REPORTAJ

      Share

      QAFQAZ MÜSƏLMANLAIR İDARƏSİNİN SƏDR MÜAVİNİ HACI ELDAR MİKAYIL-ZADƏ

      İrfan: Azərbaycanda hər il zəvvarların sayı durmadan artır. Bu nədən qaynaqlanır? Bəlkə o torpaqların cazibə qüvvəsidir insanları özünə çəkən. Həcc təəssüratlarınızı bizimlə bölüşün mümkünsə. Səfərə çıxmaq üzrə olan hacılara öz tövsiyələrinizi deyin.

      Hacı Eldar:

      Verdiyiniz sual ətrafında danışmaq həddindən artıq çətindir. Mən ilk dəfə 1991-ci ildə getdim həccə. Müstəqilliyimizin ilk ilində. Həcdən qayıtmağımın üstündən bir neçə həftə keçmişdi. Onda dərk elədim ki, mən həccə getmişdim. Necə gedib-gəldiyimi heç dərk eləməmişdim. Bu mənim savadsızlığımdan, laqeydliyimdən və ya dünya görüşümün azlığından irəli gəlmirdi təbii ki. Oranın təsir gücünün böyüklüyündən irəli gəlirdi. Sanki yuxuda olmuşdum. Gələndən sonra düşünməyə başladım və özümü qınadım ki, mən nə üçün layiqincə faydalanmadım bu ibadətdən. Axı o torpaqların hər qarışında Hz. Peyğəmbərin ayaq izləri var, mən niyə üzümü sürtmədim ora. Onda Sovetlərdən  yeni ayrılmışdıq, hələ tam formalaşmamışdı bizdə o təfəkkür. Bilirsiniz ki, yağış narın yağanda torpağa hopur, faydalı olur. Amma yağış güclü yağanda torpağa xeyri omur, sel kimi axıb gedir. Mən də o zaman eynilə belə oldum. Hacılara tövsiyəyə gəlincə isə, haccın şərtləri, zəvvarın orada nə edəcəyi Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təlim edilir. Mən burada həclə bağlı öz arzumu bölüşmək istərdim. Mən düşünürəm ki, həcc proqramı bir az daha geniş olsa yaxşı olar. Məsələn Rəsulullahın anası Əminənin məzarında niyə dayanmayaq? Niyə Həbbabın asıldığı yeri ziyarət etməyək? Hansı ki, mələklərin dəfn etdiyi səhabədir. İslam tarixini oxuduqca düşünürəm ki, çox əlalətdar yerləri ziyarət etmək lazımdır, dualar edilməli, namazlar qılınmalıdır həmin yerlərdə. Hz. Peyğəmbərlə, xəlifələrlə, səhabələrlə əlaqədar yerlərə baş çəkilməlidir. Onsuz da orada boş vaxt çox olur. Camaat bazarı gəzir. Ondansa dediyim kimi maraqlı, mənəviyyat hopuş yerlər gəzilsə daha yaxşı olar. Mən həmişə şeyxin müavini kimi qafilə rəhbəri olaraq getdiyimə görə zəvvarları qoyub gedə bilmirdim. Özüm üçün ziyarət olunacaq yerlərin cədvəlini hazırlamışam. Bu dəfəistəyirəm ki, sərbəst olum və oraları ziyarət edim. Bu kimi yerlərdə müəyyən duyğuları hiss etmək mühümdür. Oralarda Allaha əl açılmalıdır, heç olmazsa iki rükət namaz qılınmalıdır və s. Məkkə və Mədinənin hər daşına mənəvi təcəllilər hopub. Mən istərdim ki, bu şüurla həcc edilsin. İslam tarixi, Peyğəmbərin həyatı öyrənilsə, dərk edildikdən sonra həcc olunsa tamam fərqli ibadət ab-havası yaşanar. Əlbəttə ki, oraya gedən hər kəs fərzi yerinə yetirir. Amma çalışıb bu duyğulara sahib olmaq mühümdür.

      Məkkəyə “ümmül-qura” – “şəhərlərin anası” deyilir. Bu nə deməkdir? Ora əslində insanlığın anasıdır. Bizim hər birimizin çıxdığı rəhimdir. Mən Kəbəni ana göbəyi kimi görürəm. biz ordan qidalanmışıq, o rəhimdən çıxmışıq. Mən düşünürəm ki, həcc bizim ana bətninə qayıdışımızdır. Peyğəmbər (s.ə.s) də hədisi-şərifində həcdən qayıdanların anadan yenidən doğulmuş kimi günahlardan paklanaraq qayıtdığını buyurur. Dediyim fikri təsdiq edir bu hədis. Deməli, biz yenidən doğuluruq dünyaya. Mən çox istərdim ki, təvaf edən insan nə üçün təvaf etdiyinin fərqində olsun. Onsuz da ibadəti yerinə yetirilir, onsuz da həmin əziyyəti çəkir adam. Amma dərk etsə tamam fərqli feyz yaşayar insan. Təvaf nədir? Təvaf çox şeydir. Dünyanın, həyatın var olması təvaf üstədir. Üryimiz Kəbə kimidir, qanımız dövr edərək öz təvafını yerinə yetirir. Qan təvafı dursa, həyat bitər. yer kürəsi günəşin başına dolanır. Bir an geciksə hər şey dağılar. Atomda təvaf var. Atomlar təvafını dayandırsa, əlimizdə tutğuğumuş kiçik əşyalar həddən artıq ağır olar. İnsan təvaf edərkən Allaha “ləbbeyk” deyir. Yəni ey Rəbbim mən də sənin qoyduğun bu nizama qoşuluram. Kainatda qoyduğun nizamın bir parçası olduğumu dərk edirəm... Mədinə də ata evidir sanki. Mədinədə özümü daha yaxşı hiss edirəm. Orada gözəl hal var. Qədim kişilər deyərdilər ki; “Yer var yuxarıdan idarə olunur, yer var torpağın altından idarə olunur.” Mədinə də yerin altından idarə olunan yerdir. Orada Rəsulullahdır rəhbər. Sanki adamı kənardan idarə edirlər. Əsas olan odur ki, hər bir hacı nə üçün həcc etdiyini, nə üçün ziyarətə gəldiyini dərk eləsin. Dediyim kimi, məhz onda tamam fərqli duyğular yaşanar.  

      GƏNCLİYƏ YARDIM FONDUNUN ƏMƏKDAŞI HACI ZƏKİ ŞAHİN

      İrfan jurnalı:

      Zəki bəy! Siz dəfələrlə həcc ziyarətində olmusunuz. Bu ziyarətdə çox adamlar görmüsünüz. Azərbaycandan gedən hacılarla bağlı müşahidələriniz necədir? Gedəcək olan zəvvarlara hansı tövsiyələriniz var?

      Hacı Zəki:

      İlk növbədə onu qeyd edək ki, 70 il Sovet rejimində yaşayan Azərbaycan xalqı uzun zaman həcc həsrətiylə yaşamışdır. O dövrdə tək-tük adamlar həccə gedə bilirdi ki, bu da böyük əziyyətlər nəticəsində mümkün olurdu. Bu gün şükürlər olsun ki, həccə getmək sərbəstliyi yaranmışdır və xalq bu fürsətdən lazımınca istifadə edir. Hal-hazırda həccə atla, dəvəylə, piyada getmiş babaların nəvələri həccə getmək üçün sözün yaxşı mənasında bir-biriylə yarışırlar. Bütün bunlar sevindirici haldır. Lakin könül istərdi ki, insanlar həccə getməzdən əvvəl oranın ab-havasını yaşasınlar. Burada ikən namazlara və s. fərz ibadətlərə riayət etsinlər. Hər bir müsəlman üçün vacib olan Qurani-Kərimi oxumağı bacarsınlar. Məkkədə başqa yerlərdən gələn hacıların rahatlıqla Kəbəyə baxaraq Quran oxuduğunun şahidi oluruq. Amma bizim hacıların əksəriyyəti təəssüf ki, bu xüsusda bir az geridə qalır. Həvəs var, amma bu işə vaxt ayırmırlar. Buna görə heç olmazsa həccə getmədən əvvəl burada kurslara gedib müqəddəs kitabımızı oxumağı öyrənmələrini tövsiyə edirəm. söz açılmışkən qeyd edək ki, Quran oxumaq elə hamımızın borcudur. Rəbbimizin bizə göndərdiyi, doğru yol rəhbəridir Quran.

      Dinin bəzi hökmləri var ki, onları həccə getmədən öyrənmək lazımdır. Qafqaz Müsəlmanları İdarəsi bu məsələdə iki-üç ay əvvəldən lazımi kursları keçir. Biz də həclə bağlı kitablar, CD-lər paylayırıq zəvvarlara. Bundan məqsəd onları maarifləndirməkdir. Həcc əslində çətin və şərəfli ibadətdir. Qayda-qanunlarını, fərz, vacib, sünnələrini öyrənmək lazımdır. Mümkün mərtəbə gənc yaşda getmək gərəkdir. Daha doğrusu belə deyək, ələ fürsət düşən kimi bunu dəyərləndirmək lazımdır. həcc insanın həyatını dəyişdirir. İnsan hər şeydən uzaqlaşaraq özünü tamamən Allaha həsr edir bu ibadətdə. Mal və canı ilə Rəbbin rizasını qazanmaq üçün səy göstərir. Axirət mənzərəsini yaşayırsan orada və geri qayıdanda hər şeydən təmizlənmiş olaraq dönürsən. Buna görə də imkanı olan hər bir müsəlmanın ilk fürsətdə həccə getməsini qətiyyətlə tövsiyə edirəm. 

      TANINMIŞ MÜĞƏNNİ HACI NADİR BAYRAMLI

      İrfan: Nadir müəllim, bildiyimizə görə bu yaxınlarda ümrə ziyarətindən qayıtmısınız. Bir neçə il əvvəl İslamın şərti olan həcc ziyarətini də yerinə yetirmisiniz. Bizimlə oralarla bağlı təəssüratlarınızı bölüşərdiniz mümkünsə. Oralarda hansı atmosfer hakimdir?

       

      Hacı Nadir:

      Əvvəlcə qeyd edim ki, gedib gözlə görməsəniz oraları anlatmaq çox çətindir. Hətta imkansızdır. Sadəcə aciz kəlmələrlə ifadə edə bildiklərimizi dilə gətiririk biz. Hər şeydən əvvəl deyək ki, Kəbeyi-Müəzzəmə beytullahdır. Həmçinin bu səfərdə ziyarət ediləcək əsas yerlərdən biri də Həzrət Peyğəmbərin mübarək qəbri-şərifidir. Məhz buna görə də təyyarəyə minməzdən əvvəl insanın qəlbi ifadə olunması mümkünsüz hisslərlə dolur. Bir həyəcan basır adamı. Özünü unudur hər kəs. Təbii ki, çıxdığı səfərin fərqindədirsə. İnsan kimliyini, sahib olduğu peşəsini, yaxınlarını unudur bu yola addımını atanda. Həmçinin bir az da qorxu hiss edir qəlbində ki, bir növ Rəbbimin hüzuruna gedirəm, görəsən mən Ona layiqəmmi, bu səfərdən qayıdarkən əliboş qalmayacağam ki... Ramazan ayını orada keçirdim. İlk beş günü Mədinədə qaldıq və Peyğəmbərimizin məscidində ibadətlərimizi əda etdik. Yaxınlarımız, xalqımız üçün dualar etdik. Dualar içində ən çox tövbə-istiğfar yer alırdı. Sonra Məkkəyə yollandıq. Beytullahı görəndə həyəcan bürüdü bizi. Hava çox isti də olsa, orucumuzu tutmağa davam etdik. Qəlbimizdəki oralara olan susuzluq bizə oruclu ikən hiss edəcəyimiz susuzluğu hiss etdirmirdi. Hətta axşam azanından sonra iftarı açmaq heç yadımıza da düşmürdü. Bir də baxırsan ki, ətrafda hamı orucunu açır. Onda xatırlayırsan ki, sən orucunu açmalısan. Bu da oraların mənəvi ab-havasından irəli gəlir. Əsrimizin insanı o havanı tənəffüs etməlidir. Məhz onda dünya firavan olar. Bütün irqlərin, millətlərin qardaşlıq simvoludur həcc.

      İlk dəfə həcc ziyarətində 2006-cı ildə olmuşam. Qayıdarkən öz-özümə sual verdim ki, görəsən mən bir daha buraya gəlmək istəyirəmmi? Həcc ibadətinin çətinliklərini, əziyyətini nəzərə alıb qərara gəldim ki, çətin gələrəm bir daha. Düşünürdüm ki, kimlərisə göndərərəm. lakin Azərbaycana gələndən təxminən iki ay sonra oraları düşünüb ağlayırdım. Can atırdım ora. Bir neçə dəfə həccə getsəm də düşünürdüm ki, Ramazanda ümrə ziyarətinə getməliyəm. Şükür Allaha ki, Aəzrbaycanda ilk dəfə Ramazan ümrəsi üçün qafilə hazırlıqlaır başladı. Mən də oğlumla birlikdə bu qrupa qoşuldum. Onu da qeyd edim ki, Ramazan ümrəsi özünəməxsusluğu ilə seçilir. Ona görə hər kəsə tövsiyə edirəm. Ramazan ümrəsini Həzrət Peyğəmbər də Ramazan ümrəsiylə bağlı buyurur ki; “Kim Ramazan ayında mükəmməl bir ümrə edərsə, mənimlə həcc etmiş kimi savab alar.” Təravih namazları, təhəccüd namazları, bu namazların sonunda edilən dualar insanı tamam fərqli atmosferə aparır.

       

      • Hits: 833 clicks

      Tecox component by www.teglo.info