Home Arxiv 2011 № 61. Dekabr ELŞƏN RZAYEVLƏ REPORTAJ


    ELŞƏN RZAYEVLƏ REPORTAJ

      Share

      İpəkyolu Nəşriyyatının direktoru ELŞƏN RZAYEV: Əsas missiyamız gənclərin milli-mənəvi ruhda inkişafıdır!

      İrfan jurnalı: Elşən müəllim, İpəkyolu Nəşriyyatı bu il İrfan abunəçilərinə hansı kitabları hədiyyə edəcəkdir?

      Elşən Rzayev:  Nəşriyyatımızın təsis etdiyi İrfan jurnalı 2012-ci ilin abunə kampaniyasına start vermişdir. Bildiyiniz kimi hər bir abunəçimizə müxtəlif kitablar hədiyyə etmək artıq ənənəvi hal almışdır. Bu il də ənənəmizə sadiq qalaraq abunəçilərimizə 3 yeni kitab hədiyyə etmək qərarına gəlmişik: “Tam Səhih-Buxari”, “İslam Qəhrəmanları”, “Dualar və Surələr”. İnanırıq ki, hər il olduğu kimi builki hədiyyələrimiz də abunəçilərimizin ürəyincə olacaqdır.

      İrfan jurnalı: Elə isə qısaca olaraq kitabları tanıdardınız mümkünsə!

      Elşən Rzayev: Bildiyiniz kimi hədislər İslam dininin iki əsas qaynağından biridir. Nəzərə alsaq ki, Buxari həzrətləri hədis elmində artıq bir marka halına gəlmişdir və bu gün İslam cəmiyyətinin böyük əksəriyyəti hədis sahəsində ilk mənbə kimi məhz Buxarinin rəvayət etdiyi hədislərə istinad edirlər, biz də üç kitabdan biri kimi dəyərli abunəçilərimizə bu hədislər toplusunu hədiyyə etmək qərarına gəldik. Doğrudur, bu toplu bir neçə cilddən ibarət olacaqdır. Ancaq biz başlanğıc üçün “Tam Səhih-Buxari” adlı kitabın birinci cildini hədiyyə olaraq verəcəyik. Hər halda jurnalın bu sayında kitabı hazırlayan tanınmış ilahiyyatçı Arif Həşimov özü kitab haqda ətraflı məlumat verəcəkdir.

      İkinci hədiyyə kitabımız olan “İslam Qəhrəmanları” kitabı isə İslam dininin günümüzə qədər gəlib çıxması üçün böyük fədakarlıqlar göstərən müsəlman şəxsiyyətlərin həyatlarından və onların qəhrəmanlıq salnaməsindən bəhs edir. İnanırıq ki, bu mübarək insanların həyatları ilə tanış olan hər bir oxucu bir anlıq da olsa onlarla həmhal olacaq və şübhəsiz ki, daxili aləmləri o şəxsiyyətlərin feyzi ilə nurlanacaqdır. Bu gün torpaqlarımızın iyirmi faizinin işğal altında olduğunu nəzərə alsaq, bizim hər zamankından daha çox igidlik və qəhrəmanlıq salnamələri ilə tanış olmağımıza ehtiyac var. Jurnalımızın əsas missiyası da vətəninə, dövlətinə, bayrağına, dininə, milli-mənəvi dəyərlərinə sadiq olan şüurlu gənc nəslin yetişməsinə dəstək olmaqdır. Elə buna görə də məhz biz ikinci hədiyyə kitab olaraq “İslam Qəhrəmanları”nı seçdik.

      Üçüncü hədiyyə kitabımız isə “Dualar və Surələr” kitabıdır. Kitabda Peyğəmbərimizin gündəlik duaları, Qurani-Kərimdə keçən müxtəlif dua ayələri və Qurani-Kərimdən bir neçə surə yer alır. Dua insanda doğuşdan var olan bir hissdir. Hər insan həyatının hər bir anında Allaha sığınma və Ondan yardım istəmə ehtiyacı hiss edər və dua edər. İnsanın həyatındakı ən dəyərli an Uca Allaha yönəldiyi və Onunla baş-başa qaldığı zamanlardır. Allah ilə baş-başa qalmanın ən gözəl vasitəsi isə duadır. Ümid edirik ki, dəyərli abunəçilərimizin ömrü bu kitabdakı dualarla daha da bərəkətlənəcəkdir. 

      • Hits: 753 clicks

      Tecox component by www.teglo.info