155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    REPORTAJ / Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini HACI SALAM MUSAYEV

    PDF faylını alÇapE-poçt

      Share

           İrfan: Ramazan ayının dinimizdəki yeri nədir?

           Hacı Salman: Ramazan ayının dinimizdəki yerinin möhtəşəmliyi ilk növbədə insanlara doğru yolu göstərən Qurani-Kərimin bu ayda nazil olmasından qaynaqlanır. Müqəddəs kitabımızda bununla bağlı müvafiq ayələr var. Qeyd edim ki, Ramazan ayı insanlara Yaradanı xatırladan, ilahi nemətlərin nə qədər dəyərli olduğunu bir daha yada salan mübarək bir aydır.

           İrfan: Ramazan orucu insan hansı hissləri yaşadır?

           Hacı Salman: Ramazan orucunu tutan şəxs dərk edir ki, insanlar arasındakı müəyyən fərqlər, kiminsə digərindən üstünlüyünə dəlalət etmir. İnsanın Allah qatında hörməti yalnız onun təqvası ilə ölçülür. Məhz bu ayda tutulan oruc insana acların yaşadığı halını yaşadaraq ondakı mərhəmət duyğularını coşdurur. Maddi və mənəvi cəhətdən aclara dayaq olma şüuru formalaşır. Eyni zamanda insanlar arasında mehriban münasibət formalaşır. İftar süfrəsində oturan hər kəs milləti və irqi fərqli olsa da bir ailə kimi ünsiyyətdə olurlar. Bir məsələni də qeyd etmək istərdim ki, bu da zəmanəmizdə yaşayan müsəlmanların bu qədər müxtəlif millətlər və əqidə sahibləri arasında öz kimliyini dərk etməsidir. Məhz müsəlman öz əqidəsi ilə orucunu tutaraq, beləliklə dini kimliyini nümayiş etdirmiş olur. Ən əhəmiyyətli nüanslardan biri də budur.

           İrfan: Ramazanın əhəmiyyətindən danışdıq. Qeyd etdiyiniz gözəl duyğuları yaşamaq və Ramazan ayından maksimum istifadə edə bilmək üçün müsəlman nələrə diqqət etməlidir?

           Hacı Salman: Ramazan orucu o demək deyil ki, sədəcə mədəni ac saxlayasan. Oruc tutmaq bütün vücudla Ramazanın gözəlliyini yaşamaqdır. Oruc tutmaq dilin pis sözlərdən, qeybətdən, söyüşdən tutulması deməkdur. Qəlbə pis fikirləri yaxın qoymamaq, qulağa pis şeylər eşitdirməməkdir. Ramazanı bütün vücudla elə yaşamalısan ki, bu, ailədə, yaxın dostlar arasında, bir sözlə, bütün cəmiyyətdə hiss olunsun. İnsan oruc sayəsində o qədər dəyişməlidir. İnsan buna nail olarsa, bax o zaman əsil oruc tutmuş olar və Ramazandan ən yüksək səviyyədə istifadə edər. Həzrət Peyğəmbər hədisi-şəriflərindən birində buyurur ki, “Ramazan orucunu hər şeyi hesablayaraq tutun...” Bu söz boş yerə deyilməmişdir. Yəni oruc tutacaqsansa, hər şeyi ətraflı götür-qoy etməlisən, ən xırda səhvlərin belə orucunu zədələməsinə imkan verməməlisən. Oruc tutduğu halda digər insanlarla münasibətlərində qəddarlıq, kin-küdurət kimi davranışlara meyil edən, ağzından söyüş kimi nalayiq sözlər çıxaran, qeybət edən, insanlar arasında söz gəzdirən adamlar sadəcə olaraq mədələrini ac saxlamış olarlar. Bu, bir növ pəhriz saxlamaqdır, oruc deyil. Hz. Peyğəmbər (s.ə.s) hədisi-şərifində Allahın onların ac qalmasına möhtac olmadığını bildirmişdir. Təəssflər olsun bu kimi neqativ hallara çox yer verilir və insanlar orucun ləzzətini dada bilmirlər. İslam alimləri Ramazan ayı ərzində Qurani-Kərimin çox oxunmasının faydalı və savablı olduğunu bildirirlər. Nə üçün bu belədir? Çünki insan Quran oxuduqca dünyaya aid həvəslərdən uzaqlaşır, fikri-zikri Quran olur, beyninə pis düşüncələr gəlmir. Fikirləri Quranla həmhal olur.    Digər bir xüsus Ramazanda səbirli olmaq məsələsidir. Bildiyimiz kimi ac adam əsəbi olur, tes hirslənir. Dinimiz oruc tutan insanın səbirli olmasını istəyir. Oruc tutanlar bu ayda səbir təlimindən keçərək nəfslərini tərbiyə etməyi öyrənməlidirlər. Ən böyük cihad da məhz nəfslə olan cihaddır. İnsan Ramazan ayını bu kimi nüanslara diqqət yetirərək yaşadığı zaman əl açıb etdiyi dualar öz qəbulunu tapar, günahları bağışlanar.

           İrfan: Müşahidə edəndə görürük ki, əgər bir ailədə ata-ana oruc tutursa, uşaqlarda da oruca meyil yaranır. Uşaqların Ramazan tərbiyəsi necə olmalıdır və ailədə Ramazan əhval-ruhiyyəsi gənclərə nə cür təsir edir?

           Hacı Salman: Hər bir ailədə böyüklər hansı xətti tutursa, uşaqlar da o xətt üzrə gedirlər. Ramazanda ən mühüm xüsuslardan biri də odur ki, bütün ailə üzvləri birlikdə obaşdanlığa qalxıb süfrə ətrafında oturur, eyni zamanda axşam birlikdə iftar edirlər. Bu çox böyük bərəkətdir, nemətdir. Bunun özü bir tərbiyədir. Böyük-kiçik arasında hörmət və mərhəmət hisslərinin formalaşması, ailə fərdləri arasında mehribançılıq toxumlarının səpilməsi üçün münbit bir zəmindir. Ailə başçıları oruc tutaraq kiçiklərə nümunə olmalıdırlar. Şükürlər olsun ki, oruc tutan ailələrin sayı hər il artır. Bu da əlbəttə ki, cəmiyyətə öz töhfələrini verəcəkdir.

           İrfan: Son illər ərzində ölkəmizdə oruc tutanların sayının artdığını müşahidə edirik. Bunu necə dəyərləndirirsiniz?

           Hacı Salman: Bilirsiniz, insan əqidəsiz və inancsız yaşaya bilməz. Biz uzun illər Sovet İttifaqının tərkibində yaşamışıq, ateist təlqini görmüşük. Dinimizi yaşamağa qoymayıblar, amma bu gün dədə-babalarımızdan bizə miras qalan dinimizi yaşamaq üçün şərait yaranıb və xalqımız öz dini-milli kimliyinə qayıdır. Ramazan ayı da elə bir aydır ki, bu ayda kütləvi olaraq oruca, ibadətə yönəliş olur. Elə bunun təbii nəticəsi olaraq da hər il oruc tutanların sayı artır. Vaxt var idi ki, məktəblərdə Ramazan ayında zorla uşaqlara su içirdirdilər ki, tutubsa orucunu pozsun. Amma bu gün hər şey əksinədir, ölkə prezidenti iftar süfrəsi açıb oruc tutanlara ziyafət verir. Sevindirici haldır.

           İrfan: Dəyərli vaxtınızı bizə ayırdığınız üçün minnətdarlığımızı bildiririk.

           Hacı Salman: Mən də sizə təşəkkür edirəm. Arzu edirəm ki, Ramazan ayında oruc tutanların sayı çox olsun. İnsanlar təkcə pəhriz saxlamaq niyyəti ilə deyil, həqiqi mənada oruc tutsunlar. Arzu edirəm ki, ailələrdə bütün fərdlər oruc tutsunlar. İftar süfrələrində böyüklü-kiçikli iştirak etsinlər. Dualarımız qəbul olsun, dualarımızda əskik olmayan Qarabağ problemimiz həll olunsun. Dövlətimiz, vətənimiz sabitqədəm olsun, üçrəngli bayrağımız hər zaman Azərbaycan səmasında dalğalansın.  

      • Hits: 1106 clicks

      Tecox component by www.teglo.info