ÖMRÜ HƏDƏR ETMƏYƏK / Zəki ŞAHİN

      Share

      Allah-Təala insanın ixtiyarında saysız-hesabsız dəyərli, son dərəcə qiymətli nemətlər qoymuşdur. Lakin insan bu nemətləri çox asanlıqla və heç bir qarşılığı olmadan hədər edir. Bəlkə də, insan bu nemətlərin qazanılmasında heç bir zəhmət çəkmədiyi üçün belə edir. Bəzən insan nəinki özündə olan nemətlərin haqqını ödəmir, üstəlik bu nemətləri özünə heç bir faydası olmayan günah işlərdə sərf edir.

      Belə dəyərli nemətlərin ən əhəmiyyətlisi ömür nemətdir ki, insan bu neməti çox vaxt dərk etmir. Onun qədrini ancaq qocalandan sonra bilir. Balıq nə qədər ki, sudadır, suyun qədrini bilmir, elə ki, sudan qırağa atıldı, onda suyun əhəmiyyətini başa düşür. Bəzən dünya sərvətləri ilə müqayisə olunmaz ömür sərmayəmizi nəfsimizin istəklərinə qurban veririk. Bəzən də bizə elə gəlir ki, nə isə bir iş görürük. Ancaq unuduruq ki, ömrü layiqli şəkildə dəyərləndirmək məşğul görünmək deyil, hədəf və məqsədləri, yaradılışa uyğun istiqamətdə yaşamaqdır. Əks halda ayədə bildirilən insanlardan olmaq şübhəsizdir: Onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər. (əl-Kəhf, 104)

      İnsan daim öz səadətini əldə etmək üçün çalışır və ona qovuşmaq üçün özünü oda - közə vurur. Başqa təbirlə desək, səadətə çatmaq, xoşbəxtlik insanın fitri istəyi olub, onun əsas hədəfi sayılır. Ona görə də bu səadətə çatmaq üçün vurnuxur, onu səadətə aparacaq yolları arayır. Hər namazda belə deyir ki: “Rəbbimiz bizə dünyada da, axirət də yaxşılıq ver.” İnsanın yaradıcısı olan uca Allah buyurur ki, əgər mənim dediklərimə qulaq asıb onlara əməl etsən, öz fitri istəyinə - dünya və axirət səadətinə qovuşacaq, əgər üz döndərsən, həmin səadətdən məhrum olacaqsan. Və bu istəyini həyata keçirmək üçün “Nəhayət, birinin ölümü gəlib çatdığı zaman o belə deyər: “Ey Rəbbim! Məni geri (dünyaya) qaytar!” (əl-Muminun, 99) deməmişdən dünya həyatında insana möhlət verir. “Dünyanın axirətin tarlası” olduğunu dərk edən insan axirətdə əliboş qalmamaq üçün bu tarlanı baxımsız qoymaz.

      Ömür insana bir dəfə verilir. Sevimli Peyğəmbərimiz: “Beş şey gəlmədən beş şeyin qiymətini bil: ixtiyarlıqdan əvvəl gəncliyinin, ölüm gəlmədən əvvəl həyatının, xəstə olmadan əvvəl sağlamlığının, məşğuliyyət gəlmədən əvvəl boş vaxtının, yoxsulluğa düşmədən əvvəl zənginliyinin qiymətini bil.” (Müslim, İmarə, 46) buyurur. Bəli, insana bəxş edilən nemətlər ona həmişəlik verilmir ki... Onu hər an itirmək olar. Buna görə də “Necə yaşayırsınızsa elə ölürsünüz, necə ölürsünüzsə elə diriləcəksiniz.” xəbərdarlığını yaddan çıxarmamaq lazımdır.  

      Bir çox insan ömrün qısalığından şikayət edir. Ömrün qısalığından şikayət edərək onu hədər edən bir çox insan dünyada heç bir faydalı iş görmədən xoş günlərin həsrəti ilə elə şikayətlənərək də köçüb gedir. Şikayətləri, narazılıqları, nankorluqları onların qısa olduğunu düşündükləri ömürlərini hədər etmələrinə səbəb olur. Bütün bunlar onları hər keçən gün Allahdan bir az da uzaqlaşdırır və daha da şiddətli bir şəkildə dünyaya bağlayır. Allahın rizasını qazanmaq düşüncəsində olmadıqları və axirətdə hesab verəcəklərini düşünmədikləri üçün Allahın dünya həyatında onlara bəxş edilən ömrü heç düşünmədən boş işlər üçün xərcləyirlər. Məsələn, heç bir iş görməyən kimsə gün ərzində pəncərəsindən baxaraq evinin qarşısından keçən insanları seyr edir, qohum-qonşularının dedi-qodusunu edir, faydası olmayan oyun-əyləncələrlə boş vaxt keçirir. Dəyərli vaxtını Allahın rizasını qazanacağı işlərə xərcləyəcəyi yerdə, özünə və ətrafındakılara fayda verməyən boş işlərə xərcləyir. Ondan soruşulsa,  “görüləcək bir işinin olmadığını, bu şəkildə vaxt keçirib məşğul olduğunu və ya belə etməkdən zövq aldığını” deyər. Ancaq əslində vicdanı və ruhu onun içərisində yaşadığı halından narahatdır. Axı dünya həyatının bütün işləri Allahın insanlar üçün yaratdığı imtahanlardır. Hadisələri bu gözlə müşahidə etməyən insanlar üçün isə vəziyyət çox fərqlidir. Bu halda belə bir şəxs üçün dünya nemətləri insanı Allahın rizasını qazanmaqdan uzaqlaşdıran, onun dünyaya olan sevgisini artıraraq boş yerə vaxt xərclədən və bunun nəticəsində də sonsuz axirət həyatını itirməyinə səbəb olan işlər halına gəlir. Bu səbəblə insan bu mövzuda çox diqqətli davranılmalıdır. Uca Allah belə buyurur: “Hər bir kəs (canlı) ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir. Oddan (Cəhənnəmdən) uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı həzzdən (əyləncədən) başqa bir şey deyildir.” (Ali-İmran, 185)

      • Hits: 1034 clicks

      Tecox component by www.teglo.info