Aqil ƏLİYEV / HİDAYƏT RƏHBƏRİ

      Share

      İlk insan və ilk peyğəmbər olan Adəm (ə.s)-la başlayan insanlıq heç bir zaman ilahi təlimatlardan uzaq olmamışdır. Hər bir peyğəmbərdən sonra yeni bir peyğəmbər gəlmiş və ehtiyac olduqca Allah (c.c) tərəfindən suhuflar (səhifələr) və kitablar göndərilmişdir. Göndərilmiş bu peyğəmbərlər və kitablar insanlara ən doğru yolu göstərmiş, cəmiyyətlərin qorunması, insanların bir-biriləri ilə sosial münasibətlərin daha sağlam və adil olması üçün bir sıra qaydalar qoymuşdur. Bu ilahi nizama və təlimatlara tabe olub, o yolda məsafə qət edən  cəmiyyətlər daim azad, firavan və xoşbəxt yaşamış, tabe olmayıb başqa yollar axtaran toplumlar da yollarını azıb fəlakətə düçar olmuşlar.

      Səmavi kitabların sonuncusu olan Qurani-Kərim də biz müsəlmanlara və eyni zamanda bütün bəşəriyyətə göndərilmiş ilahi bir nizam və qaydalar toplusudur. Quranın ən böyük xüsusiyyəti doğru yolu göstərən, zülmətdən nura çıxaran, qəlblərə şəfa verən, rəhmət və hidayət qaynağı olmasıdır. Allah (c.c) bu həqiqəti bizə belə xəbər verir: “Ey insanlar! Sizə Rəbbinizdən bir öyüd, könüllərə bir şəfa, möminlər üçün bir hidayət və rəhmət gəlmişdir.” (Yunus, 57) Eyni zamanda Quran haqqı batildən ayıran, İslam düşmənlərinə meydan oxuyan, öz möcüzələri ilə insanları heyran qoyan, oxunduqca gözə, qulağa, qəlbə xoş gələn ilahi bir kitabdır. Allah (c.c) Qurani-Kərimin bu xüsusiyyətlərinə belə diqqət çəkməkdədir; “ Əlif Lam Mim. Bu, özündə heç bir şübhə olmayan, müttəqilər (Allahdan çox qorxanlar) üçün hidayət rəhbəri olan, yol göstərən bir kitabdır.” (əl-Bəqərə, 1-2), “Biz Qurandan sənə elə bir şey endiririk ki, o möminlər üçün şəfa və rəhmətdir; zalımların isə ancaq ziyanını artırır.” (əl-İsra, 82), Quranın şəfa olması mövzusunda Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Sizə bu iki şəfa qaynağını tövsiyə edirəm; Bal və Quran” (İbn Macə, Tibb, 7)

      Qurani-Kərimin bir başqa xüsusiyyəti də digər səmavi kitablar kimi müəyyən bir zamana qədər deyil, qiyamətə qədər hökmünün davam etməsi və Allah (c.c) təfəfindən qorunmasıdır. Ayədə belə buyurulur; “Həqiqətən də Zikri (Quranı) biz endirdik, əlbəttə yenə də onu (qiyamət gününə qədər) biz qoruyacağıq.” (əl-Hicr, 9)

      Qurani-Kərim səmadan biz insanlara endirilmiş sağlam bir ipdir. Bu ipdən tutan cəmiyyətlər daima yüksəlmiş, elmdə, sənətdə, əxlaqda irəli getmiş, ipin ucunu qaçıranlar isə şeytanın hiyləsinə aldanıb parçalanmış, əvvəlcə dində dost, qardaş ikən daha sonra düşmənlərə çevrilmiş və  yüksək dəyərlərdən uzaq qalmışlar. Allah (c.c) belə buyurur: “Hamılıqla Allahın ipinə (İslama, Qurana) möhkəm-möhkəm yapışın; parçalanmayın...” (Ali-İmran, 103), “Özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra parçalanıb ayrılığa düşənlər kimi olmayın...” (Ali-İmran, 105) İslam ümməti olaraq təfriqədən, parçalanmadan xilas olmağımızın yeganə yolu Allahın ipindən yapışmaq, Quranı öyrənmək və mütəmadi olaraq oxumaqdır. Dənizdə boğulan bir insan düşünün. Ona nə qədər xilasedici vasitələr uzatsan heç birini tutmasa, öz gücümə buradan xilas olacağam desə, onun boğulmaqdan xilas olması nə qədər mümkündür? Eləcə də Qurandan uzaq düşən insanların öz nəfsani arzularının, aldadıcı dünyanın və şeytanın çirkabından xilas olması mümkün deyil. Digər tərəfdən Quranı oxuyub başa düşməyin əsl hədəfi onu həyatımızın hər sahəsində yaşamaqdır. Ayədə belə buyurulur; “Sənə bu mübarək Kitabı, ayələrini yaxşı-yaxşı düşünsünlər və ağlı olanlar öyüd alsınlar deyə endirdik.” (Sad, 29),  “Allahın kitabını oxuyanlar, namazı qılanlar və özlərinə verdiyimiz ruzidən gizli və aşkar infaq edənlər, əsla zərərə uğramayacaq bir qazanc ümid edə bilərlər.” (Fatir, 29)

      Quranı oxuyub onunla əməl edildiyi zaman şeytanın nə hala düşdüyünü Allah Rəsulu (s.ə.s) bir misalla belə anladır: “Adəm oğlu Qurandan səcdə ayələrini oxuyar və səcdə edərsə, şeytan ağlayaraq oradan ayrılar və belə deyər: “Heyf mənim halıma! İnsan oğlu səcdə etməklə əmr olundu və səcdə etdi, bunun müqabilində ona cənnət var. Mən də səcdə etməklə əmr olundum, amma səcdə etmədim. Mənə də atəş var.” (Müslim, İman, 133)

      Qurani-Kərimi öyrənib onu oxumaqla yanaşı, Quran xidmətində durmaq da çox mühüm və fəzilətli əməllərdəndir. Biz Rəsulullahın, səhabələrin və onlardan sonra gələn elm əhlinin həyatına baxdığımız zaman görərik ki, bu insanlar Quranın xidmətində çox ciddi və diqqətlə durmuşlar. Bizdən öncəki nəsillərin Quranı və eyni zamanda hədis elmini öyrənmək və öyrətmək üçün nə qədər uzaq məsafələr qət etdiklərinin şahidi oluruq. Bunu biz də çox yaxşı bilməliyik ki, insanlığa hidayət rəhbəri olan Qurani-Kərim uca Allahın biz qullarına göndərmiş olduğu ilahi bir əmanətdir. Bu əmanəti nəfsimizdən başlayaraq Allahın qullarına çatdırmaq ən önəmli xidmətdir. Allah Rəsulu (s.ə.s) belə buyurur: “Sizin ən xeyirliniz Qurani-Kərimi öyrənən və onu başqalarına öyrədəndir.(Buxari, Fəzailil-Quran, 21)

      Xülasə, Qurani-Kərimə olan ehtiyacımızı əsla unutmamalıyıq. Quran ilə hər zaman bir ünsiyyət içində olmalı, onun əmr və qadağalarına riayət etməliyik. Əksinə hərəkət etmək isə böyük bir ziyan və əbədi gələcəyi fani ləzzətlər uğruna itirməkdir.

      • Hits: 721 clicks

      Tecox component by www.teglo.info