Home Arxiv 2012 № 64. Mart Nurlan MƏMMƏDZADƏ / ONUN İSTƏDİYİ GÖZƏL İNSAN MODELİ


    Nurlan MƏMMƏDZADƏ / ONUN İSTƏDİYİ GÖZƏL İNSAN MODELİ

      Share

      İslam dininin ən böyük hədəflərindən biri, hətta ən əhəmiyyətlisi insan inşasıdır. İslam gözəl insan yetişdirmək məktəbidir. İman gətirənlər hər gün beş vaxt namazın bütün rükətlərində “Aləmlərin Rəbbinə həmd olsun” deyərkən bir daha ilahi tərbiyəyə təslim olduqlarını vurğulayırlar. Çünki Rəbb tərbiyə edən deməkdir. Bütün aləmləri, məxluqatı tərbiyə edən Uca Allah. Elə isə gözəl insan olmaq istəyən müsəlmanın ən əlamətdar vəsflərindən biri bu tərbiyəyə boyun əymək olmalıdır. Bunun nəticəsini Həzrət Peyğəmbərin dilindən belə oxuyuruq: “Məni Rəbbim tərbiyə etdi və əxlaqımı gözəl qıldı.” 

      İlahi əxlaqla əxlaqlanmaq insanı kamilləşdirərək “gözəl insan” zirvəsinə yüksəldir. İnsanın dəyəri məhz bu kriteriya ilə ölçülür. Elə isə ilahi əxlaq normativlərini haradan və necə öyrənəcəyik? Cavab sadədir: Quran və Sünnədən. Hz. Peyğəmbərin əxlaqı haqda soruşanlara Aişə anamızın cavabı belə olmuşdu: “Siz heç Quran oxumursunuzmu? Onun əxlaqı Quran idi.” Düşünən insanlar üçün bu cümlə çox şey ifadə edir. Əgər ilahi əxlaqla əxlaqlanmaq istəyiriksə, bu əxlaqın sahibi tərəfindən göndərilən vəhyə bütün varlığımızla diqqət kəsilməliyik. Sadəcə özümüzü deyil, məsul olduğumuz ailə üzvlərimizi də bu istiqamətdə tərbiyələndirməyə çalışmalı, ortaya nümunəvi İslam ailəsi qoymalıyıq. Allah-Təala Qurani-Kərimdə bütün insanlara İbrahim və İmran ailəsini misal verir: Allah Adəmi, Nuhu, İbrahim ailəsini və İmran ailəsini aləmlər (məxluqat, insanlar, bəşər övladı) üzərində seçilmiş (üstün) etdi.(Ali-İmran, 33) Gəlin, qısa bir mütaliə edək, onlar hansı səbəbdən aləmlərə üstün oldular? Əvvəlcə qeyd edək ki, ayədə adı zikr edilənlərin hər biri ilk növbədə Rəbbini tanımış, əmr və qadağanlarına boyun əymişlər. Bununla yanaşı hər biri özünəxas keyfiyyətlərlə seçilərək nümunəvi şəxsiyyət ortaya qoymuşdur.

       

      Ali-İbrahim:

      Həzrət İbrahim bütün varlığıyla özünü Allaha təslim edərək, Onun yolunda canından, malından və övladından keçməyə razı olmuşdur. O ali peyğəmbərin bu vəsfi Qurani-Kərimdə belə təqdir olunur: “...Həqiqətən, Biz onu dünyada seçkin qıldıq. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır. Rəbbi İbrahimə : “(Əmrimə) təslim ol!” – dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum!” – deyə cavab vermişdi. (əl-Bəqərə, 130-131) Həzrət İbrahimin “Aləmlərin Rəbbinə təslim oldum” sözündə böyük bir təsmiliyyət müşahidə edirik. Heç bir şərt qoymadan, tərəddüd etmədən birbaşa təslim oldum deyə bilmək...

      Belə bir peyğəmbərin, təslimiyyət abidəsinin yetişdirdiyi saleh övlad İsmayıl (ə.s) da şübhə yoxdur ki, bu əxlaqdan nəsibini alacaqdı. Hələ gənc yaşlarında ilahi əmrlə atasının onu qurban etməyə apardığı bir zamanda göz görə-görə ölümə getmək ürək istər, hünər istər. Gənclik və gələcək xəyalları qurarkən, ömrün ən şirin çağında vəhyə boyun əyərək “O əmr edibsə, yerinə yetirilməlidir” deyib, özünü qurban etmək və könül xoşluğu ilə tərəddüd etmədən bıçağın altına yatmaq... Qurani-Kərimdə onun bu sədaqəti belə mədh edilir: (Ya Rəsulum!) Kitabda (Quranda) İsmayılı da yada sal! O öz vədinə sadiq və bir elçi, bir peyğəmbər idi.(Məryəm, 54)

      Həzrət İbrahimin əməlisaleh xanımı Həcər validəmiz də İslam tarixində ilahi əmrə boyun əyməsi ilə yaddaşlara həkk olmuşdur. İbn Abbasdan gələn bir rəvayətə görə südəmər körpəsi ilə ucsuz-bucaqsız Məkkə səhrasına tərk edilən Həcər anamız Hz. İbrahimin arxasınca səslənmişdi: “Bizi burada qoyub getməyini Allah əmr edib?” İbrahim (ə.s)-ın təsdiq ifadəsindən sonra da “Elə isə Rəbbimiz bizi qoruyar, məhv etməz.” cavabını vermişdi. (Buxari, Ənbiya, 9) Yenə eyni təvəkkül və təslimiyyəti İsmayıl (ə.s)-ın qurban edilməsi səhnəsində də görürük. Yanına gəlib vəsvəsə verməyə çalışan şeytana “Əgər Allah əmr etmişsə, gözəl əməldir. Biz buna təvəkkül edərik” –deyə cavab vermişdi.

      Həzrət İbrahimin digər oğlu İshaq (ə.s) da Qurani-Kərimdə saleh əməl sahibi olaraq möminlərə təqdim edilir:Ona (İbrahimə) salehlərdən olan İshaqın peyğəmbər olacağı ilə müjdə verdik.(əs-Saffat, 112)

       

      İmran ailəsi:

      Həzrət Məryəm kimi iffətli və əməlisaleh bir qızın atası olan İmran saleh əməlləri ilə cəmiyyət arasında tanınmış adam idi. Həyat yoldaşı Hunnə də hələ doğulmamış övladını Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən! (Ali-İmran, 35) deyərək Allaha ibadət üçün nəzir demişdi. Həyatları boyu istiqamət üzrə olduqları üçün haqlarında hər hansı bir mənfi rəy formalaşmamış, hətta Hz. Məryəmi zina günahı ilə ittiham edən bir qrup onu alçaltmaq istədikləri halda belə, atasının və anasının dürüst, əməlisaleh olduğunu təsdiq etmək məcburiyyətində qalmışdılar: Ey Harunun bacısı! Atan pis kişi, anan da zinakar deyildi!(Məryəm, 28)

      Həzrət Məryəm bütün dünyada Allaha sədaqəti, iffət və namusu ilə nümunəyə çevrilən bir abidədir. Allah-Təala onun bu xüsusiyyətini Qurani-Kərimdə belə xəbər verir: (Allah mömin qadınlara) həmçinin namusunu (ismətini) möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi. (ət-Təhrim, 12) Çox pak (Allahın hökmlərini sidq-ürəkdən təsdiq edən) bir qadın idi.” (əl-Maidə, 75) O, daha kiçik yaşlarından Allaha boyun əymiş, Rəbbinin qoymuş olduğu hüdudlardan kənara çıxmamışdır.

      Həzrət Məryəmin Allahın əmriylə atasız dünyaya gətirdiyi Həzrət İsa da seçilmiş İmran Ailəsinin parlaq simalarından olaraq Qurani-Kərimdə zikr olunmaqdadır. Hələ yeni doğulmuş olmasına baxmayaraq ilahi möcüzə olaraq dil açmış və anasını zinada ittiham edənlərə demişdir: “O, harada oluramsa olum, məni mübarək (həAmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar (nəvazişkar) etdi, (heç kəsə qarşı) zülmkar, asi (dikbaş) eləmədi!” (Məryəm, 31-32)

      Buradan belə nəticəyə gəlmək olar ki, gözəl insan ilk növbədə Rəbbini tanıyan, Onun əmr və qadağalarına boyun əyən, ilahi sərhədləri aşmayan insandır. Məhz bu baxımdan ilahi qədərə boyun əymək, dünya imtahanından üzüağ çıxmaq da əhəmiyyət kəsb edir. Digər tərəfdən görürük ki, gözəl insan sədaqət sahibidir, ilahi əmrləri yaşayan və insnalara tövsiyə edəndir. Ana-ataya, böyüklərə qarşı hörmətli və ədəblidir. Təkəbbür və lovğalıqdan uzaq, məxluqata qarşı əsla zülm etməyəndir. Gözəl insan olmaq məhz bu əxlaqi dəyərləri baş tacı etməklə mümkündür. İslamın bizdən istədiyi insan modeli belə olmalı, ailələr bu ruhda yetişməlidir. Hər bir müsəlman bununla məsuldur. Mövzunu əməlisaleh bəndələrin Quranda zikr olunan duası ilə tamamlayaq: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et!” (əl-Furqan, 74)

      • Hits: 670 clicks

      Tecox component by www.teglo.info