Nurlan MƏMMƏDZADƏ / ONA MÖHTAC

      Share

      Bu gün dünya Ona möhtacdır. Onun şəfqətinə, ədalətinə, mərhəmətli gülər üzünə...  Hansı ki, 1400 il bundan əvvəl cahiliyyət bataqlığında boğulmaqda olan bəşəriyyətə Allah tərəfindən göndərilmiş və onların xilası üçün əlindən gələni əsirgəməmişdi. Bu yönü ilə o, bataqlıqlarda nilufər gülü bitirməyi bacaran bir Rəhmət Peyğəmbəridir. O Günəş ki, sadəcə bir toplum, bir dövr üçün deyil, sonsuza qədər dünyanı doldurub-boşaldan milyardlarla insan üçün doğulmuşdu. Ən yüksək insani keyfiyyətlərin özündə zirvələşdiyi ən ali şəxsiyyət...

      O, yarımvəhşi həyat tərzi sürən insanlardan gözü və könlü yaşlı bir cəmiyyət formalaşdıran Şəfqət Peyğəmbəridir. O, məxluqatın ən şərəfli varlığı olan insanları rahatlıqla haqsız yerə öldürən zalım insanları yeriyərkən kiçicik bir qarışqanı tapdalamaq əndişəsi çəkən incə ruhlu, zərif qəlbli insanlara çevirdi. Bu gün bütün kainat Ona möhtacdır.

      İnsanlar Ona möhtac... Hər keçən gün zəmanənin məngənəsində bir az daha sıxılan insan oğlu  Onun ədalətinə, himayəsinə möhtacdır. İnancsızlıq acısı ilə qıvranan, çarəni şeytani və nəfsani yollarda axtaran bəşər övladı Ona həsrətdir. Hər şeyin maddiyyatla ölçüldüyü, var-dövlətin bütləşdiyi zəmanəmizdə insanlıq Ona möhtacdır. Bu gün dünyanın fərqli yerlərində evlərindən-eşiklərindən, yurd-yuvalarından didərgin düşən insanlar Onun isti qucağını axtarır. Məzluma atılan güllələr əslində insanlığı hədəf alır, bomba sədaları altında dünyaya gələn körpələr doğular-doğulmaz gələcək əndişəsi ilə böyüyürlər. Dünyanın nizamına təsir etməyə çalışan qüvvələr daha dünən baş vermiş Xocalı kimi soyqırımları görməzlikdən gələrək, qatillərə məzlum müamiləsi sərgiləməyə çalışırlar zəmanəmizdə. Dünyada ədalət qalmadı artıq. Şairin dediyi kimi; “Qırıldı ədalətin qılıncı; qalxan düşdü / Məhkumlar yarğılayır, hakimlər məhkum indi.”[1] Və insanlıq Onun ədalətinə möhtac... Bu gün minlərlə, milyonlarla yetimlik acısı çəkmiş məsum və kimsəsiz yeniyetmələrin qəsdli olaraq pis yollara sövq edilərək kapitalizmin çarxları arasında əzildiyi dövrdə yaşayırıq. Biçarə və bikəs canlar başlarını oxşayacaq Könüllər Sultanına həsrət... Küçələrin, internet-cafelərin ümidinə tərk edilmiş yeniyetmələr qaranlıqda çıraqsız qaldı bu gün. Bir zamanlar diri-diri torpağa basdırılan məsum və aciz körpələr indi bətnlərdə doğranaraq, qazla boğularaq tələf edilir. Bu vəhşətin önünü keçib “hansı günaha görə?”[2] sualını verəcək, hesab soruşacaq adil hakimə möhtacdır bəşəriyyət. Kin və həsəd toxumları düşdü aramıza, nifrət tikanları baş qaldırdı. Formalaşdırdığımız dünyada yetimlər atasız, məzlum hamisiz, zülm hesabsız qaldı. “Dişsizmi bir insan, onu qardaşları yerdi”[3] acısı yaşanmaqdadır bu gün, eynilə 1400 öncəsində olduğu kimi. Bəla və fəlakətlərin yaşandığı əsrimizi Əsri-Səadətə çevircək o Nəbiyə möhtacıq. İnsanlıq Ona möhtac...     

      Heyvanlar Ona möhtac... Balasını əmizdirən bir köpəyin narahat olmaması üçün bütün ordunun yolunu dəyişən, ağacdakı yuvasından balaları götürüldüyü üçün ana quşun çırpındığını görüb “Kim götürdü onun balalarını? Dərhal yerinə qoysun!” deyən, yandırılan qarışqa yuvasını görüb rəngi dəyişən və: “Odla əzab vermək yalnız odun Rəbbinə məxsusdur” deyərək etirazını bildirən mərhəmətin sahibini axtarır zavallı heyvanlar. Hələ bir dəfə də səhabələrdən birinə “Ailə üzvlərinə söylə, dırnaqlarını kəssinlər ki, heyvanın südünü sağarkən məmələrini incitməsinlər” deyə xəbərdarlıq etmişdi. Hədis kitablarında dəvələrin sahiblərindən qaçaraq onlardan Rəsulullaha şikayət etdiklərinə dair mətnlər yer alır. Bəs bu gün dəvələr kimə getsin, kimin himayəsinə sığınsın?! Özünü dünyanın sahibi, ağası zənn edən insanlar tərəfindən diri-diri dərisi soyulub xəzindən paltolar, kürklər düzəldilən zavallı heyvanlar dərdini kimə desin?! Hibridləşdirilərək nəsli cılızlaşan, insanın əlində aciz qalıb gülünc görkəm alan zavallı heyvanlar...     

      Nəbatat Ona möhtac... Bəli, nəbatat da. Bir vaxtlar minbər kimi istifadə etdiyi, sonra möminlərə yeni minbərdən səsləndiyi üçün, tərk edilmişliyin acısı ilə için-için ağlayan xurma kötüyü kimi hal lisanıyla ağlayan bitkilər Ona möhtacdır. Yayda yetişdiyi üçün qışda bitmək istəməyən, genləriylə oynanıb min bir formaya düşən, rəngi, ətri dəyişən bitkilər Onun şəfqətinə möhtacdır. Hər gün boş əyləncələr uğruna kəsilən canlı ağaclar “Yaş ağacları kəsməyin, yaşıl bitkiləri qırmayın” deyə insanlığa təlimat verən Peyğəmbərin isti nəfəsinə möhtacdır. Bu gün hər Ona möhtacdır. 

      Gəl, ey Rəsul, bahardır!

      Həcdən dönər gibi gəl...

      Meracdan enər gibi

      Bəkliyoruz yıllardır...[4]


      [1] Nurullah Gənc

      [2] Təkvir, 9

      [3] Mehmed Akif Ersoy

      [4] Arif Nihat Asya

       

      • Hits: 934 clicks

      Tecox component by www.teglo.info