Mübariz AŞIRLI / Qloballaşma və milli şüur

      Share

      Qloballaşan dünyamızda milli-mənəvi dəyərləri, milli şüuru, vətən əxlaqını, vətənpərvərlik ruhunu saxlamaq get-gedə çətinləşməkdədir. Qloballaşma özü ilə elmi-texniki tərəqqini, elmin nailiyyətlərini gətirməklə yanaşı bayağı mədəniyyətin, başqa sözlə desək kütləvi mədəniyyətin gəlişinə də şərait yaradır. Yəni mobil telefon vasitəsilə bir neçə saniyə, dəqiqə ərzində dünyanın istənilən nöqtəsilə əlaqə saxlamaq kimi lazımlı işi görməklə yanaşı, cəmiyyətimiz üçün ziyanlı sayıla biləcək işləri də görmək mümkündür. Bu sıraya interneti, televiziyanı və s. aid etmək olar.

      Məsələnin ən çətin tərəfi qloballaşmanın qarşısıalınmaz bir prosesə çevrilməsidir. Artıq ondan kənarda durmaq, yaxud onun gəlişini əngəlləmək mümkünsüzdür. Buna görə də qloballaşmaya qarşı mənasız mübarizə aparmaqdansa onu olduğu kimi qəbul etmək və bu çərçivədə öz milliliyini, mənəvi dəyərlərini, milli şüurunu saxlamağa çalışmaq daha məqsədəuyğundur. Qloballaşmadan, onun gətirdiyi mənfi fəsadlardan qorxub özünəqapanmağa çalışmaq məhv olmağın başlanğıcı deməkdir. Misal üçün interneti ləğv etməyə və yaxud ondan istifadənin məhdudlaşdırılmasına çalışmaqdansa, onun daha da geniş yayılmasına çalışmaq lazımdır. Sadəcə olaraq internetdən Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin, Türk-İslam ideyasının yayılması üçün geniş şəkildə yararlanmağa çalışmaq lazımdır.

      Qloballaşma artıq sərhədləri də yox etməkdədir. Vaxtilə bu həqiqəti qəbul etməyənlər indi onun nə dərəcədə real olduğunu təsdiqləməkdədirlər. Bu tendensiya da bizi qorxutmamalıdır. Əgər biz bir dövlət və millət olaraq dəqiq konsepsiya müəyyən edə bilsək, milli şüura sahiblənsək sərhədlərin mövcud olub-olmamasının əhəmiyyəti qalmayacaq. Çünki dövlətimizin keçmiş və bugünkü sərhədləri bizim üzrəklərimizə və beynimizə hopacaq. Belə bir situasiyada isə nə qloballaşma, nə də onun zərərli tendensiyaları real təsir edə bilməyəcəkdir.

      Bəs qloballaşmanın mənfi təsirlərindən necə qorunaq, onun müsbət tərəflərindən yararlanıb, mənfi tərəflərindən necə sığortalanaq? Bu məsələyə yuxarıdakı qeydlərimizdə ip ucu verdik. Yalnız milli şüura sahib olmaqla qloballaşma məsələsində “qızıl orta”nı tapmaq mümkündür. Milli şüuru – milləti bir arada saxlayan, onu təşkilatlandıran və vahid məqsədə doğru yol olmasaına yardımçı ola bilən bir vasitə saymaq olar.

      XX əsrin əvvəllərində, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu olan ziyalılarımız tərəfindən bu “Türkləşmək, İslamlaşmaq, Avropalaşmaq” kimi formullaşdırılmışdı. Bunun nə qədər doğru bir formul olduğu zamanın sınağından uğurla çıxaraq öz təsdiqini tapdı. Hazırkı dövrdə də bu prinsip işləməkdə və bizlərə düzgün yolu göstərməkdədir. Lakin bu prinsipə əməl etməklə yanaşı unutmamalıyıq ki, indi dünya 100 il əvvəlki dünya deyil, müasir dövrdə dəyişikliklər, yeniliklər, inkişaf daha sürətli şəkil alıb.

      Qloballaşma prosesi də 100 il əvvəlki inkişaf sürətində deyil. Bu səbəbdən “Türkləşmək, İslamlaşmaq, Avropalaşmaq” prinsipini əsasən saxlamaqla müasir dövrə və şəraitə uyğun konsepsiya hazırlamaq lazımdır. Məhz bu amil millətimizin milli şüurunun daha da formalaşmasına dəstək ola bilər.

      Bu prosesin təşkilində və kütlələrə çatdırılmasında dövlətin ciddi iştirakı tələb olunur. Çünki qloballaşmanın mənfi tendensiyalarından cəmiyyəti qorumaq təşkilatların və ya fərdlərin gücü daxilində deyil. Hansısa təşkilatlar və fərdlər müəyyən qədər duruş gətirə və daha bir neçə nəfəri də sözügedən məsələdə maarifləndirə bilər. Amma bunu axıra qədər saxlamaq qeyri-mümkündür. Əgər saxlamaq mümkün olsa belə o daha çox fərdi əhatə etməkdə çətinlik çəkdiyi üçün sonucda məğlub duruma düşəcək. Buna yol verməmək üçün milli şüura sahib fərdlər həm ayrılıqda, həm də təşkilatlat vasitəsilə dövlətin də ciddi dəstəyi ilə milləti bu çətin sınaqdan alnıaçıq çıxartmalıdır.

      Yeri gəlmişkən təhsil işçilərinə, jurnalistlərə bu məsələdə böyük yük və məsuliyyət düşür. Hər iki təbəqənin nümayəndələrinin əlində kütləni yönləndirmək və formalaşdırmaq üçün böyük imkanlar var. Vaxt ötürmədən bu imkanlardan düzgün və səmərəli istifadə olunmalıdır. Misal üçün deyək ki, orta məktəblərdə İslam dininin tədris olunması qloballaşmanın gətirdiyi mənfi tendensiya olan kütləvi mədəniyyətin yayılmasına qarşı böyük dirəniş ola bilər.

      Yekun olaraq bir daha qlobllaşmadan kənara qaçmaqdansa bu prosesdə aktiv rol almağın önəmli olacağını bildiririk. Sadəcə olaraq bizlər bir toplum olaraq burada Türk-İslam ideoloji prinsipi çərçivəsində, milli şüura sahiblənməklə iştirak edə bilərik. Belə iştirak bizi öz keçmişimizdən, soy-kökümüzdən, mənəvi dəyərlərimizdən ayırmaz, eyni zamanda dünyanın mütərəqqi inkişaf tendensiyalarını da mənimsəməyə yardımçı ola bilər. Sonda məşhur bir deyimi xatırlatmaqla situsiyanı tamamilə aydınlaşdıraq: “Qlobal düşün, milli hərəkət et”. 

      • Hits: 914 clicks

      Tecox component by www.teglo.info