Osman Nuri Topbaş / Fədakarlıq Təlimi QURBAN BAYRAMI

      Share

      İnsan həyatı boyu ən böyük fədakarlığı məhəbbəti uğrunda edər. Çünki həqiqi məhəbbətin ölçü nisbəti fədakarlıqdır. Fədakarlıq imtahanından keçməmiş bir məhəbbət quru iddiadan ibarətdir.

      İman isə ən böyük məhəbbətdir. Bu səbəblə də Allah-Təala:

      İnsanlar (möminlər) yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (əl-Ənkəbut, 2) buyurur.

      Həqiqətən iman ilahi lütflərin ən böyüyü, imtahan da bəndənin bu lütfə ləyaqət dərəcəsini ölçən meyardır. Mömindən istənən səbir, təslimiyyət və təqva ilə imanı mühafizə isə bir növ ilahi mükafatlara nailiyyətin qarşılığıdır. Yəni Haqq-Təala lütf etdiyi iman nemətinin ucalığını və dəyərini idrak etdirmək üçün bəndələrindən sanki bir əvəz ödəmələrini tələb edir.

      Bu etibarla kamil möminlərin nəzərində həyat iman məhəbbətinin səviyyəsinin ölçüldüyü bir imtahanlar mənzuməsidir. Mömin Allah yolunda nə qədər fədakarlıq və səy göstərəcəyi və lazım gədikdə Allah üçün dünyəvi mənfəətlərindən hansı ölçüdə vaz keçə biləcəyi xüsusunda daima sınağa çəkilməkdədir. Bu imtahanlardakı müvəffəqiyyəti nisbətində də Rəbbinə yaxın bir bəndə, hətta ən nəhayət Rəbbinin dostu olmaqdadır.

      Xəlilullah, yəni Allahın dostu olan İbrahim u-ın ibrət dolu dolu həyatı bu fədakarlığa açıq-aşkar bir misaldır. Necə ki, Allah-Təala Hz. İbrahimi özünə “dost” seçdikdə mələklər insanın qəlbini işğal edərək Haqqa dostluğuna mane olan üç xüsusu dilə gətirərək:

      “- Ya Rəbb! Onun canı, malı və övladı var! O, bu dəhşətli məhəbbət əngəllərini necə aşa bilər ki, Sənin dostun olsun?” -dedilər.

      Allah-Təala da insan nəfsinin aşmaqda ən çox çətinlik çəkdiyi bu üç xüsusda İbrahim u-ı imtahan edərək, onun dostluğunun nişanəsi olan sarsılmaz təslimiyyətini və bütün varlığını Haqqa fəda etməsini mələklərə sərgilədi.

      Onu əvvəlcə Nəmrudun tonqalı ilə imtahan etdi. İbrahim u oda atılacağı zaman mələklər özlərini çatdırıb yardım etmək istədilər. Lakin o:

      “- Sizə heç bir ehtiyacım yoxdur! Oda yanmaq gücünü kim vermişdir? Odu yalnız yandıran söndürər”, -cavabını verdi. Sonra da “Allah nə gözəl vəkildir!” deyərək Rəbbinə sığındı. Yəni bütpərəstliyə qarşı tövhidi qorumaq üçün yanaraq canını fəda etməyə razı oldu. Allah-Təala da oda:

      “Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol!” (əl-Ənbiya, 69) təlimatını verdi. Alovlu tonqal gülüstana çevrildi.

      Sonra Allah-Təala İbrahim u-ı malı ilə imtahan etdi. Ona sayı-hesabı bilinməyən sürülər ehsan etdi. Sonra da Cəbrayıl u insan cildində gələrək Hz. İbrahimə:

       “- Bu sürülər kimindir? Bunları mənə satarsanmı?” -dedi. O da:

      “- Bu sürülər Rəbbimindir. Rəbbimi zikr et, bu sürüləri sənə bağışlayım.” -dedi.

      İbrahim u -ın malı Cəbrayıl u-ın Allahı üç dəfə zikr etməsi müqabilində bütün əhəmiyyətini itirdi və zikrin ləzzəti ilə ona:

      “- Götür, hamısı sənin olsun!” –dedi.

      Allah-Təala da onun həm nəslinə, həm də malına böyük bir bərəkət verdi. “Əbul-Ənbiya”, yəni “Peyğəmbərlər atası” oldu. Bərəkətlənən hər şeyə onun xatirəsinə “Xəlil İbrahim bərəkəti” deyilməsi bir zərbi-məsələ çevrildi. Möminlər bir-birilərinə bərəkət arzuladıqda “Allah Xəlil İbrahim bərəkəti versin!” –deyə dua etdilər.

      Nəhayət Haqq-Təala Hz. İbrahimi oğlu İsmayıl u-ı qurban etməklə sınadı. Ata-oğul ilahi əmrə tam təslim oldular. Biri, oğulunu qurban etməyə; digəri isə, atası tərəfindən qurban edilməyə gedərkən, Allaha itaət və təslimiyyətlərini pozmağa çalışan şeytanı birlikdə daşladılar. İbrahim u yaşlılıq illərinə qədər həsrətlə yolunu gözlədiyi, canından bir can, öz varlığından meydana gəlmiş pöhrə sayılan, çox sevdiyi övladı İsmayıl u-ı Allahʼın əmri olduğu üçün qurban etmək niyyətiylə alnı üstə yerə yatırtdı. Son anda Allah-Təala imtahanı qazandığını müjdələyərək cənnətdən qurbanlıq bir qoç göndərdi.

       “…Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin! Biz yaxşı ehsan sahiblərini belə mükafatlandırırıq. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi.” (əs-Saffət, 104-106) şəklində ilahi müjdəyə məzhər oldu.

      Beləliklə İbrahim u hər imtahanda Allahın əmrinə itaət etdiyini, canını Ona fəda etməyə, yəni bütün varlığı ilə “qurban” olmağa hazır olduğunu sübut etdi. Qəlbindəki dünyaya aid fani taxtları yıxaraq, yerinə ilahi məhəbbət və dostluq taxtlarını inşa etdi. Çünki o, bütün nemətlərin ilahi bir əmanət olduğunun idrakı içində idi. Əmanəti sahibinə təslim etmək xüsusunda tərəddüd etməksə əsl iman məhəbbətiylə bir araya gələ bilməzdi. Məhz bu cür müstəsna təvəkkül, təslimiyyət və məhəbbəti nəticəsində Allah-Təala onu özünə Xəlil/Dost seçdi.

       

      Qurban Təfəkkürü

      İbrahim u-ın əziz bir xatirəsi olan qurban ibadəti də könülləri Allah üçün fədakarlıq duyğusunun təfəkküründə dərinləşdirməlidir. Çünki bizi yoxdan var edib saysız nemətləriylə təchiz edən Allaha məhəbbət heç bir fədakarlıqdan boyun qaçırmamağı zəruri qılır.

      Unutmamaq lazımdır ki Allahın mülkündə yaşayan bəndənin, Allahın əmanəti olan malından, canından, bir sözlə bütün imkanlarından Allah üçün fədakarlıq etməsi Allaha ikram deyil, Allahın ona bir ikramıdır. Çünki Haqq-Təalanın heç nəyə ehtiyacı yoxdur, lakin bəndələrin Onun rizasına və məhəbbətinə ehtiyacı sonsuzdur.

      Həmçinin Allaha olan sevgimizin səviyyəsi Onun uğrunda dözdüyümüz məşəqqətlər və sevə-sevə etdiyimiz fədakarlıqlar nisbətindədir. Bu səbəblə fədakarlıq və mərhəmət təliminin edildiyi bir mövsüm olan qurban bayramı könül dəryamızda İbrahim u-ın əziz xatirəsini və Haqqa təslimiyyət hissiyyatını dalğalandıran bir rəhmət əsintisidir. Bu əsinti bütün möminləri dərin bir qəlb mühasibəsinə sövq etməlidir:

      Düşünmək lazımdır ki, İbrahim u oğluna olan sevgisini fəda etməyə hazırlaşdı; digər tərəfdən də oğlu İsmayıl u heç bir tərəddüd etmədən canını ortaya qoydu. Şübhəsiz ki, bu hadisə ilə bizə verilən ilahi təlimat;

       

       “Şübhəsiz ki, Allah möminlərin canlarını və mallarını cənnət müqabilində satın almışdır…” (ət-Tövbə, 111) ayeyi-kəriməsinin ehtivasına girməyə cəhd etməkdir.

      Çünki ilahi rizanı qazanmaq üçün Allahın əvəz olaraq istədiklərini Onun yolunda sevə-sevə fəda etmək imanın kamalına və Haqqın dostluğuna nail olmağa vəsilədir. Əsl dostluq isə malikliyi aradan qaldırır. Buna görə də bəndə Allaha aid olduğunu dərk etməli və özünü həmin varlıqlar üzərində müəyyən bir müddət ərzində səlahiyyət sahibi olan bir əmanətçi hökmündə görməlidir.

       

      Ancaq Təqvanız Çatar…

      “Qurban”ın mənası “təqərrüb”, yəni yaxınlaşmaqdır. Haqq-Təala yaxınlığına nail ola bilməmiz və Onunla dostluq iqliminə girə bilməmiz üçün biz bəndələrindən daima qurban istəyir. Yəni malımızla, canımızla, bütün imkanlarımızla fədakarlıq etməmizi arzu edir.

      Buna görə cismani qurbanlardan məqsəd ilahi əmrə itaət etmək surətiylə Ona yaxınlaşma arzusunun izharıdır. Bu niyyətlə kəsilən qurban Allah qatında  müstəsna dəyər qazanır. Necə ki, qurbanda əsas qayənin möminin bu xalis niyyəti olduğu ayeyi-kərimədə belə bildirilir:

       “Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır...” (əl-Həcc, 37)

      Nəticə etibarilə qurban ibadətinin özəyi Allah-Təalaya qeyd-şərtsiz, can-dildən təslim olub, əmrinə itaət etməkdir. Qurbanda Haqq qatına yüksələrək qəbul olunacaq şey də bəndənin bu qəlbi keyfiyyətidir.

      Qurban kəsmək qəlbdəki Allah məhəbbətinin bir ifadəsi olduğu üçün bu ibadətin ifasında göstəriləcək təzim, nəzakət, ədəb və həssaslıq da son dərəcə mühümdür. Bu səbəblə ilk növbədə qurbanları mümkün mərtəbə gözəl, sağlam və cüssəli heyvanlardan seçmək lazımdır. Çünki Haqq-Təala belə buyurur:

      “Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmarsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!” (Ali-İmran, 92)

      Yəni Rəbbimiz rizası yolunda edəcəyimiz fədakarlıqların da mümkün mərtəbə sevib bəyəndiyimiz gözəl şeylərdən olmasınının zəruriliyini bildirir. Çünki riyadan uzaq sədəqələr, infaq və qurbanlar onu verəcəyimiz kasıbın əlinə keçməzdən əvvəl Allahın qüdrət əlinə keçər. Necə ki, ayeyi-kərimədə “…(Allah) sədəqələri alar.” (ət-Tövbə, 104) buyurulmuşdur. Buna görə də edilən infaqları fanilərə deyil, Baqi olan Allaha təqdim edirmiş kimi böyük bir ədəb və həssaslıqla etmək lazımdır.

      Bir dəfə Həzrət Aişə c validəmiz qoxusu bir az dəyişmiş əti sədəqə olaraq vermək istəmiş, Nəbiyyi-Əkrəm r ona:

      “Ey Aişə! Özün yemədiyin bir şeyi sədəqə verəcəksən?!” –buyuraraq xəbərdarlıq etmişdi. (Heysəmi, III, 113)

      Aşağıdakı ayeyi-kərimə də bu xüsusda açıq-aşkar bir xəbərdarlıqdır:

      “Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin (ən pak, halal və) yaxşılarından (Allah yolunda) sərf edin! Ancaq göz yumaraq aldığınız pis, yaramaz şeylərdən vermək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur. (O, hər cür) şükrə (tərifə) layiqdir!” (əl-Bəqərə, 267)

      Həzrət Adəm u-ın oğulları HabilQabil arasında baş verən hadisə də bu xüsusda çox ibrətamizdir:

      Qabil özü ilə eyni bətndən olan baxısı ilə evlənmək istəyirdi. Habilsə bunun dinə uyğun olmadığını, digər bətndən dünyaya gələn bacılarından birini almasının zərurətini xatırlatdı. Qabil bu xəbərdarlığa əhəmiyyət verməyərək, etdiyi hərəkətin doğru olduğunu iddia edərək sözündən dönmədi. Belə olan təqdirdə Habil kimin haqlı olduğu qənaətinə gəlmək üçün təklif etdi ki, Allaha qurban təqdim etsinlər.

      O dövrdə qurban hər kəsin peşəsinə görə əlində olan malından verilirdi. Qurban edilən şeylər bir dağın zirvəsinə qoyulur, bir müddət sonra gedib baxdıqda göydən enən atəş tərəfindən yandırılaraq yox olan qurbanın Allah tərəfindən qəbul edildiyi bilinirdi.

      Habilin qoyun sürüləri vardı. Qurbanlıq olaraq sürüdən ən canlı və gözəl görünüşlü bir qoç seçdi. Qabil isə əkinçiliklə məşğul idi. O da cılız buğda sünbüllərindən bir dəstə bağlayıb qurbanlıq olaraq ayırdı.

      Habillə Qabil aradan bir az keçdikdən sonra qurbanlarını yoxlamaq üçün onları qoyduqları yerə getdilər. Habilin qurban etdiyi qoç qəbul edilmiş, Qabilin cılız buğda dəstəsi isə olduğu kimi qalmışdı. (İbn Sad, I, 36)

      Zira Allahın qatına yüksələn bəndənin təqvasıdır. Təqva üzrə yaşamayan, etiqad, əxlaq və müamilələrində ciddi problemlər olan bir adamın ibadət və əməlləri də düzgün olmaz. Əyri xətkeşlə düz xətt çəkilə bilməz. Bu səbəblə ilahi təlimatlar istiqamətində və təqva üzrə bir həyat yaşamaq şərtdir. Təqvanın gərəyi isə ibadət və xeyirləri “ehsan” səviyyəsində, yəni daima ilahi kameralar altında olduğunun şüur və idrakı ilə ən gözəl bir surətdə ifa etməyə çalışmaqdır.

      Qurbana niyyətlənən bir mömin ilk növbədə tam bir ixlas duyğusu içində olmalı, niyyətinə faniləri ortaq etməkdən diqqətlə çəkinməlidir. Qonum-qonşunun qınağından çəkinmək, cəmiyyətdəki etibarının zədələnməsindən qorxmaq kimi nəfsani qayğılarla qurban kəsməməlidir. Yeganə qayə Allahın rizası olmalıdır. Qurbanı məqbul qılacaq olan xüsusun bu xalis niyyət olduğunu heç vaxt unutmamaq lazımdır.

      Həzrət Peyğəmbər r belə buyurur:

      “Qurban bayramının birinci günü Adəm oğlunun gördüyü işlərin Allaha ən sevimlisi (qurban) qanı axıtmaqdır. Qiyamət günü həmin qurban buynuzları, dırnaqları və tükləriylə gələcək. Qurbanın qanı da yerə düşmədən Allahın rizasına nail olar və (ibadəti) qəbul edilər. Elə isə qurbanlarınızı könül xoşluğu ilə kəsin!” (İbn Macə, Ədahi, 3; Tirmizi, Ədahi, 1/1493)

      Deməli, qurbanı qəlbimizdə ən kiçik bir noqsan olmadan, əksinə, Allah sevgisi və iman ləzzətiylə, Allah üçün fədakarlıq etməyin vicdan raharlığı ilə kəsmək lazımdır.

      Digər tərəfdən qurbanlar dini həyatın nişanələrindəndir. Hər bir müsəlmanın qurbana böyük əhəmiyyət və dəyər verməsi onun imanından irəli gəlir. Ayeyi-kərimədə buyurulur: “…Hər kim Allahın ayinlərinə (nişanələrinə) hörmət etsə, (bilsin ki,) bu, qəlblərin təqvasındandır.” (əl-Həcc, 32)

      Bəzi qafillərin qurban ibadətini xor görməsi və ya mənimsəməməsi -ən xəfif ifadə ilə- cəhalət, ona “qanlı bayram” kimi çirkin ad qoymaqsa sonu küfrə aparan hədsiz dərəcə təhlükəli sözlərdir. Hər bir imkan sahibi olan mömin qurban kəsmək məcburiyyətindədir. Çünki Rəsulullah r -in bu xüsusdakı xəbərdarlığı çox dəhşətlidir:

      “Hər kim maddi imkanları əlverişli olduğu halda qurban bayramında qurban kəsməzsə, namazgahımıza yaxınlaşmasın!” (İbn Macə, Ədahi, 2)

      Deməli, Allahın lütf etdiyi saysız-hesabsız nemətlərə rəğmən Allah üçün bir qurban kəsməkdən boyun qaçıracaq qədər xəsis bir adamın İslam cəmiyyətində yeri yoxdur. Dinimizin qoyduğu şərtləri daşıyan hər bir müsəlmanın qurban kəsməyi vacibdir. Necə ki, Hz. Peyğəmbər r belə buyurur:

      “Ey insanlar! Hər bir ev xalqına qurban kəsmək vacibdir.” (İbn Macə, Ədahi, 2; Tirmizi, Ədahi, 18/1518)

       

      Qurban Ədəbi

      Hər şeydən əvvəl qurbanın Allah üçün edilən bir ibadət olduğu unudulmamalı, bu mübarək günlərdə zikr, təfəkkür və şükürlə ibadət vəcdini mühafizə etməlidir. Həmçinin heyvan kəsməyi bacaranlar qurbanlarını şəxsən özləri kəsməli, qurbanın ruh və mənasını yaxından hiss etməyə səy göstərməlidirlər. Hz. Peyğəmbər r Vida Həccində 100 qurbanından 63-nü şəxsən özü kəsmişdir. Özü kəsə bilməyənlərsə bu işi bacaran birinə vəkalət verməli, lakin imkan varsa, heyvan kəsilərkən xüşu, təzim və ehtiram duyğuları içində yanında gözləməlidirlər.

      Necə ki, Rəsulullah r belə buyurmuşdur:

      “Ey Fatimə! Qalx, qurbanının yanında ol! Unutma ki, onun qanından yerə düşən ilk damla ilə işləmiş olduğun (kiçik) günahlar əfv edilir.” (Hakim, IV, 247/7524; Heysəmi, IV, 17; Beyhəqi, Şuab, V, 483)

      Həmçinin qurbanlıq heyvanlarla da gözəl rəftar etmək, onları hürkütməmək, susuzdursa su içirdib rahatlatmaq və kəsim yerinə gözəlliklə aparmaq lazımdır. Qurbanı iti bıçaqla kəsmək və ona heç bir şəkildə əziyyət etməmək lazımdır. Əziz Peyğəmbərimiz r də bıçağın heyvanların görməyəcəyi bir yerdə itilənməsini əmr etmiş və bu tapşırığı vermişdir:

      “Sizdən biri heyvanını kəsəcəyi zaman o işi sürətli görsün!” (İbn Macə, Zəbaih, 3)

      “Allah hər işi ən gözəl şəkildə görməyi əmr etmişdir… (Qurban) kəsdiyiniz zaman bu işi ən yaxşı səviyyədə kəsin! Hər biriniz bıçağını itiləsin və heyvanını rahatlasın!” (Müslim, Sayd, 57; Tirmizi, Diyət, 14/1409)

       

      İnfaq, Mərhəmət, Qayğıkeşlik…

      Qurban maldan və candan fədakarlıq mənası daşıdığı üçün mühüm bir infaq və mərhəmət təlqinidir. Qurbanda bəndənin payına düşən əsas qazanc da onun ehtiyac sahiblərinə verilən hissəsidir. Aşağıdakı hadisə bu gerçəyi necə də gözəl xülasə edir:

      Həzrət Peyğəmbərin xanımı bir qoyun kəsmişdi. Ətləri bir çox yerə payladıqdan sonra Rəsulullah r ondan geriyə nə qaldığını soruşdu. Aişə validəmiz:

      “- Yalnız bir kürək sümüyü qaldı.” –dedi.

      Bu cavabı alan Hz. Peyğəmbər:

      “- (Ya Aişə), demək ki, bir kürək sümüyü xaric hamısı bizim oldu!” –buyurdu.

      Qurban ətini üç hissəyə ayırmaq müstəhəbdir. Üçdə biri kasıblara, üçdə biri ailə üzvlərinə, üçdə biri də qonum-qonşuya, dostlara və qonaqlara hədiyyə edilir. Lakin ailəsi böyük olanlar ehtiyac olduğu təqdirdə qurbanın hamısını ailə üzvlərinə saxlaya bilərlər. Belə olduğu təqdirdə də bir neçə kasıba sədəqə vermək gözəl əməl sayılmışdır.

      Həmçinin imkan sahibi olan möminlər vacib qurbanlarını öz bölgələrində kəsməli, lakin qəza, bəla və xəstəliklərin dəf olunması, Allahın lütf etdiyi nemətlərin şükrü və din qardaşlarına yardım əlini uzada bilmək üçün imkan varsa, sədəqə olaraq da qurbanlar kəsib dünyanın dörd bir tərəfindəki möhtaclara paylamağa səy göstərməlidirlər. Zira bu gün başda Afrika olmaqla aclıq və səfalətin hökm sürdüyü bir çox ölkədə milyonlarla müsəlman İslam qardaşlığının bu müstəsna təzahürünü həsrətlə gözləməkdə, hətta bu qardaşlarımızın bir qismi qurban vəsiləsiylə ildə bir dəfə də olsa ət yeyə bilməyin xəyalını qurmaqdadırlar.

      İstanbula ziyarətə gələn afrikalı bir dostumuz:

      “- İnanın, bu qurban bayramında da yolunuzu gözləyən çox insan var.” –deyərək, bizə məşəqqət içində qıvranan o bölgədəki qardaşlarımızın dəvətini çatdırmış və din qardaşlığı məsuliyyətimizi bir daha xatırlatmışdı.

      Müsəlman ruhunu inkişaf etdirərək bütün məxluqata əminlik hissi verən bir rəhmət dərgahıdır. Dünyanın hər yerindəki din qardaşlarından özünü məsul bilən qayğıkeş insandır. Bu mübarək günlərdə sözünü etdiyimiz bu halın ən gözəl təzahürü könlümüzün çata bildiyi hər yerdəki qardaşlarımıza qurban vəsiləsiylə bir bayram sevinci yaşada bilməkdir.

      Bu səbəblə yaşadığımız mübarək günlərdə rizayi-ilahini üzərimizə daha çox cəlb etmək üçün -bir parça qurban ətiylə də olsa- yetim, kimsəsiz, kasıb və çarəsizləri, xüsusilə də əsrimizin insanlığı tərəfindən Afrikada zülm görən milyonlarla din qardaşımızı könül dərgahımıza qəbul etməyə çalışaq, bununla da din qardaşlığı hüququnun tələbini ifa edək.

      Unutmayaq ki, ümmətinə bir ananın övladına olan şəfqət və mərhəmətindən daha çox mərhəmət edən Rəhmət Peyğəmbəri r həm öz adından, həm də ümmətindən gücü çatmayanlar adından qurbanlar kəsərdi. (Əbu Davud, Ədahi, 3-4/2792; İbn Sad, I, 249)

      Düşünmək lazımdır ki, nəbəvi tərbiyə ilə yetişən əshabi-kiram bu dövrdə yaşasaydı, qurban ibadətini necə yeksək bir fədakarlıqla ifa edərdilər. Ümmətindən qurban kəsə bilməyənlər üçün Peyğəmbərimizin göstərdiyi o şəfqət, mərhəmət və comərdliyi bu gün Ümməti-Məhəmməd olaraq biz də -imkanlarımız nisbətində- yaşamağa çalışmalıyıq. Çünki bu cəhdimiz bizi belə bir mərhəmət sahibi olan Peyğəmbərə ümmət edən Allah-Təalaya ən gözəl şükür ifadələrindən biridir.

      Haqq-Təala bizi dünyada Rəsulullah r-in mübarək izindən, axirətdə də səadət kölgəsindən ayırmasın. Çünki ən böyük bayram Hz. Peyğəmbərin Həmd Bayrağı altında toplanaraq şəfaətinə nail olmaq bəxtiyarlığıdır.

      Unutmayaq ki, bu dünya fədakarlıq diyarıdır. Bu fədakarlığın mükafatı olaraq Allah-Təala bir bəndələrini Darus-Salama, yəni səadət və əmin-amanlıq yurdu olan cənnətə dəvət etməkdədir. Bu cənnət dəvətinə ləyaqət üçün də fani bayramları əbədiyyət bayramının sərmayəsinə çevirə bilmə fərasətiylə yaşamağımızı istəyir. Həzrət Mövlananın buyurduğu kimi:

      “Qiyamət günü ala-bula öküzlər, yəni pis düşüncəli kafirlər və fasiqlər üçün qorxunc bir qurban bayramıdır. O gün öküzlərə (yəni Allahdan uzaq qafillərə) ölüm, möminlərə isə bayram günüdür!”

      Allah-Təala qurbanlarımızı İbrahim u-ın könlündəki fədakarlıq, təslimiyyət, riza, təqva və məhəbbətdən pay alaraq kəsə bilməyi, məzlum və möhtac din qardaşlarımıza hədiyyə verərək, bayram sevincini onların da qəlblərinə yaşada bilməyi hər birimizə qismət etsin. Həqiqi bayramların səadət və sevinciylə millətimizin, vətənimizin və bütün İslam aləminin üzünü güldürsün…

      Amin!

       

      • Hits: 690 clicks

      Tecox component by www.teglo.info