Mübariz ƏLİOĞLU / Axirətin aynası

      Share

      “Məhəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. Bu, onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbehi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!” (əl-Fəth, 29)

      Aləmlərə rəhmət olaraq göndərilmiş axır zaman nəbisi Məhəmməd əleyhissalamın  yaxın əshabı ilahi rəhmət nurları altında yetişərək Adəm övladlarına bəşəri münasibətlərdə əhatəli şəkildə davamlı örnək olacaq tarixi şəxsiyyətlərdir. İlahi lütfün bənzərsiz əsəri olan mübarək həyatlarından saçılan mərifət işıqları insan xarakterini bütün mənfiliklərdən arındıracaq keyfiyyətdədir. Rəsulullahın təbliğ etdiyi ilahi həqiqətlərin qəlblərdəki əks-sədası Əhli-Beyt və Səhabeyi-Kiram möcüzəsinin yaranmasını mümkün etmişdir.

      İki cahan günəşinin yetişdirdiyi insanlar arasında əmirəlmöminin Hz. Əli bin Əbu Talib özünəməxsus bir yer tutmaqdadır. Peyğəmbərə olan yaxınlığı Hz. Əlinin xarakterində nəfs əngəlini aşmaq və qəlbi əhatə edən qəflət pərdələrindən qurtulma yarışında onu qələbə çalmağa müvəffəq edən əsas amil olmuşdur. Zəngin bir həyat mücadiləsi ilə ümmətə dünya və axirət işlərində bir rəhbər və ən əsası İslam dinini inandığı kimi yaşama qeyrətinə sahib olması, insanları rəhbərlərinə bağlanmağa dəvət edən misilsiz bir örnəkdir. İlahi vəhyi inanılmaz dəqiqliklə qəbulu, təslimiyyəti və onları yaşaması Hz. Əlini ümməti-Məhəmmədə axirət həqiqətlərini əks etdirən əvəzsiz bir ayna halına gətirmişdi. Onun aşağıdakı ifadəsi bu mənanı necə də gözəl açıqlayır:

      “Mənim Allaha və qiyamət gününə imanım o dərəcədədir ki, Allahla bəndə arasında hicab (pərdə) götürülərsə imanımda zərrə qədər dəyişiklik olmaz.” (Yəni Allahı və qiyaməti necə düşünürdümsə pərdənin ardından da elə o cür görünəcək.)

      “(Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. (Bu Peyğəmbər) əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara (Allahın) ayələrini oxuyar, onları (günahlardan, şirk və küfr çirkabından) təmizləyər, onlara Kitabı və hikməti (Quranı və şəriəti) öyrədər.” (əl-Cumuə, 2)

      Uca Allah bu mənbəyin Rəsulullah olduğunu hərtərəfli şəkildə bəyan etməsi ilə itaətlə mükəlləf olanlara hidayətin gerçək ünvanını göstərir. Ayeyi-kərimədə Rəsulullahın ayələri insanlara oxuyan:

      “De: Allaha və Rəsuluna itaət edin. Əgər üz çevrilərsə bilsinlər ki, Allah kafirləri sevməz.” ( Ali-İmran, 32), onları təmizləyən: “De: Əgər siz Allahı sevirsinizsə mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarını bağışlasın.” (Ali-İmarn, 31), onlara kitabı və hikməti öyrədən: “Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun.” (əl-Həşr, 7) olaraq möhtəşəm bir irşad rəhbəri kimi sərgilədiyi parlaq fəaliyyəti başqaları kimi Hz. Əlinin də qəlb aləmində Allaha və Onun Rəsuluna hüdudsuz bir bağlılıq səadətini çiçəkləndirmişdi. Bu bağlılığın Bədir imtahanındakı təzahürü necə də qətiyyətlidir:

      “Allaha and olsun ki, Rəsulullah bizi hidayətlə şərəfləndirdikdən sonra bir daha əsla geri dönməyəcəyik. Əgər O, əcəli ilə ölsə və ya şəhid edilsə belə biz ölüncəyə qədər Onun yolunda vuruşacağıq.” ( Hakim,, Müstədrək 3/136 )

      Rəsulullahın ümmətinə olan hədsiz bağlılıq həyəcanı əmirəlmöminin Hz. Əlinin də həyatında öz əksini tapmışdı. Bilgisizlik və cahillik qaranlığında çabalayan Adəm övladlarına Axirət aləminin həqiqətlərinə açılan canlı bir ayna olmağı özünün ən ümdə vəzifəsi hesab edən Hz. Əlinin tövsiyələri zamanından asılı olmayaraq qiyamətə kimi öz əhəmiyyətini diri tutacaq ölçüdədir:

      “Ey Allahın qulları! Qoy dünya həyatı sizi aldatmasın. Çünki dünya həyatı bəlalarla bəzənmiş, ötüb keçən və xəyanəti ilə məşhur olan bir yurddur. Ondakı hər şey qürub etməyə məhkumdur. Dünya sakinləri arasında dolaşan, əl dəyişdirən bir vasitədir. Sakinləri dəbdəbəli bir həyat sürərkən bir də görərsən ki, bəla və müsibətlərin girdabına yuvarlanmışlar. Dünyanın sakinləri onun oxlarının hədəfidir, ölümlə dünya onların bellərini qırar. Qəbir aləmində olanlar da bir-birinə qonşu olmalarına, bir-birindən divarlarla ayrılmalarına baxmayaraq qonşuluq bağlarını qura bilmirlər. Bəli, hər biri ölüm sonrasının dəhşətini görüncə “Rəbbim, məni dünyaya geri göndər, zay etdiyim ömrüm müqabilində yaxşı əməllər işləyim”, -deyəcək. Bu təmənnilər qəbuldan çox-çox uzaqdır. Çünki önlərində diriləcəkləri günə qədər geri dönmələrinə mane olan bir əngəl var. Bəli, işlərin sona çatıb, qəbirlərin içindəkilərin eşilib çıxarıldığı, sinələrdə nə varsa seçilib toplandığı və nəticəni almaq üçün əzəmətli Allahın hüzurunda duracağınız zaman nə edəcəksiniz? O gün qəlblər günahları üzərinə vurulacaqları üçün titrəyərək yerində oynayacaq. O gün pərdələriniz qaldırılar, eyibləriniz və sirləriniz ortaya tökülr. Hər kəs qazandığının qarşılığını orada görəcəkdir. Bunun səbəbi Allahın: “Pislik edənləri əməllərinə görə cəzalandırması, gözəl hərəkət edənlərə daha daha gözəli ilə mükafatlandırması üçündür.” (ən-Nəcm, 31)

      Allah bizi və sizi kitabıyla əməl edən, dostlarının izindən gedən müsəlmanlardan etsin,  lütfü ilə bizi və sizi əbədi yaşayış (cənnət) yurduna qoysun. Heç şübhəsiz, O, həmd-sənaya layiq və çox əzəmətlidir.” (Əli əl-Müttəqi, Kənzul-Ümmal, 8/219 ) 

      • Hits: 825 clicks

      Tecox component by www.teglo.info