Elşən RZAYEV / AZARKEŞLƏR

      Share

      İslam qeyd-şərtsiz təslim olmaqdır... Nəyə təslim olmaq?.. Əlbəttə, həqiqətə. Həqiqət isə, yalnız həqiqətə könül verəni təslim alar. Beləliklə də özünü  ona təslim edər. Çünki o, özünü yalnız “mömin”ə əmanət edir. Buna görə də mömin “etimad edilən və əmin” kimsədir. Və yenə elə buna görə də Allah sadəcə “Mütləq Həqiqət” mənasını ifadə edən “əl-Haqq” deyil, eyni zamanda “etimad və iman qaynağı” olan “əl-Mömin”dir. Mütləq Həqiqət olan Allaha etimad etmədən Ona təslim olmaq qeyri-mümkündür. Həmçinin Ona təslim olmadan etimad etmək də...

      Bir tərəfdə həqiqət deyə dərdi olan, digər tərəfdə həqiqətlə dərdi olanlar var. Müsəlman olmaq həqiqət adlı bir dərdi olmaqdır. Həqiqətlə dərdi olanların müsəlmanlıq iddiası Quranın isbat edilməmiş iman sahibləri üçün işlətdiyi “əlləzinə əmənu” qrupuna aid olan müsəlmanlıqdır, Allahın qəbul etdiyi iman sahibləri üçün işlətdiyi “muminun” qrupuna aid olan bir müsəlmanlıq deyil.

      Bəli, iman cövhəri möminin ən qiymətli sərmayəsidir. İman bütün ibadətlərdən üstündür. İman isə kitabi biliklər və nəzəriyyə ilə deyil, duyulub hiss edilən, qəlbə nəqş edilən və nəticədə davranışlara əks etdirilən həqiqətlər ilə yaşanır.

      İman ilahi bir lütf, imtahan imanın möhkəmliyini ölçən bir meyar, mömindən istənilən isə imanı yad ünsürlərdən qorumaqdır. Yəni Allahın lütf etdiyi iman nemətinin ucalığını və dəyərini dərk etməkdir.

      Ancaq təəssüf ki, bəzən iman nemətinin ucalığını və dəyərini dərk edə bilmirik. Bizim imanımız ən yaxşı halda müsəlmana azarkeşlik etməkdən o tərəfə keçmir. “Müsəlman azarkeşi” ifadəsi sizə qəribə gəldi, elə deyilmi? Axı indiyə qədər biz futbol azarkeşi, voleybol azarkeşi, filan-filan azarkeşi eşitmisiniz. Ancaq müsəlman azarkeşi ifadəsini əminəm ki, ilk dəfədir eşidirsiniz. Olsun. Hər şeyin bir ilki vardır, deyirlər. Bu ifadə hardan ağlıma gəldi, istəyirəm ona bir az aydınnlıq gətirim:

      Biz əlhamdulillah, müsəlmanıq. Soruşulanda hər zaman belə deyirik. Bu belə də olmalıdır. Çünki İslam bir fitrət dinidir. Və yaradılışındakı insanlıq xüsusiyyətini itirməyən hər bir kəsin dini olmalıdır. Ancaq iş İslamdan irəli gələn həyat tərzinə gəldikdə məsələ bir az qəlizləşir. Axı əslində “Müsəlman əlindən və dilindən hər kəsin əmin olduğu bir kimsədir”, “Müsəlman əmanətə xəyanət etməz”, “Müsəlman verdiyi sözün üstündə durar”, “Müsəlman əsla yalan danışmaz” və s. kimi xüsusiyyətləri özündə cəm etməlidir hər bir müsəlman. Diqqət edin, özündə daşımalıdır yox, özündə cəm etməlidir. Yəni bunlardan biri əskik olarsa, deməli imanda zəiflik, müsəlman olmaqda problem var.

      Nədənsə biz həmişə müsəlman şəxsiyyətindən misal vermək lazım gələndə özümüzü deyil, 1400 il əvvəl yaşayan insanları nümunə olaraq göstəririk. Və ya ən yaxşı halda müasir dövrümüzdən misal vermək istəsək, ən az yüzlərlə kilometr uzaqlıqdakı bir insanı göstəririk. Axı biz əgər müsəlmanıqsa, o gözəl xüsusiyyətlər bizdə də olmalı deyilmi? Deməli, biz müsəlmanaxas xüsusiyyətləri özümüzdə deyil, başqasında görüb və o xüsusiyyətlərə müsəlmanlıq adına seviniriksə, o halda bizimki azarkeşlikdən başqa nədir ki? 

      Nədənsə biz, yaxşı ilə pisi bir yerdə yaşamaq istəyirik. Haqqı batilə qarışdırdıqda haqq olmaz qardaşım! Yaxşını pisə qarışdırdıqda pis heç vaxt yaxşı olmaz. Halalı harama qarışdırdıqda haram halal olmaz, ancaq halal haram olar. Eynilə halal suyu şəraba qarışdırmaq, halal şəhvəti haram zinaya qarışdırmaq, halal pulu haram faizə qarışdırmaq kimi... 

      Unutmayın, Haqqa sarılmanın şərti haqqı haqq bilmək, batildən uzaq olmağın şərti isə batili batil bilməkdir. Düzdür musiqidə popuri, sənətkarlıqda şəbəkə, içkidə kokteyl yaxşı ola bilər. Lakin dünyanın ən pis qarışığı haqq-batil qarışığıdır. Bu qarışıq imanı zəhərləyər.

      Uca Allah Qurani-Kərimdə Ənkəbut surəsinin 2-ci ayəsində “İnsanlar yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?” buyurur. 

      İnsanların öz gözündə tiri görməyib başqalarının gözündə tük axtardığı; fitnə-fəsadı, qeybəti həyat düsturu etdiyi; sadəcə özlərini düşündüyü; haram-halal demədən qazanc həvəsində olduğu; pul gəlsin, əvəzində nə aparırsa aparsın dediyi; bildikləri ilə əməl etməyib göstəriş üçün artistlik etdiyi; ədalətə şahidlik etmədiyi bir dövrdə yaşamaqdan həzz almaq və həyata sarılmaq nə məna ifadə edir görəsən?  

      • Hits: 768 clicks

      Tecox component by www.teglo.info