Home Arxiv 2011 № 61. Dekabr Elşən RZAYEV / HZ. PEYĞƏMBƏRİN ƏHLİ-BEYTƏ MƏHƏBBƏTİ


    Elşən RZAYEV / HZ. PEYĞƏMBƏRİN ƏHLİ-BEYTƏ MƏHƏBBƏTİ

      Share

      Əhli-beytin lüğət baxımından ifadə etdiyi əsas məna “ev xalqı”dır.

      Ev xalqının içinə şəxsin xanımı, uşaqları, nəvələri və yaxın qohum-əqrəbası daxildir.

      İslam tarixində bir termin olaraq əhli-beyt deyildikdə “Hz. Peyğəmbərin ailə fərdləri, soyu, yaxınları” anlaşılır.

      Qurani-Kərimdə Hz. İbrahim və Hz. Musanın ev xalqını (əhli-beytini) qəsd edən ayələr vardır.[1]

      Hz. Peyğəmbərin xanımlarına xitab edən Əhzab surəsinin 33-cü ayəsində də əhli-beyt ifadəsi yer alır.

      Bu ayədə uca Allah Hz. Peyğəmbərin xanımlarına “keçmiş cahiliyyə adətində olduğu kimi açılıb-saçılmamalarını, namaz qılmalarını, zəkat vermələrini, Allaha və Rəsuluna itaət etmələrini” əmr etdikdən sonra belə buyurur:

      “...Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!”

      Bu termin hədisi-şəriflərdə də “Hz. Peyğəmbərin ev xalqı” mənasında işlədilmişdir.

      Bəzi hədislərdə Hz. Peyğəmbərin ümmətinə qoyub getdiyi ən mühüm əmanətlər olaraq Qurani-Kərim və Sünnə olaraq bildirilirkən[2], “Səqaleyn” ünvanı ilə bilinən hədisdə Hz. Peyğəmbərin özündən sonra qoyduğu iki dəyərli qaynaqdan birinin “Qurani-Kərim”, digərinin “Əhli-Beyt” olduğu qeyd edilir.[3]

      Bəzi rəvayətlərdə ikinci sırada yer aldığı görülən sünnə ilə əhli-beyt birlikdə düşünüldükdə, sünnəni müşahidə etmə və həyata tətbiq etmə mövzusunda əhli-beytin yüksək bir mərtəbədə olduğu meydana çıxır. Çünki əhli-beyt Hz. Peyğəmbərin ən yaxınında olduğuna görə onu ən doğru anlama, mənimsəmə və uyğun davranışlarla təmsil etmə ehtimalına sahibdilər və buna əhil olma baxımından ön sıralarda idilər.

      Hz. Peyğəmbərin əhli-beyt sevgisinə diqqət çəkən başqa rəvayətlərə də rast gəlmək olar.

      Bu rəvayətlərdən birində sevgi ifadəsi xüsusilə qeyd edilmişdir.

      Buna görə Rəsuli-Əkrəm (s.ə.s) ard-arda üç mühüm sevgiyə diqqət çəkir:

      - Bunlardan birincisi, ehsan etdiyi cürbəcür nemətlərlə bizi ruziləndirməsi səbəbilə Uca Allahı sevməkdir.

      - İkincisi, Uca Allahın sevgisilə Peyğəmbərimizi (s.ə.s) sevməkdir.

      - Üçüncüsü isə, Peyğəmbərin (s.ə.s) sevgisilə əhli-beyti sevməkdir.[4]

      Əhli-beyt kəlməsi kimləri əhatə edir sualına gəldikdə isə, bu mövzuda müxtəlif görüşlərin olduğunu müşahidə edirik.

      Bunları qısaca belə sıralaya bilərik:

      - Ailə üzvləri (Hz. Peyğəmbərin xanımları və uşaqları). Əhli-beyt termininin ifadəsinin işlədildiyi ayədə Hz. Peyğəmbərin xanımlarına xitab edilməsi buna dəlil göstərilir.[5]

      - Ailə üzvləri ilə birlikdə sədəqə alması qadağan edilən Abbas, Aqil və Cəfərin övladları kimi yaxın qohm-əqrəba qrupu. Bu qrupun içinə Abdullah bin Məsud və Salman Farisi kimi bəzi səhabələrin girdiyi də qeyd edilir.

      - Ailə üzvləri ilə bərabər sədəqə alması qadağan edilən əqrəba qrupuna əlavə olaraq Hz. Peyğəmbərin (s.ə.s) izindən gedən bütün möminlər. Belə düşünənlərə görə Hz. Peyğəmbərin qan bağı ilə qohumu olmaq insanın əlində deyildir. Bu, ilahi təqdirlə bağlıdır. Dolayısı ilə, Rəsuli-Əkrəmin (s.ə.s) yolundan gedərək mənəvi yaxınlıq mərtəbəsinə çatanlar da “əhl” ifadəsinin içinə aid ola bilər.

      - İlk növbədə beş nəfər (Hz. Peyğəmbərlə birlikdə kürəkəni Hz. Əli, qızı Hz. Fatimə və nəvələri Hz. Həsən ilə Hz. Hüseyn) olmaqla yaxın qohumlar qrupu.

      - İsnaaşərə alimləri ilk növbədə “Əhli-Kisa, Pənçeyi-Ali-Əba, Xəmseyi-Ali-Əba” ifadəsilə “Hz. Peyğəmbər başda olmaqla Hz. Əli, Hz. Fatimə, Hz. Həsən və Hz. Hüseyn”i əhli-beytdən sayırlar. Bunlara Hz. Əli, Hz. Həsən və Hz. Hüseyn xaricindəki doqquz imamı da əlavə edirlər.[6]

      Mövzu ilə əlaqəli olaraq qeyd edə bilərik ki, Hz. Hüseynlə qardaşı Hz. Həsən, ataları Hz. Əli və anaları Hz. Fatimə heç şübhə yoxdur ki, əhli-beytin seçilmişləri arasındadır.

      Hz. Aişənin verdiyi bir xəbərə görə Hz. Peyğəmbər (s.ə.s) bir gün səhər əynində naxışlı bir əba olduğu halda evdən çıxdı.

      O əsnada Hz. Həsən gəldi. Hz. Peyğəmbər onu əbanın altına aldı.

      Sonra Hz. Hüseyn gəldi və o da Həsənin yanına girdi.

      Sonra Hz. Fatimə gəldi. Peyğəmbər (s.ə.s) onu da əbanın altına aldı.

      Sonra Hz. Əli gəldi və onu da oraya aldı.

      (Beləliklə onlar birlikdə əbanın altında qaldılar.)

      Sonra Hz. Peyğəmbər (s.ə.s) bu ayəni oxudu:

      “...Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” (Əhzab, 33/33).[7]

      Bu mənada İslam tarixində Hz. Həsən soyundan gələnlərə “Şərif”, Hz. Hüseynin soyundan gələnlərə isə “Seyid” ünvanı verilmiş, onları sevib hörmət göstərmək Hz. Peyğəmbərə bəslənən sevgi və hörmətin bir təzahürü olaraq görülmüşdür. Həmçinin soylarının qarışmasının qarşısını almaq üçün şəcərələri / soy kötükləri qeyd edilmiş, sədəqə almaları caiz olmadığı üçün maddi ehtiyaclarının təmin edilməsi məqsədilə tarix boyu İslam dövlətləri tərəfindən onlara dövlət büdcəsindən müəyyən vəsait ayrılmışdır.

      Bu, ümumi olaraq tarix boyu əhli-beytin çox sevildiyini göstərir.

      Nəticə olaraq, Hz. Peyğəmbərdən aldığı feyzi həyatının hər mərhələsində yaşatmağa çalışan hər bir müsəlman Peyğəmbərimizə məhəbbət və onun yolundan getmə xüsusundakı həssaslığını onun Əhli-Beytini sevmə, hörmət və ehtiram göstərmə, haqlarını müdafiə etmə və şərəflərinə layiq şəkildə davranma xüsusunda da göstərməlidir.

       


      [1] Bax: Hud, 11/73; Qasas, 28/12.

      [2] Əbu Davud, Mənasik, 56; İbn Macə, Mənasik, 84.

      [3] Müslim, Fəzailus-Səhabə, 36; Əhməd bin Hənbəl, Müsnəd, V, 181; Tirmizi, Mənakib, 32; İbnul-Əsir, Usdul-Ğabə, II, 13.

      [4] Tirmizi, Mənaqib, 32.

      [5] Tirmizi, Mənaqib, 32.

      [6] Bu mövzuda ətraflı məlumat üçün bax: Mustafa Öz, “Əhli-Beyt”, DİA, X, 499.

      [7] Müslim, Fədailus-Səhabə, 61; Ayədə keçən “rics” kəlməsi “şan və şərəfi kirlətmə ehtimalı olan günahlardan təmizlənmək” şəklində təfsir edilmişdir. Bax: Elmalılı Hamdi Yazır, Hak Dini Kuran Dili, VI, 3891-3892.

       

      • Hits: 728 clicks

      Tecox component by www.teglo.info