Home Arxiv 2005 № 3. Okyabr-Noyabr-Dekabr Azərbaycanda Dini Təhsil / Elsevər SƏMƏDOV


    Azərbaycanda Dini Təhsil / Elsevər SƏMƏDOV

      Share

      Bu gün Azərbaycanda ictimai həyatın bütün sahələrində o cümlədən dini sahədə əhəmiyyətli dəyişikliklər baş verir. Amma bütün sahələrdə olan problemler bu sahədə də vardır. 

      Hətta çox vacib, hansı ki, ətrafında qızgın müzakirələrə səbəb olan bu problemlər özünü son zamanlar daha da biruzə verir. İstər Avropa, istərsə digər inkişaf etmiş ölkələrin təcrübələrindən də görünür ki, bu sahəni nəzarətsiz qoymaq doğru deyildir. Çünki cəmiyyətin ehtiyac duyduğu dini və milli dəyərlərin aşılanması prosesini öz axarına buraxmaq, arzulanmayan nəticələr doğura bilər və beleliklə çox ciddi təhlükələr meydana gələr. Məsləyə aydınlıq gətirmək üçün Qərb dövlətlərinin təcrübəsinə qısa da olsa nəzər salmaq yaxşı olardı. Onda görərik ki, bu ölkələrin demək olar ki, hamısında dini təhsil problemi yoxdur.

               Avropanın aparıcı ölkələrindən olan Almaniyada dini təhsil konstitusiyada öz əksini tapmışdır. Almaniyada dini təhsillə əlaqədar təcrübənin təməli 1949-cu il tarixli konstitusiyanın 7-ci maddəsinə əsaslanır. Bu qanun dini təhsil sahəsində çərçivəni müəyyənləşdirmişdir. Valideynlər və şagirdlər din dərslərinə davam edib edtməməkdə sərbəstdirlər. Din dərsləri məzhəbə uyğun olaraq tədris olunur. Bu dərsin adı isə əyalətlərə görə dəyişir. Beləki “Dəyərlər və Normalar” , “Fəlsəfə”, “Əxlaq və Din biliyi” adları altında tədris olunur. Hətta Almaniyada uşaq bağçalarında da dini tədris mövcuddur. Uşaq bağçalarının böyük bir hissəsi kilsənin nəzarətindədir.

               Dini təhsil sahəsində vəziyyət demək olar ki, bütün Avropa ölkələrində belədir. Avstryada, Belçikada, İngiltərədə, Danimarkada, Hollandiyada, İtaliyada, Yunanstanda və başqa ölkələrdə dini təhsil dövlətin nəzarətində tədris olunur.

      Bizə qardaş  olan Türkiyədə də dini təhsil dövlət siyasətinə uyğun olaraq həyata keçirilir. Türkiyə Konstitusiyasının dini təhsillə əlaqəli 24-cü maddəsi belədir:” Din və əxlaq dərsi dövlətin nəzarəti və müşahidəsi altında tədris olunur. Din mədəniyyəti və Əxlaq biliyi dərsi orta məktəblərdə və litseylərdə tədris olunan məcburi dərslər arasında yer tutur. Bunun xaricindəki dini təhsil ancaq insanın öz istəyinə, uşaqların qanuni təmsilcilərinin tələblərinə bağlıdır”. Buradakı “Din Mədəniyyəti və Əxlaq Biliyi” dərsində dini təhsil verilməkdədir və bu dərsin ehtivası İslam dini mərkəzli şagirdlərə dini və əxlaqi dəyərləri aşılamaqdan ibarətdir. Bütün bu nümunələrdən sonra görək ölkəmizdə vəziyyət necədir; bu gün dini təhsil baxımından ne səviyyədəyik və problemlər nələrdir.

      Bu gün Azərbaycan sivil dünya dəyərlərini mənimsəmə yolunu tutmuşdur. Bunun üçün də heç şübhəsiz sistemə malik olmaq lazımdır. Hər şey bir bünövrə üzrə qurulur, elə sistemlər də. Bütün sistemlərin və quruluşların təməlində isə təhsil durur.

      Azərbaycanda dini təhsil xırda addımlarla irəliləyərək 14 ili arxada qoymuşdur. Bu müddət ərzində dini təhsil sahəsində çox işlər görülmüşdür. Dini sahələrdəki bu dəyişiklik və inkişaf təbii olaraq dövlət Müstəqilliyi qazanmağımızla əlaqədardır. Müstəqilliyə yeni qovuşan Azərbaycan iqtisadi-siyasi  və ictimai böhran içində bu həssas sahədə dini siyasətin çox açıq və aydın ortaya qoymalı və tətbiq etməli idi. Ölkənin strateji əhəmiyyəti və zəngin coğrafiyası Müstəqillikdən sonra onu dünya ictimaiyyətini diqqət mərkəzində tutdururdu. Yaranmış dini plüralizmdən faydalanmaq istəyən bir çox dini cərəyanlar da ölkəyə soxulmağa başladı. Bütün bunların qarşısı 1995-ci ildə qəbul olunmuş konstitusyada qanunla alındı. Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsində göstərilir:

      1.“Azərbaycan Respublikasında  din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun  qarşısında bərabərdirlər.”

      2. “ İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan cərəyanların yayılması və təbliği qadağandır”.

      3. “ Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.”

      Burdan da göründüyü kimi 18-ci maddənin birinci hissəsində qanunda təsbit olunan müddəanın mənası bundan ibarətdir ki, Müstəqil ölkəmizdə din, o cümlədən İslam dini  dövlətimizin daxili və xarici siyasət məsələlərinə qarışa bilməz. Öz növbəsində dövlət də qanuna zidd hallara yol vermədikcə ölkəmizdə rəsmi  fəaliyyət göstərən heç bir dini qurumun daxili işlərinə müdaxilə etmir. Bu da ölkəmizdə dini zəmində aparılan dövlət siyasətinin demokratik prinsiplərinə ən yaxşı nümunə ola bilər.

               Sözügedən maddənin 3-cü hissəsində isə təhsilin dünyəvi xarakter daşıması qeyd olunur. Bu qanun, din-dövlət münasibətlərinini tənzimləyir. Amma burdan belə bir nəticə çıxarmaq doğru olmazdı ki; bu qanun orta ümumtəhsil məktəblərində din dərslərinin tədrisinə qadağa qoyur. Bildiyimiz kimi qardaş Türkiyə dövləti də sivil bir dövlətdir. Lakin dünyəvi bir dövlət olmaqla yanaşı dini təhsilə, ixtisaslı kadırların nəzarətində şərait yaratmışdır və bu sahədə olduqca müvəffəqiyyət qazanmışdır. Bununla da milli-mənəvi dəyələrinə bağlı gənc nəsil yetişdirmək məqsədi güdür. Ancaq Azərbaycanda orta ümumtəhsil məktəblərində dinin tədris olunması bu günə qədər öz həllini tapmamışdır. Bu sahədə ləngimənin yaradacağı fəsadların ağrısını gənc nəsil çəkəcək. Buna görə də konkret tədbirlər elm xadimlərimiz və ziyalılarımız tərəfindən artıq həyata keçirilməlidir.

               Bütün bunlara baxmayaraq Azərbaycan Respublikasında din təhsili vardır və inkişaf edir. Hələ 1989-90-cı illərdən fəaliyyətə başlayan Bakı İslam mədrəsəsi işə başladı. İlk dövrlərdə mədrəsədə 86 tələbə təhsil alırdı. Bunun arxasınca 1991-ci ildə “Ağa” məscidinə yaxın (Maştağada) qızlar üçün mədrəsə fəaliyyətə başladı. Bundan əlavə bölgələrdə də mədrəsələr və Quran kursları fəaliyyətə başladı. Təkcə Zaqatala-Balakən bölgəsində həmin dövrdə onlarla Quran kursları fəaliyyət göstərirdi. Bu proses zaman keçdikcə genişləndi.

               Ruhani idarəyə bağlı Bakı İslam mədrəsəsi 1991-ci ilin  yanvar ayından Bakı İslam İnstitutuna çevrilmişdir. Bunun səbəbi isə Azərbaycanda dini təhsilə olan ciddi ehtiyac idi. Daha sonra, 1993-cü ildən mərhum ümummilli lider H. Əliyev cənablarının sərəncamı ilə Bakı İslam Universiteti kimi fəaliyyətə başlamışdır. Bu gün isə artıq Bakı İslam Universitetinin Zaqatala, Mingəçevir, Sumqayıt və Lənkəran şöbələri də fəaliyyət göstərir.

               Bununla yanaşı dini təhsil sahəsində görülən vacib işlərdən biri də 1992-93- cü tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi BDU və Türkiyə Dəyanət Vəqfi arasında bağlanmış müqavilə əsasında BDU-nin İlahiyyat Fakültəsinin təsis olunmasıdır. Təhsil müddəti 5 (beş) il olan fakültə iahiyyatçı mütəxəssis və Ərəb dili müəllimi yetişdirir. Yenə Türkiyə Dəyanət Vəqfi ilə Təhsil Nazirliyinin bərabər əməkdaşlığı nəticəsində Bakı-Türk litseyi də fəaliyyətə başlamışdır ki, bu təhsil ocağında din dərsləri tədris olunur.

               Bundan başqa Qafqaz Müsəlmanları İdarəsinə bağlı xeyli mədrəsə və Quran kursları da fəaliyyət göstərir. Əlbəttə ki, dini təhsildən söhbət gedərkən Gəncliyə Yardım Fondunun adını çəkməmək böyük qəbahət olardı. Qafqaz Müsəlmanları İdarəsinə bağlı Şəkidə, Zaqtalada, Ağdaşda, İsmayıllıda mədrəsələr açılması  və fəaliyyət göstərməsi ölkənin paytaxtı və müxtəlif  rayonlarındakı məscidlərdə dini tədrisatın aparılması işində Fond həm maddi-texniki, həm də kadr baxımından dəstək durmuş və bunun nəticəsində də milli-mənəvi dəyərlərinə bağlı, vətənpərvər bir gənç nəsilin yetişməsinə öz töhfəsini vermişdir.

               Əlavə olaraq bu gün Azərbaycan təhsil sistemində fəaliyyət göstərən bəzi özəl ali təhsil ocaqlarının İlahiyyat və ona yaxın ixtisasların (Regionşünaslıq-şərq ölkələri üzərə) və bu fakültələrdə də dini təhsilin aparıldığını qeyd etmək lazımdır.     

                 Mənbələr:

      1. Respublika, 12 Aprel 2001-ci il № 084 (1118), s. 4

      2. Mehmet Zeki AYDIN, Avropa Birliyi Ölkələrində Din Tədrisatı və Türkiyə ilə qarşılaşdırılması

      3. Abutalıb MƏMMƏDOV, Azərbaycanda Dini Təhsil (1990-2002), İslamic Education The Sovyet Union and The Cis İnternational Project Funded by, vw-Funded, Germany, Reports April-Oktober, 2002

       

      • Hits: 857 clicks

      Tecox component by www.teglo.info