Salih Zeki Meriç / BİRİ VARDI, BİRİ YOX…

      Share

      Yunus Əmrə həyatın xülasəsini necə də gözəl verir. Qısa və konkret. Gəldiyimiz yer də bəlli, gedəcəyimiz yer də. Gəldiyimiz və gedəcəyimiz yer arasını necə dolduracağımızsa bizim qabiliyyətimizə bağlıdır. Yunus misrasında beləd eyir:

      Ana rəhmindən gəldik bazara;

      Bir kəfən aldıq, döndük məzara!..

      İnsan bu dünyaya qonaqdır. Yaxud da bir ağacın altında qısa müddətlik istirahətdən sonra yoluna davam edən bir yolçudur.

      Bizim dünya və içindəkilərlə əlaqəmiz əsində bu qədərdir.

      Həyatımız təqvimdən qopan vərələq kimi günbəgün, aybaay, ilbəil axıb gedir. Axışını dayandıra bilmədiyimiz zaman hər bir yenini köhnəldir, hər canlını soldurur.

      Payızın özünü göstərdiyi bu zamanda kainat bir ibrət vəsiqəsi kimi qarşımıza qoyulur. Ağaclar saralır, dağlar həzin bir rəngə bürünür.

      Dünən yamyaşıl olan ağaclar, tumurcuq açan çiçəklər, özünəməxsus gözəl rayihəsiylə ətrafa ətir saçan torpaq bu gün dərin səssizliyə və hüznə bürünmüşdür.

      Uzun bir bərzəx aləminə hazırlanırlar sanki. Bir intizar, qərarsızlıq və sona yaxınlaşma. Acı və kədərin qoxusu hər tərəfə hər yana yayılmışdır. Təbiət bir yarpaq kimi ağır-ağır ömrünü doldurur. İnsan da belədir. Yaşlı bir insanın peşmanlığı kimi, qurumuş budaqlarda qəmgin nəğmələr oxuyan bülbülün səsi ürəkləri yandırır.

      Allahın yaratdığı hər canlı üçün eyni qayda keçərlidir: doğulmaq, yaşamaq və ölmək.

      İnsanı digərlərindən ayıran xüsus isə bu gedişatı ağlı və mühakiməsi ilə seyr etməsidir.  İnsanın digər canlılar kimi başıboş buraxılmamasıdır.

      Bu imtahan dünyasında ardarda gələn sınaqlar, udmaq və uduzmağın olduğu nəticə.

      İnsan durmadan bir sonluğa yaxınlaşdığının fərqində olmalıdır. Bitməyəcəkmiş kimi görünən ömrün əslində çox qısa olduğunu dərk etməlidir. Necə ki, bir gün başlayır, sevinci və kədəri ilə sona çatır, hər şey dərin yuxuya dalır, dünya da həmçinin günlərin birində dərin səssizliyə bürünəcək.

      Əsl həyat bu səssizlikdən sonra başlayacaq. Biz imanımızın gərəyi olaraq buna inanır və belə olacağını qəbul edirik.

      Bir gün hər şey sona çatacaq, gerçək və əbədi olan bir həyat başlayacaq. Burada yaşadığımız hər şeyin zərrəsinə qədər hesabını verəcəyik.

      Həyatımızı harada tükətdiyimizin, gücümüzü nəyə sərf etdiyimizin, yaşadığımız müddət ərzində nəyin ardınca düşdüyümüzün, nəfəsimizi harada xərclədiyimizin hesabını tək-tək verəcəyik. 

      Əgər bu hesabdan üzüağ çıxarsaq, dəftəri sağ tərəfindən verilənlərdən olacağıq.

      Əgər hesabı qarışıq, həyatı müəmmalı olanlar qrupuna daxil olarsaq, o zaman peşmanlığımızın bir faydası olmayacaq.

      Bu ibrətli qissə insan ömrünü və fani həyatı necə də gözəl ifadə edir:

      Dükanı şəhərin çıxış qapısında olan bir baqqal vardı. O qapıdan nə zaman bir cənazə çıxsa, dükanda saxladığı bir kuzənin içinə bir meyvə çəyirdəyi atar və bir ay sonra da onları sayaraq:

      “- Bu ay filan qədər adam kuzəyə düşdü!” –deyərdi.

      Bir gün o baqqal da öldü. Aradan xeyli vaxt keçmişdi ki, ölümündən xəbərsiz olan bir dostu onu ziyarətə gəldi. Baqqalı yerində tapmayıb qonşulardan soruşdu:

      “- Buradakı baqqal haralardadı?”

      Qonşuların cavabı belə oldu:

      “- O da kuzəyə düşdü!”

      Bir gün biz də kuzəyə düşəcəyik. Hətta gün gələcək nə kuzə qalacaq, nə də biz. Yalnız özümüzdən sonra qoyub getdiyimiz yaxşı və pis xatirələr qalacaq.

      Əsas məsələ kuzəyə düşmədən əvvəl çiynimizdəki heybəmizə nələr doldurduğumuz, ilahi hüzura nə ilə çaxacağımızdır.

      Rəbbimiz Ali-İmran surəsində üzüağ və üzüqara olanları necə də dəhşətli ifadələrlə təsvir edir:

      Bəzi üzlərin ağ, bəzi üzlərin isə qara olacağı gündə (qiyamət günündə), üzü qara olanlara: “İman gətirəndən sonra kafirmi oldunuz? İndi, kafir olduğunuza görə dadın əzabı!” – deyiləcəkdir. Üzü ağ olanlar isə Allahın mərhəməti içərisində olub orada (cənnətdə) həmişəlik qalacaqlar!” (Ali-İmran, 106-107)

      Üzü ağ, dəftəri ləkəsiz, qəlbi pak, həyatı təmiz edə bilmək üçün faniliyimizin fərqində olub, müvəqqəti həyatda yaşadığımızı və fani bir dünyadan bir fani kimi köçüb gedəcəyimizi unutmamalıyıq.

      Yunusun misralarını təkrar edək:

      Ana rəhmindən gəldik bazara;

      Bir kəfən aldıq, döndük məzara!..

      Budur fani aləmə gələn yolçuların hekayəsi… Hər kəs və hər şey haqqında söylənən yeganə müştərək cümlə: Biri vardı, biri yox…

      • Hits: 849 clicks

      Tecox component by www.teglo.info