Elşən RZAYEV /MÜSTƏQİLLİYİMİZİN İYİRMİNCİ İL DÖNÜMÜ

      Share

      Düz 20 il bundan əvvəl Sovet İttifaqının tərkibində respublika statusu ilə təmsil olunsaq da, bu, rəmzi bir dövlət quruluşu idi. Moskvanın icazəsi olmadan nə müstəqil siyasət yürüdülə, nə də qanunlar qəbul edilə bilırdi. Nəhayət bolşevik hakimiyyətinin 70 illik müstəmləkəsinə son qoyuldu.

      Həm azadlıq arzusu, həm də bədnam qonşularımız olan Ermənistanın Azərbaycandan torpaq qoparmaq iştahası xalqımızı daha da qəzəbləndirir, Moskvanın erməni vəhşiliklərinə bilərəkdən göz yumması isə insanların qəzəbini daha da alovlandırırdı. Ölkəmizə qarşı başlanan hücum kampaniyası vətənini sevən hər kəsi meydanlara çıxmağa vadar edirdi. Belə bir zamanda yeganə çıxış yolu yalnız Sovet hakimiyyətindən ayrılmaq, müstəqillik əldə etmək idi. 

      ...Azərbaycanı müstəqilliyə aparan yolda qəbul olunan ilk rəsmi sənəd 1991-ci il avqustun 30-na təsadüf edir. Həmin gün Ali Sovetin növbədənkənar sessiyasında Dövlət İstiqlaliyyəti haqqında bəyannamə qəbul olundu. 1991-ci il oktyabrın 18-də Ali Sovetdə moskvapərəst deputatların canfəşanlığına baxmayaraq, Azərbaycanın istiqlaliyyəti barədə Konstitusiya aktı qəbul edildi. Sənədlərdə olsa belə, o vaxtdan Azərbaycan öz müstəqilliyinə qovuşdu. 

      Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlamışdı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi. Bununla da Müasir Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisi elan olundu. Konstitusiya Aktı siyasi və iqtisadi münasibətlərin fundamental prinsiplərini-bütün təbii sərvətlərin xalqa mənsub olmasını, mülkiyyətin bütün formalarının bərabərliyini, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təmin olunmasını özündə ehtiva edirdi. Azərbaycanın müstəqilliyini birinci tanıyan dövlətsə əlbəttə ki, Türkiyə Cümhuriyyəti oldu.

      Azərbaycan Respublikasınını Ali Sovetinin 18 oktybar 1991-ci il tarixli Konstitusiya Aktının qəbulu və müstəqil  Azərbaycan Respublikasının dövlət, siyasi və iqtisadi quruluşunun əsaslarının təsis olunması növbəti mərhələ oldu. Daha sonra, dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsi keçirildi. Rferendum bülletenlərində yeganə sual qoyulmuşdu: “Siz Azərbaycan Respublikasının Dövlət Müstəqliiyi barədə Konstitusiya Aktını dəstəkləyirsinizmi?” Bu suala bir cavab ola bilərdi və elə böyük əksəriyyət də bu “bəli” cavabını verdi. Artıq 1992-ci ilin mayında o zaman formalaşdırılmış milli parlament (Milli Məclis)  dövlət müstəqilliyinin ayrılmaz atributları olan Azərbaycan Respublikasının Dövlət Himnini (mus. Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadındır), daha sonra dövlət bayrağını və gerbini təsdiqlədi. Yeni Konstitusiya da ümumxalq səsverməsi (12 noyabr 1995-ci il) əsasında qəbul olundu.

      Demək olmaz ki, quruluşun dəyişməsi ölkə və onun sakinləri üçün ağrı-acısız keçdi. Məlumdur ki, keçid dövrü üçün qarışıqlıq, iqtisadi böhran, sosial gərginlik və hakimiyyətdə balansın pozulması ilə müşayiət olunur.  İşsizlik, kriminal ünsürlərin güclənməsi, küçələrdəki atışma və ərzaq qıtlığı çoxunun yaddaşından silinməyib. Amma hər şeyin bir sonu var və “inqilaba yoluxan” Azərbaycan həyat üçün əlverişli məkana çevrildi. Şübhəsiz ki, bu məsələdə iqtisadi siyasətin böyük rolu oldu, belə ki, yanacaq bazasına əsaslanaraq, repsublika sürətlə təkcə hüquqi aktlar əsasında deyil, həm də faktiki olaraq, öz müstəqilliyini və stabilliyini nümayiş etdirə bildi.

      İyirmi il müstəqillik yolunda inamla, qətiyyətlə irəliləyən ölkəmiz artıq dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulub. SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş müttəfiq respublikalarla müqayisədə Azərbaycan sürətlə inkişaf edib, bəzi sahələr üzrə təkcə regionda deyil, dünyada öncül yerlərdə olub. Bu uğurlar ildən-ilə daha da artır, əhəmiyyətli islahatlar aparılır və ölkəmiz iqtisadiyyatın inkişaf tempinə görə dünyada lider dövlətə çevirilir. 

      Müstəqilliyimiz qürur mənbəyimizdir. Hər birimiz - dünyada yaşayan bütün azərbaycanlılar müstəqil Azərbaycanın qazandığı uğurlarla fəxr edir, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun daha da yüksəlməsi, mövqeyinin möhkəmlənməsi və dünyada söz sahibi olması üçün bütün imkanlardan istifadə edirik.

      Tarix felin lazım formasını sevmir, amma tərbiyəvi məqsədlər üçün düşünmək yerinə düşərdi: 1991-ci il olmasa, Azərbaycan necə görünərdi?

      • Hits: 908 clicks

      Tecox component by www.teglo.info