Rüfət ƏHMƏDZADƏ / QAFQAZ İSLAM ORDUSUNUN BAKI UĞRUNDA DÖYÜŞÜ

      Share

      Bildiyimiz kimi, Azərbaycan əraziləri tarixin bütün mərhələlərində çox böyük strateji əhəmiyyətə malik olmuşdur. Belə ki, Xəzər dənizinin təsiri və bölgədə qovşaq rolunu oynaması Azərbaycanın dünya miqyasındakı rolunu daha da artırmışdır. Eyni zamanda XX əsrin əvvəllərində dünya neftlə yeni tanış olurdu. Məhz belə bir dövrdə Xəzər dənizi və onun ətraf bölgələrində zəngin karbohidrogen birləşmələrindən ibarət olan yataqların tapılması Azərbaycan üçün çox əhəmiyyətli hadisə idi.

      Təbii ki, bu zənginlik beynəlxalq aləmdə güc və balansı öz nəzarətində saxlamağa çalışan bir çox hegemon dövlətlərin Azərbaycana olan marağını daha da artırmış oldu. Birinci Dünya Müharibəsində Osmanlı dövlətinə qarşı çar Rusiyası ilə birlikdə  könüllü erməni hərbi birləşmələri də iştirak edirdi. 1917-ci ildə Rusiyada baş verən fevral inqilabı və oktyabr çevriliçi bir çox xalqların müstəqil dövlətlərinin yaranması ilə nəticələndi. Məhz belə bir tarixi şəraitdə xalqımızın qabaqcıl ziyalıları Azərbaycan Xalq Cümhuriyyətini yaratdılar. Erməni hərbi birləşmələri Osmanlı ərazisində öz istəklərinə çata bilməcəyini görüb bütün  hərbi qüvvələrini Azərbaycan ərazilərinə yerləşdirməyə başlamışdırlar. Onlar bolşevik bayrağı altında öz məkirli siyasətlərini həyata keçirirdirlər. Yeni dövlətimizin özünü qoruya biləcək nizami bir ordusu yox idi. Həmin dövrdə Azərbaycan bir tərəfdən erməni-rus birləşmələrinin, digər tərəfdən ingilis imperialistlərinin təzyiqlərinə məruz qalmışdı. Bu düşmən qüvvələr Azərbaycan üzərində öz maraqlarını təmin etmək üçün mübarizə apararaq insanlığa yaraşmayan hər cür üsul və vasitələrdən istifadə edirdilər. Azərbaycan torpaqları erməni daşnakları və rus bolşevikləri tərəfindən işğal edilir, əhalisi isə qoca, cavan, qadın, uşaq demədən qətlə yetirilirdi. Həmin dövrdə iqtisadi, siyasi və hərbi cəhətdən böhran içərisində olan Osmanlı Dövləti bu zaman 600 illik ömrünün ən çətin dövrlərini yaşayırdı. Osmanlı dövləti bütünlükdə 7 cəbhədə hərbi əməliyyatlar həyata keçirirdi. Osmanlı yıxılırdı, bu yıxılma iztirabı və acısı ilə birlikdə daxili və xarici qüvvələrlə, o cümlədən  Qərb dövlətləri ilə təkbaşına mübarizə aparırdı. Digər tərəfdən də yanında olan əzəli qardaşlarının düşmənini düşmən, dostunu da dost bilərək onlara yardım edirdi.

       Azərbaycan xalqı, onun qabaqcıl ziyalıları bir dövlətin istibdadının digər dövlətin işğalı ilə əvəzlənməsinə yol verə bilməzdilər. Xalqın maraqlarının ifaçısı olan Milli Şura ölkənin müstəqilliyini təkbaşına qoruya bilmədiyindən, kömək üçün Osmanlı dövlətinə müraciət etdi. Məhz Qafqaz İslam ordusu Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşanın xüsusi təşəbbüsü ilə yaradıldı. Bu ordunun yaradılmasını gənc və təcrübəsiz olmasına baxmayaraq öz qardaşı Nuru Paşaya tapşırmışdı. Nuru Paşa kiçik bir qüvvə ilə əvvəlcə vəziyyəti öyrənmək üçün Təbrizə, sonra isə Zəngəzura, oradan da Qarabağa və nəhayət 1918-ci ilin yay aylarında Gəncəyə gələrək öz qərargahını qurur. Ordu qüvvələrinin Azərbaycandan ümumilikdə Qafqazda yaşayan müsəlmanlardan təşkil olunması nəzərdə tutulurdu. Rus-erməni birləşmələri Azərbaycanın əksər regionlarında kifayət qədər böyük hərbi gücə malik idi.

      Belə bir dövrdə müəyyən zabit heyəti ilə Azərbaycana gələn Nuru Paşa düşmənə qarşı güclərinin zəif olduğunu başa düşdü. Xalq Osmanlı ordusunu toy-bayramla qəbul etsə də, həmin dövrdə əsgər yığmaq məsələsi çətin idi. İlk dəfə Azərbaycandan cəmi 37-ə yaxın könüllülər ordu sıralarına yazılmışdı. Məsələnin mürəkkəb olduğunu görən Nuru Paşa yenidən Osmanlı dövlətinin hərbi nazirinə müraciət edərək hərbi texnika, əsgəri qüvvə istədi. Məhz Ənvər Paşa Osmanlının şərq ordularını birləşdirərək əmisi oğlu Tələt Paşanı rəhbər təyin etdi. Tələt Paşaya tam göstəriş verildi ki, Qafqaz İslam Ordusu hər cür hərbi təchizatla təmin edilsin. Bununla da Şərq ordularından toplanmış böyük bir ordu yenidən Azərbaycana göndərildi.

      Bütün yay ayları ərzində Qafqaz İslam Ordusu Gəncədən Bakıya qədər döyüşdü. Məhz bu zaman Gəncə azərbaycanlıların yeganə ümid yeri idi. Əli silah tutan könüllülər Gəncəyə axışır, Müsəlman Korpusuna yazılırdılar. Hələ Milli Ordu təkmilləşməyə macal tapmamış bolşevik qüvvələri 18 min ordu ilə Gəncə şəhəri üzərində hücuma başladı. Amazaspın komandirlik etdiyi bolşevik erməni qüvvələri ilə Müsəlman Korpusu arasında döyüş iyunun 16-da oldu. Cəmi 2 min nəfərdən ibarət olan milli qüvvələr geri çəkilmək məcburiyyətində qaldılar. Yalnız iyunun 17-də Osmanlı dövləti tərəfindən göndərilən müsəlman türk qoşunları ertəsi gün hücuma keçdilər. Azərbaycan-türk qoşunlarının 10-cu Qafqaz alayı ilk döyüşdə 200-dən artıq əsgərini itirdi. Bu itkidən sarsılan Nuru Paşa və Əlağa Şıxlinski dərhal Göyçaya gəldilər. Qafqaz İslam Ordusu Azərbaycanın hərbi hissələri ilə birgə 1918-ci il iyunun 29-da Göyçay-Qaraməryəm istiqamətində əks hücuma keçdi. İlk saatlardan bolşeviklər müsəlman-türk ordusunun zərbələrinə tab gətirə bilmirdi. Artıq iyulun 1-də Qaraməryəm azad edilmişdi. Ertəsi gün Ağsu yaxınlığında döyüşlər gedirdi. Avetisyanın rəhbərlik etdiyi daşnak-bolşevik qüvvələri döyüş meydanında 800-ə yaxın ölü və yaralı qoyub qaçırlar. Avqustun əvvəllərindən başlayaraq Bakı istiqamətinə doğru çox ağır  döyüşlər başladı. Düşmənlər mövqelərimizi hərbi təyyarədən və Xəzər dənizindəki hərbi gəmilərdən artilleriya atəşinə tuturdular. Qafqaz İslam Ordusu avqustun 31-də Binəqədi, Digah, Məhəmmədi kəndlərini  düşmən qüvvələrdən tamamilə təmizlədi.  Belə bir dövrdə Osmanlı dövlətinin Şərq Ordular Qrupunun komandanı Xəlil Paşa Bakını düşmənlərdən təmizləmək üçün Nuru Paşanın xahişi ilə Qara kilsədən Bakıya xeyli hərbi qüvvə göndərdi. Osmanlı dövlətinin qüvvələri ilə bərabər Azərbaycan qüvvələri də artmış, Qazax, Gəncə, Zaqatala, Şəki, Cavanşir, Ağdam, Göyçay, Salyan, Quba və Bakı ətrafı süvari polis təşkilatı və silahlı könüllü qrupları yaradılmışdı. Azərbaycanlılardan ibarət silahlı hissələr də Qafqaz İslam Ordusunun tərkibinə daxil olundu. Nuru Paşa sentyabrın 13-də Bakının azad olunması üçün hücum haqqında əmr imzaladı. Qafqaz İslam Ordusu Bakı uğrunda qanlı döyüşə başladı. İngilis döyüşçüləri 180 nəfər itki və yüzlərlə yaralılar olmaqla 14 sentyabr saat 11.00 radalərində Bakını tərk etdilər.  15 sentyabr 1918-ci ildə səhərin açılması ilə topçularımız atəşə başlamış və saat 15.00 radələrində Bakı tamamilə düşməndən azad edilmişdi. Tezliklə Bakıda asayiş bərpa olundu və sentyabırın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası tərəfindən formalaşdırılan ilk Milli Hökumət Gəncədən Bakıya köçdü. Eyni zamanda Nuru Paşa da öz qərargahını Bakıya köçürdü və bununla da Milli Ordu Quruculuğunun əsası qoyulmuş oldu. Beləliklə Qafqaz İslam Ordusunun Bakını və azərbaycanlıları düşməndən azad etməsi Osmanlı dövlətinin gənc Azərbaycan Xalq Cümhuriyyətinə əsl qardaşlıq yardımı idi. Bu tarixi hadisə imperializmin işğalına məruz qalan Azərbaycan xalqına Osmanlı dövlətinin insanlıq və ümmətçilik nöqteyi-nəzərindən göstərdiyi qayğı idi.

      Məhz bu tarixi hadisə Türkiyə və Azərbaycan münasibətlərində qardaşlıq simvolunun əsasına çevrilmiş oldu.

      • Hits: 907 clicks

      Tecox component by www.teglo.info