Home Arxiv 2011 № 60. Noyabr Nurlan MƏMMƏDZADƏ / QLOBALLAŞMA VƏ BİZ


    Nurlan MƏMMƏDZADƏ / QLOBALLAŞMA VƏ BİZ

      Share

      “Qloballaşma”, “Qlobal dünya”, “Kürəsəlləşmə” və s. kimi terminlər bu gün zəmanəmizin moda halına gəlmiş ifadələrinə çevrilmişdir. Demək olar ki, hər gün bu sözlərlə qarşılaşırıq. Bəs nədir “qloballaşma”? Qloballaşmanın ən gözəl tərifi məşhur kanadalı sosioloq Marshall McLuhan tərəfindən verilmişdir: “global village-qlobal kənd”. Deyildiyi qədər varmış. Bu gün dünya bir kənd halına gəldi. Dünyanın bu başından o biri başına getmək-gəlmək, ən ucqar dağ başında yaşayan bir kənd sakininin belə rahatlıqla “Wall-Street”də baş verənlərdən xəbər tutması bunun ən bariz nümunələrindəndir.

      Qloballaşma, başqa adı ilə desək kürəsəlləşmə məfhumunu doğru anlamaq üçün məsələyə iki aspektdən yanaşmağın vacibliyini düşünürəm.1.Maddə çapında kürəsəlləşmə, 2. Mənəvi dəyərlər üzərində kürəsəlləşmə. Prosesin bütün dünya miqyasında faydalı və ya zərərli olması da daha çox bu faktordan asılıdır. Bu gün qloballaşma amili daha çox iqtisadi sahədə özünü göstərirsə deməli, zəmanəmizin kürəsəlləşməsi maddə üzərində həyata keçirilir. Plüralist fəlsəfə nöqteyi-nəzərindən,  kapitalist zehniyyətlə idarə olunur. Belə olduqda deyə bilərik ki, daha çox iqtisadi cəhətdən varlanmağı hədəf alan bir qrupun və ya müəyyən gücə sahib olanların faydalandığı və dünyanı istismara alət etdiyi bir məfhumdur qloballaşma. Dünyanın hər yerində müəyyən adda restoranlar şəbəkəsi açıb, insanlara hər hansı qidanı yeni bir adla yedirmək, müəyyən içkiləri brendləşdirib bir tərəfdən insanlara içirmək, digər tərəfdən ciblərini doldurmağa, və öz həyat tərzini başqalarına mənimsətməyə, eyni zamanda onları mənimsəməyə çalışmaq, milli-mənəvi dəyərləri heçə saymaq təbii ki, qlobal siyasətin doğru istiqamətlənmədiyini göstərir. Belə olmasaydı, yəqin ki, hər gün bir az daha qloballaşan dünyamızın Afrika qitəsi göz görə-görə səfalət bataqlığında batmazdı. Təəssüf ki, bu gün hansısa özünü alicənab, centlmen adlandıran, əslində isə imperialist düşüncə sahiblərinin qitələrarası istsmarı qloballaşma olaraq saf beyinlərə təlqin edilir. Kürəsəl peyk antennalarımızdan bütün dünya xalqlarına televiziya vasitəsilə ötürülən və hər gün kürəsəlləşən seriallar, gəncləri mənən öldürən axmaq verilişlər qlobal əxlaqsızlıqdan başqa bir şey deyil. Bütün bunları birmənalı olaraq kortəbii qloballaşma adlandırsaq yəqin ki, yanılmarıq. Bu, güclünün təlqini ilə robotlaşdırmadan başqa bir şey deyil hər halda. Əlbəttə, biz fərd və cəmiyyət olaraq qloballaşmaya qarşı çıxmamalıyıq. Lakin onu da unutmamalıyıq ki, hər şeyin bir ədəb çərçivəsi var və qadağan olunmuş hüdudların sərhədinə yaxınlaşmaq bir o qədər yaxşı hal deyil.  Yuxarıda saydığımız bütün neqativ halların baş verməsinin ən böyük, bəlkə də yeganə səbəbi  vasitənin hədəf halına gətirilməsidir.

      Dünyanın qloballaşma ərəfəsində var olmağımız bu prosesə öz rəngimizi qatmağımıza bağlıdır. Dövrün tələblərindən biri kimi dəyirmi masada milli kimliyimizlə özümüzü təmsil etməyin zəruriliyini qəbul etməliyik. Milli şüursa mənəvi köklərə bağlı yaşamaqla formalaşır. Bu gün qloballaşma adına minilliklərin sınağından keçmiş, babaların avazından, nənələrin laylasından süzülərək bizə gəlib çatan muğamımızı bir neçə onillik tarixə malik repə dəyişmək hansı ağlın karıdır görəsən?!

      Mənəvi dəyərlər üzərində həyata keçirilən (və ya keçirilməli olan) qloballaşmada isə müəyyən ədəb-ərkan, başqalarına, əxlaqi və mənəvi dəyərlərə ehtiram, həmçinin bu kimi ali dəyərləri başqalarına mənimsətmə ön planda tutulur. Unutmayaq ki, sahib olduğumuz mədəniyyət, daşıdığımız mənəvi dəyərlər qloballaşma xüsusunda ən böyük düsturlara sahibdir. Hər şeydən əvvəl qeyd etməliyik ki, müqəddəs kitabımız Qurani-Kərim bəşəriyyətə “ey insanlar” deyə xitab edir və cahanşümulluğunu ortaya qoyur. Hz. Peyğəmbərin bir hədisini qeyd edək: “Möminlər bir-birilərnə qarşı məhəbbət və mərhəmətdə bir vücud kimidirlər. Vücudun bir üzvü narahatlıq hiss etdikdə, bütün vücud narahat olaraq, yuxusuz qalıb onun sağalması üçün səfərbər olduğu kimi, müsəlmanlar da bir-birilərinə yardıma tələsməlidirlər!” (Buxari) Bundan daha böyük bir qloballaşma ola bilərmi?! Bu hədisi-şərif sözünü etdiyimiz, mənəvi dəyərlərə söykənən qloballaşmaya təkan verəcək misallardan sadəcə biridir. İslama görə gündə beş vaxt namaz qılan milyonlarla insan eyni istiqamətə yönəlir. Hər il Ramazan ayında milyonlarla insan oruc tutur, eyni duyğunu paylaşır. Həcc ibadətində rəngi, irqi, milləti, iqtisadi səviyyəsi fərqli olan milyonlarla insan eyni evin – Kəbənin ətrafında dolanır ki, bütün bunlar bir amal ətrafında birləşməyi ifadə edir. Budur ideal bir qloballaşma nümunəsi... Sadəcə fikirlər deyil, vücud və ruh da eyni isitiqamətə yönəlmişdir bu kürəsəlləşmədə. Unutmamaq lazımdır ki, bu gün dünyanın iqtisadi kürəsəlləşmədən çox kürəsəl şəfqətə, mərhəmətə ehtiyacı var. Dahi İslam mütəfəkkirlərindən olan, məşhur Məsnəvi müəllifi Hz. Mövlana deyirdi: “Şəms mənə bir şey öyrətdi: “əgər dünyanın harasındasa bir insan soyuqdan üşüyürsə, sənin isinməyə haqqın yoxdur.” Mən bilirəm ki, dünyada üşüyən insanlar var, ona görə də o gündən bu yana isinə bilmirəm!” Son sətirləri yazarkən bu ifadədən daha qlobal bir söz eşitmədiyimi etiraf etməyi özümə borc bilirəm.       

      • Hits: 648 clicks

      Tecox component by www.teglo.info