Mübariz ƏLİOĞLU /Təqva məktəbi

      Share

      Uca Allah Qurani-Kərimdə belə buyurur:

      “Ey Rəbbimiz! Bizi sənə boyun əyənlərdən qıl, nəslimizdən də Sənə itaət edən bir ümmət çıxart, bizə ibadət üsullarını göstər, tövbələrimizi qəbul et. Həqiqətən Sən tövbələri çox qəbul edənsən və çox mərhəmətlisən.” (əl-Bəqərə, 128)

      Qulu və elçisi İbrahim əleyhissalamın dilindən səslənən bu ayələrin bərəkəti ilə yetişən və insanlıq aləminə əmsalsız nümunə sayılacaq neçə-neçə Adəm övladını misal gətirmək mümkündür. Allaha son dərəcə anlayışlı və məsuliyyətli bir şəkildə qulluq etmə sənətinə yiyələnmiş olanlar arasında Hz. Ömər bin Əbdüləziz özünəməxsus bir yer tutmaqdadır! Hz. Ömər bin Əbdüləzizin Rəsulullaha bağlanma dəqiqliyi səhabə nəslinin nümayəndəsi olan Ənəs bin Maliki xüsusilə həyəcanlandırmışdı. Onun aşağıda izləyəcəyimiz rəy xarakterli sözləri Əmirəlmöminin Hz. Ömər bin Əbdüləzizin qulluq əxlaqını necə də dərindən açıqlayır:

      “Arxasında namaz qıldığım heç bir imamın namazı Ömərin qıldırdığı namaz kimi məni təsirləndirməmişdir. Çünki onun namazı Rəsulullahın (s.ə.s) namazına bənzəyirdi”

      Hədsiz bir Allah qorxusunun və Rəsulullaha bağlılıq səadətinin kök saldığı qəlb aləmi, Ömər bin Əbdüləzizdə qulluq məsuliyyətinə xüsusi bir ciddiliklə yanaşma keyfiyyəti formalaşdırmışdı. Vəfatından sonra xanımı Fatimənin anlatdıqları Ömər bin Əbdüləzizin unudulmaz qulluq həyəcanını tanıdacaq ölçüdədir:

      Bir dəfə Fatimə xanım o qədər ağladı ki, gözləri görməz hala gəldi. Qardaşları:

      - Nə edirsən? Ərin üçün ağlayırsan? Əgər belədirsə ağlamağa ən layiqli olan kişi odur. Yoxsa başqa bir səbəbdən ağlayırsan? -deyə soruşduqlarında Fatimə xanım bu möhtəşəm cümlələri dilə gətirdi:

      - Gecələrin birində Ömərin elə bir halını gördüm ki... Anladım ki, onu bu dəhşətə salan qəlbinə yerləşmiş olan böyük həqiqətdir. Qardaşları:

      - Nədir onda gördüyün o hal - deyə soruşduqda bunları söylədi:

      - Bir gecə qalxaraq namaz qılırdı. “Ürəkləri dəhşətə salan qiyamət! Nədir qiyamət? Sən nə bilirsən ki,nədir qiyamət. O gün insanlar kəpənəklər kimi ətrafa səpələnəcək. Dağlar isə didilmiş yun kimi olacaqdır.” (əl-Qariə, 1-5) ayələrinə gəlincə qəlbindəki müdhiş bir sarsıntını “Aman dəhşətli sabaha” ifadələrinə çevirərək yerə yıxıldı. Ayeyi-kərimənin mənasını bu qədər yaşaması təsvir vasitələrinə sığmayacaq dərəcədə heyrətamız idi. O vəziyyətdə sakitləşməyə başladı, hətta öldüyünü sanmışdım. Sonra özünə gəlməyə başladı, “Aman dəhşətli sabaha” cümlələri ilə sıçrayıb ayağa qalxdı və bunları söylədi:

      - İnsanların səpələnmiş kəpənəklər və dağların da didilmiş yun kimi olduğu gundə vay mənim halıma. Sübh azanına kimi belə davam etdi. O gecəni hər xatırladığımda göz yaşlarıma hakim ola bilmirəm.

      İlahi vəhyin qəlbə təsir dərəcəsini ölçmək mümkün olsaydı belə Ömər bin Əbdüləzizin misalında bunun mümkünsüzlüyünü söyləmək yerinə düşərdi. Ümməti-Məhəmmədin (s.ə.s) dünya və axirət işlərini qəlbinin ağırlıq mərkəzinə çevirmiş olan bir insanın Rəbbinə, Rəsulullahın yönəldiyi kimi yönəlmə bəxtəvərliyinə can atması onu bəşəri təfəkkürə ən layiqli yöndən tanıdan bir istiqamətdir. Rəbbinin hüzurunda durma və bu hüzuru dəyərləndirmədə həddən artıq həssaslıq nümayiş etdirən Ömər bin Əbdüləzizin xəlifəlik qayğıları xanımı Fatimənin dilindən hərarəti sönməyəcək dərəcədə mənalı səslənməkdədir:

      “Bir gün hüzuruna girmişdim. Namaz otağında əllərini yanaqlarına dayayaraq ağlayırdı.  Nə üçün ağlayırsan deyə soruşduqda bunları söyləmişdi:

      Ey Fatimə... Bu ümmətə cavabdehlik mənim çiyinlərimə yükləndi. Ümmətin içindəki və yer üzərindəki bütün ac olan fağırları, kimsəsiz xəstələri, sahibsiz çılpaqları, könlü qırılmış yetimləri, əzilmiş məzlumları, qəribləri, əsirləri, kimsəsizləri, əldən-ayaqdan düşmüş ixtiyarları,  tək başına dul qalmış qadınları, ailəsi çox olub qazancı az olanları və bunun kimi neç-neçə insanları düşündüm. Bilirəm ki, Rəbbim qiyamət günü bunların hesabını məndən soruşacaqdır. O gün onların adına məni Hz. Məhəmməd də sorğulayacaq. O gündə arxamın olmamasından qorxdum ona görə ağlayıram.

      “Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!” (ət-Tövbə, 128) əmri-ilahisinin təcəssümü olan Rəsulullahın əxlaqına bütün varlığı ilə bürünərək sarılan Hz. Ömər bin Əbdüləzizin xəlifəlik fəaliyyəti bu dərəcədə heyrətamiz idi. Mübarək babası Hz. Ömər bin Xəttabın “İnandığınız kimi yaşamırsınızsa, yaşadığınız kimi inanmağa başlayacaqsınız” ifadəsinin ilk qisminə, yəni inandığı kimi yaşama bəxtəvərliyinə hər vəchlə nail olma fürsətini bir an olsun belə hədər etməməyi qarşısına məqsəd qoymuşdu.

      Hz. Ömər bin Əbdüləzizin davranışlarıyla sərgilədiyi qulluq həyatı Allaha gözəl bir şəkildə yönəlmə elmini bəşər aləminə təlim edən bənzərsiz bir təqva məktəbidir. Bu təqva məktəbinin, ona qoşulanları dünya və axirət xeyirlərinə doğru götürməsi, Əhməd bin Hənbəlin aşağıdakı ifadəsindən də seçilməkdədir:

      “Ömər bin Əbdüləzizi sevən və onun yaxşılıqlarından bəhs edib bu yaxşılıqları yaymaq üçün çalışanı gördüyündə bil ki, bu işin sonunda bir xeyir vardır. İnşallah...”

      • Hits: 781 clicks

      Tecox component by www.teglo.info