Mehman İsmayılov / Hər Şeydən Əvvəl “İNSAN” Ol!

      Share

      İnsanların ortaq yönü onların insan olmalarıdır. İnsanlar bu dünyada özlərindən asılı olmayan (vəhbi) və ya özlərindən asılı olan (kəsbi) və yaxud da qismən özlərindən asılı olan, qismən də olmayan (kəsbi və vəhbi) səbəblərdən müxtəlif rolları ifa edirlər. Belə ki, bəzilərimiz zənci, bəyaz, alman, fransız, fars, ərəb, azərbaycanlı kimi vəhbi; bəzilərimiz, adil, yalançı, dürüst, səmimi, yaltaq, liberal, radikal, fanatik və s. kimi kəsbi; bəzilərimiz isə xristian, yəhudi, müsəlman, sünni, şiə, protestant, katolik və s. kimi həm vəhbi, həm də kəsbi rolları bu dünya teatırında ifa edirik.

      Kainatdakı müxtəlifliyin bir davamı olan bu rollara kəm gözlə baxmaq biz insanlara hər zaman kədər gətirmiş, hüzn vermiş, iztirab çəkdirmişdir. Biz insanlar hər şeyi mümkün olduğu qədər bir kənara qoyaraq (inanmayanlar bu dünyada, inananlar isə bu dünyada bir kənara qoymaqla yanaşı o biri dünyaya da ümid bəsləyərək) ortaq yönümüzə, “insan” kimliyimizə sarılaq. Burada məşhur Braziliya yazıçısı Jorji Amadunun “Qum Dəryasının Kapitanları” romanındakı bir epizoda müraciət etmək lap yerinə düşərdi.

      Amadu qayğıdan uzaq, tərk edilmiş və səfil həyat tərzi sürən uşaqlardan (kapitanlardan) bəhs edən bu əsərində kilsə xadimi Pedro Joze ilə bu uşaqlara yardım etmək, daha doğrusu onları kilsəyə cəlb edib dindar etmək istəyir. Lakin Joze çox səy göstərdikdən sonra bu məsələdə heç şeyə nail ola bilməyəcəyini başa düşür və anlayır ki, içərilərində “mərhəmətin cana xeyri yoxdur, bu dünyada nəyəsə nail olmaq nifrətlə mümkündür” düşüncəsini daşıyanların da mövcud olduğu bu “küçə oğrusu uşaqları, kilsə mömininə çevirmək mümkün deyil. Amma onları normal insanlara çevirmək yüz faiz olar”.

      Demək hər şey “normal insan” yaratmaqdan başlayır. Normal insan olmadan bu həyatda nə alman, rus, fars, azərbaycanlı, nə dürüst, səmimi, adil, liberal, demokrat, nə də müsəlman, xristian, yəhudi, sünni və şiə ola bilərik. Normal insan şəxsiyyətinə sahib olmadan nə bu dünyanın “əsl vətəndaşı” ola bilərik, nə də o dünyanın cənnətinə nail ola bilərik. Çünki, bütün mütərəqqi fikirlər, ideyalar, dinlər, o cümlədən bizim dinimiz İslam da belə deyir. Tövrat da, İncil də, Quran da belə deyir.

      Söz Qurandan düşmüşkən ona nəzərə saldıqda orada “insan” məfhumuna çox geniş yer ayırılmış, onun mənfi və müsbət xüsusiyyətlərinə yer verilmiş, insanın bəzən “əhsəni təqvimə” qədər yüksələ biləcəyi, bəzən isə “əsfələ-səfilinə” (şəxsiyyətsizliyə) qədər alçala biləcəyi göstərilmişdir. Düzdür Quranda “iman” çox vurğulanır. Lakin “insan” da bir o qədər güclü vurğulanır. Yəni Quran üçün “iman” nə qədər önəmlidirsə, “insan” da bir o qədər önəmlidir. Bunlar bir-birini tamamlayırlar.

      Çox təəssüf ki, Quranın bu yönü çox gözardı edilmiş, iman məsələsinə ayrılan yer insan məsələsinə ayrılmamışdır. Və yaxud da buna yer ayıranlar lazımi səviyyədə qiymətləndirilməmiş və yazdıqları da sətrlərdə qalmışdır.

      Bu məsələyə “evlən, sonra sevərsən” düşüncəsi ilə yanaşmaq son dərəcə yanlışdır. Yəni müsəlman, yəhudi, xristian ol, və ya o ol, bu ol, sonra “insan” olarsan məntiqi bəşəriyyətə qarşı edilmiş ən böyük yanlışlardan biridir. Neçə əsr əvvəl “nə olursan ol, yenə gəl” deyərən Mövlana da, yəqin ki, “hər şeydən əvvəl insan ol” demək istəmişdir.     

      • Hits: 813 clicks

      Tecox component by www.teglo.info