Aqil ƏLİYEV / İXLASI QORUMAQ

      Share

      Rəvayətə görə kəndlərin birində ibadətlə məşğul olan, tövhid dininə mənsub abid kişi var imiş. Bu kişi bir gün eşidir ki, başqa bir kənddə insanlar bir ağacı özlərinə ilah seçib, ona ibadət edirlər. Bu işə bərk hislənib, baltanı da götürb ağacı kəsmək üçün yola düşür.

       Yolda şeytan onun qabağını kəsib fikrindən daşındırmağa çalışır. Şeytan nə qədər əlləşsə də onu fikrindən döndərə bilmir ki bilmir. Sonunda bu kişiylə əlbəyaxa olur. Amma hər dəfə kişi şeytanı üstələyir. Bu səfər abidə qalib gələ bilməyən şeytan başqa bir fəndə əl atır. Şeytan kişiyə belə bir təklif edir. Gəl, sən bu fikrindən vaz keç, mən də hər gün sənin yastığının altına bir dirhəm qoyum. Dünyalıq mənfəətə aldanan kişi bu təklifi qəbul edib, ağacı kəsməkdən vaz keçir. Hər səhər yastığının altından bir dirhəmi götürüb gündəlik ehtiyacını təmin etməyə başlayır.Bu minvalla bir neçə ay keçir. Bir gün yuxudan oyananda yastığının altında dirhəmin olmadığını görür. Şeytana bərk qəzəblənib, baltanı da əlinə alaraq həmin ağacı kəsmək üçün təkrar yola düşür. Yolda yenə şeytan onun qabağına çıxıb ağacı kəsmək fikrindən döndərmək istəyir. Amma nə edirsə kişini yolundan döndərə bilmir. Axırda əlbəyaxa ourlar. Bu səfər şeytan kişini ardı ardına dəfələrlə qaldırıb yerə çırpır. Bu işə mat-məəttəl qalan kişi şeytandan bu işin sirrini soruşur. Şeytan işin sirrini belə açıqlayr: - Keçən dəfə sən ağacı kəsməyə Allah rizası üçün gedirdin və bunun üçün də Allah sənə kömək etdi. Bu səfər isə sən dirhəmlər üçün yola çıxdın. Bunun üçün də Allah sənə kömək etmədi.

                  Bu əhvalatdan yəqin ki, hər birimizin alacağı dərs vardır. Allah rizası üçün edilən əməllərdə Allahın yardımı bizimlədir. Nə zaman ki, araya nəfis və maddi maraqlar girir, bu zaman bu işimizdə Allah (c.c) da bizdən üz döndərir. Qəlbdən keçən düşüncələr yaxşı niyətlə olduğu zaman Allahın (c.c) nəzdində dəyər qazanır. Ona görə də hər bir əməl əsnasında qəlbimiz oyanıq və şüurlu olmalıdır. Dil hər hansı bir şeyə niyyət edərkən qəlb bu düşüncəyə ortaq olmazsa, niyyət qəbul olmaz. Allah-Təala bizim xarici görünüşümüzə, əməllərimizə deyil, qəlblərimizə və niyyətlərimizə baxar. Abdullah bin Ömərin (r.a) alim və zahid oğlu, Mədinənin yeddi fəqihindən biri olan Salim Əməvi xəlifəsi Ömər bin Əbdüləzizə yazdığı məktubda belə demişdi; “Bunu yaxşı bil ki, Allah-Təalanın quluna köməyi, o qulun niyyəti qədərdir. Kimin (səmimi) niyyəti tam olarsa, Allahın ona yardımı da tam olar. Niyyətin nə qədər azalarsa, Allahın köməyi də o qədər azalır.” 

                  Hər zaman bizə doğru yolu göstərən Peyğəmbərimiz (s.ə.s) də bir hədisində əməllərin Allah rizası üçün, ixlasla edilməsinin nə dərəcə əhəmiyyətli olduğunu belə xəbər vermişdi;

      “Qiyamət günündə Allahın hüzuruna ilk gətiriləcək şəxs bir şəhid olacaq. Allah-Təala ondan nə üçün şəhid olduğunu soruşacaq, o da “Sənin rizan üçün” deyincə, “yalan söylədin, sən cəsur adam desinlər deyə vuruşdun” deyiləcək və bu adamı üzü üstə cəhənnəmə atacaqlar. Daha sonra elm əhlindən bir şəxs gətiriləcək. Bu da elmi yalnız Allah üçün öyrəndiyini söyləyəcək. Allah-Təala ona “yalan söylədin, sənə alim desinlər deyə elm öyrəndin. Nə gözəl Quran oxuyur desinlər deyə Quran oxudun”, -deyəcək. Bu şəxsi də cəhənnəmə atacaqlar. Hədisin davamında zəngin bir şəxsin hüzura gətiriləcəyi, onun da malını Allah üçün xərclədiyini söyləyəcəyi, ona da “yalan söylədin, comərd adam desinlər deyə malını xərclədin” deyiləcək və o da cəhənnəmə atılacaq.”  (Müslim, İmarə, 152)

                  Allah Rəsulu (s.ə.s) bu hədisdəki üç şəxsi təsadüfü seçməyib. Bu şəxslərin etdiyi əməllər çox böyük savab qazandıran əməllərdir. Şəhid olmaq, alim olmaq və Allah yolunda infaq etmək Qurani-Kərimdə də qeyd olunan çox fəzilətli, cənnəti qazandıracaq işlərdəndir. Lakin ixlas və səmimiyyət olmadığı üçün burada həmin şəxslərin cəhənnəmə girmələrinə vəsilə olmuşdur. Onların cəhənnəmə girmələrinin bir səbəbi də bu əməlləri ixlassız və səmimiyyətsiz edərək Allaha gizli şərik qoşmalarıdır. Çünki riya ilə edilən işlərdə gizli şərik qoşma vardır. İnsan etdiyi əməllərin savabını Allahdan gözləməyib, kimdənsə təşəkkür və tərif umduğu təqdirdə Allaha gizli şərik qoşmuş olur ki, bunun da aqibəti Allah qorusun cəhənnəm atəşidir. Allah-Təala ixlassız və rizasına uyğun olmayan əməlləri çoxluğuna baxmadan qəbul etməyəcəyini bildirmişdir. İxlasla edilən az əməl isə insana kifayətdir. Belə ki, Rəsulullah (s.ə.s) bir hədisi-şərifində buyurmuşdur:

      “Dinində ixlaslı ol! Belə etsən az əməl də sənə kifayətdir.” (Hakim, IV, 34/7844)

                  Rəsulullah (s.ə.s) özü və bütün ailəsi üçün Allahdan ixlas istəyərək belə dua edərdi; “Ey bizim və hər şeyin Rəbbi olan Allahım! Məni, ailəmi bu dünyada və axirətdə davamlı olaraq Sənə qarşı ixlaslı et, ey cəlal və ikram sahibi olan Allahım!” (Əbu Davud, Vitr,25)

                  Gəlin, biz də hər zaman əməllərimizi ixlasla və Onun rizası üçün edək və bu nəbəvi duayla ixlasa nail olmaq üçün Allahdan yardım istəyək. 

      • Hits: 826 clicks

      Tecox component by www.teglo.info