İbrahim Erol / DİNİN VƏ DİNDARIN DİLİ

      Share

      Dil iki mənada işlənmişdir. Birincisi, bildiyimiz dil, ikincisi idə könül və ürək mənasındadır. “Dil yarəsini andıracaq yarə bulunmaz / Dünyada könül yarəsinə çarə bulunmaz” beytində dil ikinci mənada, yəni könül mənasında işlənmişdir. Bu səbəblə dil eyni zamanda qəlbin də tərcümanıdır. Alimlərimiz “iman qəlb ilə təsdiq, dil ilə iqrardır” deyərkən bir mənada dinin dildə yaşadığını da qeyd etmişlər.

      Dini dilə gətirməyin və dinin sahibini hər zaman anmağın və xatırlamağın adı olan “zikr” dinin dilə gəlmiş halı deyilmi? Doğumundan ölümünə qədər dindar bir insan müqəddəs olandan bəhs edər, əlini açıb dua edər. beləliklə din də, dindarın qəlbi də dilə gəlmiş olar.

      Din qəlbin içindəkiləri göstərən bir güzgüdür əlbəttə ki. Buna görə həyatın hər sahəsində dil ilə birlikdədir. Din eyni zamanda inanan bir insanı təmsil məqamında, həm də isbat məqamındadır. Bunu dərk edən insna sözlərini diqqətlə seçməli, danışdığı zaman öz halını təmsil edən bir dil işlətməlidir.

      Adət-ənənələrimiz də din dilindən təsirlənmiş, yaşadığımız mühitdə baş verən hadisələr qarşısında sərgilədiyimiz dindən qaynaqlanan reaksiyalarımız, cavab və yozumlarımız həm dinimizə uyğun, həm də mömin bir insanın həqiqi şəxsiyyətini ortaya çıxaracaq bir səviyyədə olmuşdur. Yeni dəstəmaz alan bir insana “Allah qəbul etsin”, yeni dünyaya gəlmiş bir körpə üçün “Allah atalı, analı böyütsün, uzun ömürlü olsun” deyilməsi dindarın dilinə nümunə göstərilə bilər.

      Bu misalları daha da artırmaq mümkündür. Xəstə ziyarətində “Allah şəfa versin, günahlarımıza kəffarə olsun” deyilir. Səhər oyanan insan şükür edərək oyanar. Axşam yatağına girən duasını oxuyaraq girər. Səfərə çıxan “Allaha əmanət olun” deyər, yola salan da “Yaxşı yol” deyərək uğurlayar. Səhər tezdən ilk alverini edən tacir günə “Siftə sizdən, bərəkət Allahdan” deyərək başlayar. İşə başlarkən “bismillah” deyilir. Ölənə Allahdan rəhmət istənir, ailə üzvlərinə də başsağlığı verilərək hər kəsin öləcəyi xatırladılır.

        Dindarın dili müjdələyicidir. Nifrət etdirməz və digər insanları özündən uzaqlaşdırmaz. Hər zaman duaçıdır. Sadəcə özünə deyil, dostlarına, digər möminlərə, millətinə və vətəninə dua edər. digər insanların da dua etməsinə səbəb olar. Bu şirin dil bütün sevgiləri ortaya çıxaracaq bir qaynaqdır. Möminin işlətdiyi gözəl dil sayəsində insan insanı sevər. Bununla da kifayətlənməz, torpağını, vətənini və millətini sevər.

      Möminin dili mötədildir. Daima orta yolu tutar. Bu səbəblə Allaha inanan insanlar sözlərini “inşallah” və ya “maşallah” kəlmələriylə sonlandırarlar. Bizim nə istəməyimizdən asılı olmayaraq hər şey yalnız Uca Allahın diləməsiylə və dilədiyi şəkildə həyata keçir. Bu qaydanı bilən və buna razı olan insanlar “bu işi mütləq görərəm”, “mütləq olacaq”, “ancaq mən bilərəm” kimi qətiyyətli sözlər sərf etməz.

      Dinini sevən insanlar başlarına bəla və müsibət gəldikdə “Allah yox eləsin” deyərək lənət oxumazlar. Əksinə, “xeyirlisi bu imiş” və ya “xeyirlisi olsun” deyərək Uca Allaha qarşı sevgi, etiram göstərərlər. möminin dili mehriban dildir. Böyüklərinə hörmətdə qüsur etməz. Evdə ata-anasına, iş yerində yoldaşlarına, küçədə, avtobusda və s. yerlərdə daima hörməti əsas alan bir dindir möminin dili. Əmredici deyil, ricaçıdır. “Et”, “düzəlt” yerinə “edə bilərsinizmi” ifadələrini işlədir.

      Dilimiz dinlə, dinimiz də dillə qorunmazsa, gələcək nəsillərimiz üçün təhlükəli nəticələrin ortaya çıxması ehtimal olunur. Kin, nifrət, düşmənlik kimi cəmiyyətlərə ağır zərbə vuran xəstəliklərin təməlində dildən səviyyəsiz istifadə yatır. Dildəki bu keyfiyyətsizlik və səviyyəsizlik bir müddət sonra insani əlaqələrə də sirayət edər və sosial planda da keyfiyyət aşağı düşər. lakin yuxarıda bəhs etdiyimiz şəkildə Allaha inanan insanların işlətdiklıəri sevgi və hörmət prinsiplərinə əsaslanan dil və üslub öncəliklə fərdləri, ailələri, kəndləri, rayonları, şəhərləri, bütün xalqları və hətta ölkələri də bir-birinə bağlayan və düşmənçilikləri aradan qaldıran bir dərman kimidir. 

      • Hits: 907 clicks

      Tecox component by www.teglo.info