövlət sahiblərini mənə tapşır və onlara bir az möhlət ver!”. (10-11)

      Bundan sonra Uca Allah müşrikləri qiyamət gününün dəhşəti ilə qorxudur. “Dərgahımızda (onlardan ötrü ağır) qandallar və (alovlu) cəhənnəm; Boğaza tıxanıb qalan yemək (zəqqum) və (yandırıb-yaxan) şiddətli əzab vardır! O gün (qiyamət qopanda) yer və dağlar lərzəyə gəlib titrəyəcək, dağlar (dağılıb) yumşaq qum təpəsinə dönəcəkdir”. (12-14)

      Bu mübarək surə Peyğəmbər (s.ə.s) və səhabələr həyatın bəzi işləri üçün vaxt tapsınlar deyə onlara bir rəhmət olaraq Uca Allahın peyğəmbər və möminlərin gecə ibadət etmə yüklərini yüngülləşdirdiyini bildirərək sona çatır: “(Ya Peyğəmbər!) Həqiqətən, Rəbbin bilir ki, sən (yatağından) qalxıb bəzən gecənin təqribən üçdə ikisini, bəzən yarısını, bəzən də üçdə birini namaz qılırsan. Səninlə birlikdə olan bir zümrə (yaxın səhabən) də belədir..."

      • Hits: 1025 clicks

      Tecox component by www.teglo.info