Anar Qurbanov / SUAL CAVAB

      Share

      Sual: Ramazanda bir qadının müəyyən qadınlıq halı zühur edərsə, yeyib-içə bilərmi? Müəyyən halı sona çatdıqda yeyib-içməsi günah olarmı?

      Cavab: Ramazanda imsak vaxtından sonra heyzdən kəsilən qadın o gün oruclu olanlar kimi yeyib-içməz. İmsak vaxtından sonra heyz görən qadın isə həmin gün yeyib-içər. Hər iki halda da ogünkü orucunu sonra qəza edər. Vaxt içində namaz qılmadan əvvəl heyz görən şəxs həmin vaxtın namazını qəza etməz. İftardan əvvəl heyz başlayarsa, oruc pozular. Ramazandan sonra bu oruc qəza edər.

      Sual: Oruclu ikən günah işləmək, qeybət etmək harama baxmaq orucu pozarmı?

      Cavab: Bu hallar orucu pozmaz, lakin xüsusilə oruclu ikən günahdan daha çox uzaq durmaq lazımdır. Oruclu ikən günahlara davam etmək orucun mənəviyyatını zədələyir və savabını azaldır. Hədisi-şərifdə buyurulur: “Elə oruc tutanlar var ki, aclıq və susuzluqdan başqa bir şey əldə etməzlər.” (İbn Macə) Yəni onlara oruclarından heç bir savab qalmaz. Oruc tutan şəxs dilini qorumalıdır. Hədisi-şərifdə buyurulur: “Oruc atəşə qarşı qalxandır. Qeybətlə parçalanmadıqca o sizi qoruyar. Oruc tutan şəxs cahillik edib pis söz danışmasın. Ona sataşanlara isə “mən orucluyam” desin.” (Buxari)

      Oruc möminlər üçün bir nemət və əmanətdir. Əmanətə riayət etmək lazımdır. Onun hədər olmaması üçün şərtlərinə diqqət göstərməliyik. Orucu boşa çıxaran əməllərin başında harama baxmaq gəlir. Hədisi-şərifdə buyurulur: “Harama baxmaq şeytanın zəhərli oxlarından bir oxdur. Allah qorxusu ilə bunu tərk edən kimsəyə Allah-Təala elə bir iman verər ki, imanın dadını qəlbində hiss edər.” (Hakim)

      Göz və dil ilə edilən günahlardan qorunmaq vacib olduğu kimi qulaqlarımızı da qorumağımız lazımdır. Oruc tutub bədənin hər hansı bir üzvü ilə günah işləyən insan sanki dərman yerinə zəhər içən xəstəyə oxşayır. Çünki günah zəhərdir, savabları yox edir. Bir günah işlədikdən sonra peşman olmaq, yaxşılıq və ibadət etməyə davam etmək lazımdır.

      Sual: Dəstəmaz alarkən xəta ilə boğazına su gedən kimsə orucu pozulduğu üçün yeyib-içsə kəffarə etməlidirmi?

      Cavab: Orucu qəsdən pozmadığı üçün yalnız qəza etsə kifayətdir.

       

       

       

      Sual: Oruclu olduğunu unudaraq yeyən kimsə sonra bilərək yeyib-içməyə davam edərsə, kəffarə etməlidirmi?

      Cavab: Oruclu olduğunu undaraq yeyib-içən kimsə orucunun pozulduğunu zənn edərək yeyib-içməyə davam edərsə qəza orucu tutmalıdır, kəffarə lazım olmaz. Əgər unudaraq yeyib-içməyin orucu pozmadığını bildiyi halda qəsdən yeyib-içməyə davam edərsə, həm qəza, həm də kəffarə etəlidir.

      Sual: Orucun səhih olması üçün sahura qalxmaq məcburidirmi?

      Cavab: Hansı oruc olarsa olsun, sahura qalxmaq məcburiyyəti yoxdur. Qalxmaq sünnədəndir. Sahura qalxan kimsə savab qazanır. Hz. Peyğəmbərin hədislərində də sahurda bərəkət olduğu bildirilir və sahurla oruca güc qazanmaq tövsiyə edilir.

      Sual: Oruclu ikən gündüz yatıb ihtilam olan, hər hansı bir səbəblə qüsl edə bilməyən kimsənin orucu səhih olarmı?

      Cavab: Bu halda oruc pozulmur. Lakin bilmək lazımdır ki, zərurət olmadan cünub halda gəzmək haramdır. Belə edən kəs namazını da qıla bilmədiyi üçün xüsusilə böyük günah qazanır. Su tapma imkanı olmayan təyəmmüm etməlidir. Təyəmmüm ediləcəyini də bilməyən kimsənin orucu səhih olar. Çünki cünub halda durmaq oruca mane deyildir.

      Sual: Ramazan bayramı ərəfəsində verilən fitrə sədəqəsinin hokum nədir? Ümumiyyətlə fitrə ilə bağlı məlumat verərdiniz ümkünsə!

      Cavab: Dini terminologiyada fitrə sədəqəsi Ramazan bayramına çatan və təməl zəruri ehtiyaclarından başqa müəyyən miqdarda mala sahib olan müsəlmanların özləri və baxmaqla məsul olduqları şəxslər adına yerinə yetirməli olduqları maddi bir ibadətdir. Bu, bir yardımlaşmadır və yoxsul insanların bayram əhval-ruhiyyəsi yaşamalarına vəsilədir. Fitrə sədəqəsi kasıblara, kimsəsizlərə, yoxsullara verilir. Həzrət Peyğəmbərin hədislərinə istinad edərək İslam alimləri fitrənin dörd növ qida məhsulundan verilə biləcəyini söyləmişlər: buğda, arpa, xurma və quru üzüm. Bunların da şəri və örfi miqdarları vardır. Arpa, quru xurma və quru üzümün fitrə miqdarı şəri ölçüyə görə təqribən 3 kq, örfi ölçüyə görə isə 3.33 kq.dır. Buğda və eyni hökmdə olan buğda unu üçünsə şəri ölçüyə görə təqribən 1.5 kq, örfi ölçüyə görə isə 1.66 kq.dır.  Ümumiyyətlə qeyd edək ki, fitrənin miqdarı bölgənin dini qurumları və səlahiyyətli şəxsləri tərəfindən iqtisadi vəziyyət nəzərə alınaraq təyin edilir. Bunun verilməsi vacibdir. 

      • Hits: 830 clicks

      Tecox component by www.teglo.info