Rüfət Şirinov / Yenidən doğulma...

      Share

      Uca yaradanın ən ali varlıq olaraq xəlq etdiyi bəşər övladı nəfsə malik varlıq olduğuna görə hər biri mütləq günah işləmiş vəya xəta etmişdir. Hər insanın daxilində etmək istəmədiyi və etdiyinə görə peşmançılıq hissi keçirdiyi müəyyən günah və xətaları vardır. Məhz buna görə də Peyğəmbər əleyhissalam bizlərə müəyyən keyfiyyətləri əlimizdən çıxmadan dəyərini bilməyimizi və ən pak şəkildə Allahın hüzurna çıxmağımızı tövsiyə edir. Məsələn; yaşlılıq gəlmədən cavanlığın, xəstəlik gəlmədən sağlamlığın qədrini bilməyimizi tövsiyə etməsinin səbəbi də gecikmədən malik olduğumuz dəyər və nemətlərin  qədrini bilməyi öyrətmək və layiqli şəkildə istifadə edərək şükrünü əda etməkdir.

                  Bəşər övladının ən çox unutduğu və xatırlama cəsarətini göstərə bilmədiyi xususlardan biri də ölüm və axirətdir. Ağıllı insan dünyada ikən axirətini qazanan insandır. Çünki dünya axirətin tarlasıdır. Faydalı şeylər əkilməlidir ki, axirətdə faydalı şeylər biçilsin. Qiyamət günündə bütün  insanlar yenidən dirildilib sorğu-suala çəkildiyi zaman, yenidən dünyaya geri qaytarılmağı təmənni edəcək ki, işləmiş olduğu günahları bir  daha işləməsin və ya savabları daha da çoxaltsın, axirət sərmayəsini daha da zənginləşdirsin. Bu barədə Qurani-Kərimdə belə buyurulur: “Odun üzərində dayandırıldıqları vaxt onların: “Kaş ki, bizi (dünyaya) qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq”– dediklərini görəydin!” (əl-Ənam, 27)

      Əslində Uca Allah bəndələrinə bu dünyada ikən  müəyyən vasitə və səbəblərlə günahlarını bağışlaması üçün fürsətlər vemişdir. Məsələn; müəyyən vaxtlarda edilən duaların qəbul olunması, müəyyən gecələrdə edilən niyazların geri çevrilməməsi kimi həqiqətlər bunun isbatıdır. Bu vasitələrdən ən dəyərlisi və mötəbəri isə əlbəttə ki, mövsumunə yaxınlaşdığımız müqəddəs torpaqlara edilən həcc və ya il boyu xüsusilə də Ramazan ayında edilən ümrə ziyarətləridir. Günahkar insanların axirətdə “Kaş ki, bizi (dünyaya) qaytaraydılar! “ təmənnilərini o müqəddəs məkanlarda  xatırlamamaq mümkün deyil. Çünki hər kəsin bəyazlara bürünərək tavaf etməsi qiyamət səhnəsini xatırladır insana. Axirətdə olduğu kimi bütün maddiyyatın unudulub ixlas və səmimiyyətin ön plana çıxdığı bir səhnədir Kəbə səhnəsi. Maddiyyatın sıfırlandığı, mənəviyyatın zirvələşdiyi bir məkandır, o müqəddəs torpaqlar. Yenidən doğulmuş kimi günahsızlaşma fürsətinin verildiyi məkan və zamandır oralar. Əgər bir insan hesab günündə yenidən dünyaya dönərək daha çox savab işləməyi təmənni edəcəksə, o fürsəti həcc və ümrə edərək bu dünyada əldə edə bilər. Cünki müjdəni bizə Peyğəmbər əleyhissalam verir: “Bir ümrə növbəti ümrəyə qədər işlənən günahlar üçün kəffarədir. Məqbul həccin qarşılığı ancaq cənnətdir.” (Buxari, Ümrə 1) Oraları səmimiyəti ilə ziyarət edib dönən insan həyatına necə davam edirsə, yenidən dünyaya göndərilsə də eyni şəkildə həyatına davam edəcəkdir. Odur ki, yenidən dünyaya göndərilmə imakanının verilməyəcəyi bir zamanda yenidən doğulmağı təmənni etməkdənsə, bu dünyada bizə yenidən doğulmaq üçün verilən fürsəti dəyərləndirməlidir, hər bir müsəlman. Tətil vaxtlarını və ya yay tətillərini dünyanın müxtəlif tətil yerlərinə gedərək maddi və mənəvi zərərə düşərək boş keçirməkdənsə, dünyanın ən gözəl mənzərəsi olan Kəbə mənzərəsini izləyərək və yüksək səviyyədə mənəviyyata bürünərək keçirmək daha faydalıdır. 

      İslamın bütün şərtlərinin müşəxxəs şəkildə sərgiləndiyi və yaşandığı məkanlardır, müqəddəs torpaqlar. İslamın yardımlaşma, birlik-bərabərlik, qardaşlıq dini olduğunu müşahidə etmək mümkündür, orada. Üstünlüyün sadəcə təqva ilə olduğunu görürsünüz orada. Çünki hər kəs eyni keyfiyyətdə libas geyinib, eyni ibadətləri eyni makanda edir. Dünyanın (maddi cəhətdən) ən zəngini ilə ən yoxsulu eyni ibadətləri edir, eyni məkanda gəzir. Allah qatında ən dəyərlimiz, təqva cəhətindən ən üstün olanımızdır.” (Hucurat surəsi 13) ayəsinin həqiqətini müşahidə edir və yaşayırsınız.

      Xülasə, fərz olaraq ömründə bir dəfə yerinə yetirilən həcc günahlardan təmizlənmək üçün bir fürsətdir. Bu fürsətdən lazımlı şəkildə faydalanmaq, bu ibadətə ruhi və fiziki olaraq yüksək səviyyədə hazırlaşmaq lazımdır. Əlbəttə ki, ruhi hazırlığın başında ixlas, səmimiyyət gəlir. Çünki ixlas ibadətlərin özəyidir. Buna görə də həccə getməyi düşünən hər bir kəs qətiyyətlə riya və göstərişdən, haci adını qazanma kimi kimlərinsə yanında etibar qazanma qayğısından uzaqlaşmalıdır. Həcc əsnasında yaşadığı mənəvi həzz və duyğularını həyatın hər mərhələsinə və hər anına yaymağa çalışmalıdır. Günahlardan təmizlənərək yenidən doğulma fürsəti olduğunu unutmayaraq maksimun səviyyədə fürsəti dəyərləndirməlidir.

      Allah hər bir müsəlmana məbrur (qəbul olunan) həc və ümrə etməyi və günahlardan təmizlənərək yenidən doğulmuş günahsız uşaq kimi dönməyi hər bir müsəlmana qismət etsin.

      • Hits: 787 clicks

      Tecox component by www.teglo.info