Eldar Kərimov / Məni oxu!...

      Share

      Oxunacaq çox şey var əslində. Rəflərini dolduran kitablar və gözünlə gördüyün yazıya tökülmüş hər şey. Hardan başlayacağını bilmirsən. Amma yenə də sən ilk əvvəl məni oxu. Əlində olan bütün kitabları kənara qoyub diz çök qarşımda. Ədəb və ərkanla göz gəzdir hikmət dolu kəlmələrimə. Sadəcə oxuyub keçmə bir müddət sonra unutduğun roman kitabları kimi. Məndə olan hər kəlmənin dərinliyinə qərq ol. Mən bir bəşər övladının xəyallarının məhsulu deyil, haqqın bəşər övladına bəxş etidyi hidayət rəhbəriyəm. Mən qaranlıq yolları aydınlatdığım kimi sənin zülmətə qərq olmuş qəlbinə də nur saçan bir vasitəyəm. Vaxtını boş-boş şeylərə keçirdiyin bəsdir artıq. 

      Mənə yaxınlaşmağın cəsarətini tapmalısan özündə.  Bütün sərhədləri aşıb mənə tərəf üz tutmalısan. Bu gedişlə hara gedəcəyini unudacaqsan. Ünvansız məkanların talibinə çevriləcəksən. Hər gördüyün səni fərqli ünvanlara yönəldəcək. Hələ yolun yarısında ikən mənə sarıl bərk-bərk. Məndən uzaqlaşmağın səni bütün həqiqətlərdən və xoş anlarından uzaqlaşdıracaq. Dünyada bütün nemətlərə sahib olsan belə mənsiz onun heç bir ləzzəti olmayacaq. Bir qanadı sınmış quş kimi yarımcan yaşayacaqsan.

      Bilirəm, məni hər zaman özündən uzaq tutmağa adət etmisən. Atan-anan heç vaxt məni oxumağı sənə məsləhət bilməyib. Yolunu azacağından, bir gün terorist olacağından qorxublar. Əslində mən onları da qınamıram, çünki onlara da məni belə tanıdıblar əvvəlcədən. Bizi birlikdə görmək istəməyənlər bu yola əl atıblar. Sənin bir gün mənimlə birlikdə onların üzərində qalib olacağımızdan qorxublar. Məni oxuyanlara molla deyib lağ etmisən onlarla. Əlçatmaz olduğumu düşünərək əlini mənə çatdırmaq üçün heç bir cəhd etməmisən. Ara-sıra məni tanımaq istəsən belə ətrafındakı insanlar səni bu yoldan daşındırıb. Birdən səni əyləncələrindən və pis vərdişlərindən uzaqlaşdıraram deyə. Yas mərasimlərində oxunarkən dinləmisən məni başa düşmədiyin bir dildə. Ölülərin kitabı olaraq baxmısan mənə hər zaman. Səninçün endirildiyimin və sənə xitab etdiyimin fərqinə belə varmamısan. Məndən sənə çox danışıblar amma heç məhəl qoymamısan. Uzaqlaşdıqca uzaqlaşmısan məndən. Aramızda uzaq məsafələr yer alıb. Bu belə getməyəcək. Əgər sən məni oxumasan mənim sirlərimdən agah olmayacaqsan. Xoşbəxtliyin sirlərini bilməyəcəksən ömrün boyu. Zülmətli yollar addım-addım səni izləyəcək, qazandığın heç bir nailiyyət səni məmnun etməyəcəkdir. Mənə qarşı o qədər laqeyd oldun ki, sənin gözünün qarşısında məni yandırdırdılar. Ayaqlar altına atıb tapdalamaq istədilər. Amma sən mənə qarşı edilən bu təhqirlərə göz yumdun. Axi mən sənin kitabınam. Uca Yaradan məni səninçün endirib bu kainata. Səni qorumaq, səni doğru yola yönəltmək üçün. Sən mənə sahib çıxmasan, sənin düşmənlərin məndən sənə qarşı istifadə edəcəklər. Mən də olan sirlərdən agah olub, onlar sənə qalib gələcək. O zaman hər şey gec olacaqdır.

      Bütün bunlara baxmayaraq mənə çox hörmət etdiyini də bilirəm. Məni evinin ən təmiz və ən hündür yerində saxlayırsan. Məni əlinə aldığın zaman öpüb alnına qoyursan. Amma bunlar mənə qarşı edəcəyin hörmətin hamısı deyil. Mənə qarşı edəcəyin ən böyük hörmət hər gün məni əlinə alıb göz gəzdirməyindir səhfələrimə. Keçmiş qövmlərin başlarına gələn müsibətləri oxuyub ibrət almağındır göz yaşları içərisində. Yetimlərə, yoxsullara, miskinlərə qarşı necə davranacağını, valideynlərinə hörmət edəcəyini, doğru yolu tutub əyri yoldan uzaqlaşacağını bilməyindir mənə hörmətin. Sənin mənə hörmətin sənə verilən əmr və qadağaları yerinə yetirib boyun əyməyindir haqqın qarşısında.

      Gəl bu gündən dost olaq ikimiz. Nə sən məndən ayrıl, nə də mən səndən. Əl-ələ tutub ayrılmayaq heç vaxt. Mən sənə söz verirəm ki, sən məndən ayrılmadıqca mən səndən heç vaxt ayrılmayacağam. Hər yeni günə mənimlə birlikdə başla. Atdığın hər addımın doğru ünvanını mən sənə göstərəcəyəm. Bu qədər vaxt məndən uzaq qalmağın sənə nə qədər baha başa gəldiyini o zaman anlayacaqsan. Məni tanıdığın hər kəslə tanış et. Sevdir məni onlara. Öz övladlarını, valideynlərini, dost tanışlarını ümumiyyətlə dəyər verdiyin hər kəsi xoşbəxt görmək istəyirsənsə onları məndən məhrum etmə. Mən sizin sadəcə evlərinizdə deyil qəlblərinizdə də olmaq istəyirəm. Yoxsa mənim sizə heç bir faydam toxunmayacaq. Məni sadəcə oxumaq yox, yaşamaq lazımdır.

      Elə indi, səni gözləyirəm. Heç vaxt itirmə ayağa qalxıb evdə gizlətdiyin yerdən çıxart məni əlinə götür! Məni oxumağa başla...

      Bir ömür Qurani-Kərimlə birlikə olmaq ümidilə... 

      • Hits: 1048 clicks

      Tecox component by www.teglo.info