Əhməd Niyazov / MƏSCİD ƏDƏBİNƏ RİAYƏT

      Share

      Bütün Peyğəmbərlər insanları Allaha iman və ibadətə dəvət etmişlər. Bu ibadətlərin yerinə yetirilməsi üçün də məbədlər inşa etmişlər. Peyğəmbərimiz Həzrət Məhəmməd əleyhissalam da öz dəvətinə yer üzündə tikilmiş ilk məbəd olan Kəbədə başlamış və öz əlləri ilə inşa etdiyi Quba məscidi ilə Məscidi-Nəbəvidə təbliğinə davam etmişdir.

      Məscid səcdə edilən yer, came isə ibadət məqsədi ilə insanları bir yerə cəmləşdirən məkan deməkdir.

      Məscidlər ilahi rəhmətin endiyi, mənəvi ab-havanın hökm sürdüyü evlərdir. Həqiqi təsəlligah, mənəvi sığınacaq və qəlblərin saflaşdığı yerlərdir. İslamın gözəl əxlaq prinsipləri, haram, halal, ata-anaya qayğı, kiiçiklərə hörmət, dostluq və qardaşlıq kimi ülvi duyğuların aşılandığı müqəddəs məkanlardır. Bu müqəddəs məbəd haqqında Quranda belə buyurulur: “Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər (yalnız bu qəbildən olan şəxslərin əməlləri Allah dərgahında qəbul olunar). Məhz onlar doğru yolu tapa bilənlərdən ola bilərlər![1]

       Came və məscidlər yer üzündə Allahın evləri hesab edilir. Din bütövlükdə məscidlə bağlı olduğuna görə buraya giriş və çıxışların bəzi üsulları və özünəməxsus ədəb-ərkanı  vardır. Məscidlərdə və namaz qılınan yerlərdə diqqət edilməsi lazım olan ədəb-əxlaq qaydalarını belə sadalamaq olar:

      Məscidə gələndə gözəl geyinmək, gözəl ətirlə ətirlənmək, narahatedici iy varsa ondan təmizlənmək, mümkünsə qüsl almaq, əl və ayaq dırnaqlarını tutmaq, hər cür namünasib görünüşdən uzaq olmaq lazımdır. Buna görədir ki, Qurani-Kərimdə “Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!”[2] buyurularaq maddi və mənəvi təmizliyə işarə edilmişdir.

      Məscidlərdə namaz qılınır, Quran oxunur, zikr edilir, Həzrət Peyğəmbərə salətu-salam gətirilir, qısaca ibadət və dua edilir. Bunların əksinə, məscidlərdə gərəksiz dünya kəlamı, xüsusilə səs-küylə danışmaq və dedi-qodu etmək olmaz. Həzrət Peyğəmbər əleyhissalam belə buyurmuşdur: Məsciddə bir-birinizə əziyyət verməyin, səsinizi yüksəltməyin.”[3] Böyük İslam alimi İbn Teymiyyə də demişdir ki, məsciddə səs-küy salmaq qadağandır, xüsusən də Peyğəmbər məscidində.

      Məscidlərimizi son dərəcə təmiz saxlamalı, gördüyümüz çör-çöpü yığışdırmalıyıq ki, buna görə əcr və savab qazanmış olaq. Məsciddə camaatı narahat edəcək hərəkət və davranışlardan çəkinməliyik. Peyğəmbərimiz əleyhissalam bu haqda belə buyurur: "Kim soğan, (yaxud) sarımsaq, (yaxud da) kəvər yesə, məscidimizə yaxınlaşmasın. Həqiqətən, Adəm övladının əziyyət çəkdiyi şeydən mələklər də əziyyət şəkir."[4] Bunlar camaatı narahat edən davranışlardır. Buna görə məscidə imkan daxilində kirli və iylənmiş corablarla, tərli ayaqlarla, palçıq və ya tozlu üst-başla getmək olmaz. İnsanları diksindirən şeylər ibadət edənlərin xüşusunu pozaraq diqqətini yayındırdığı kimi, camenin mənəvi atmosferinə də yaraşmır, belə bir müqəddəs məkanın ülviliyinə və ədəbinə xələl gətirir.

      Həzrət Peyğəmbər cümə xütbəsi oxunarkən namazdaymış kimi səssiz durmağı, danışmamağı əmr etmiş, hətta danışana “sakit ol!” deməyi də hədisi-şəriflə qadağan etmişdir. Cümənin fərzindən sonra çıxmamalı və Peyğəmbərimizin tövsiyəsilə 4 rükət sünnə namazı qılınmalıdır. Təcili işi olanlar çıxsa belə səflərdə ibadət edənlərə qarşı diqqətli olmalı, onları narahat etməməlidirlər.

      Beş vaxt namazın məscidlərdə qılınmasını təşviq ədən Peyğəmbərimiz: “Camaatla qılınan namazın təkbaşına qılınan namazdan iyirmi yeddi dərəcə daha fəzilətli”[5] olduğunu bildirmiş və “Məscidlərin Allaha ən sevimli məkanlar”[6] olduğunu ifadə etmişdir.

      Bacardığımız qədər məscidlərimizi qoruyaq. Onun daxili və xarici nizam-intizam qaydalarına riayət edək. Unutmayaq ki, bu məbədlər hər bir möminin həm də mənəvi dayağıdır.

       


      [1] Tövbə, 9/18

      [2] Əraf, 7/31

      [3] Əbu Davud, Tatavvu 25, İbn macə Məsacid 5.

      [4] Buxari, Əzan 160. İbn Macə, Ətimə 59

      [5] Buxari, Əzan, 30.

      [6] Müslüm, Məsacid, 288.

       

      • Hits: 940 clicks

      Tecox component by www.teglo.info