Mehman İsmayılov / İman-İbadət –Əxlaq Tarazlığı

      Share

      Bəqərə surəsinin 177-ci ayəsinə alimlər “Quranın xülasəsi” adını vermişlər. Bu ayənin məalı belədir:

      Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, mal-dövlətini çox sevməsinə baxmayaraq malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbir edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır!

      Təfsir alimlərinin əksəriyyətinə görə bu ayə qiblənin dəyişməsi hadisəsi və bu hadisə ətrafında ortya çıxan mübahisələr barədədir. Ayədə vurğulanan əsas məna belədir: nə qiblənin istiqamətinin dəyişdirilməsindən və nə də ibadət məqsədi güdən davranışlardan məqsəd, insanların üzlərini şərqə və ya qərbə, Beytülmüqəddəs və ya Kəbəyə çevirmək deyildir. Başqa cür ifadə etsək birrin (yaxşı əməlin) gayəsi qəlbdəki duyğulardan və həyatda tətbiqi lazım olan davranışlardan uzaq, quru ibadətlər deyildir. Əksinə yaxşılıq (“birr”) düşüncə, duyğu və əməl bütünü və davranış sistemidir. Yaxşılıq həm fərdi, həm də ictimai həyatda öz təsirini göstərən davranışdır. Raziyə görə isə “birr” bütün gözəl davranışları, itaətləri və insanı Allaha yaxınlaşdıran xeyirli əməlləri əhatə edir.

      Ayədə birr kəlməsi ilə birlikdə sidq və təqva kəlmələri də keçir ki, bu üç kəlmə bir-birilərini tamamlayan əxlaqi qavramlardır. Hədislərdə də bu üç qavram birlikdə işlənmişdir. Məsələn, bir hədisdə Hz. Peyğəmbər “... Mən sizin aranızda Allah qarşısında ən təqvalı (ətqa), ən dürüst (əsdaq) və ən yaxşı (əbərr) olanam” buyurmuşdur. (Buxari, Etisam, 27; Müslim, Həcc, 141). Başqa bir hədisdə də Hz. Peyğəmbər belə buyurmuşdur: “Sizə doğruluğu tövsiyə edirəm. Doğruluqla yaxşılıq (birr) bir bütündür və bu ikisinə sahib olanlar Cənnətdədirlər” (İbn Macə, Dua, 5; Müsnəd, I, 3, 5, 8).

      Bu ayədə həm iman əsaslarından (Allaha, axirət gününə mələklərə, kitablara və peyğəmbərlərə iman), həm ibadətlərdən (infaq, namaz, zəkat), həm də əxlaq qaydalarından (əhdə sadiq olmaq, səbirli olmaq, dürüstlük, təqva) bəhs olunur. Ayədən belə başa düşürük ki, yaxşı əməl sadəcə yuxarıda da söyləndiyi kimi şəkil baxımından olmur. Bir insan yaxşı əməl sahibi olmaq istəyirsə o, iman-ibadət-əxlaq tarazlığını qurmalı və buna görə hərəkət etməlidir. Çünki nə imansız və ibadətsiz əxlaqla, nə əxlaqsız və ibadətsiz imanla, nə də içi boşaldılmış və şəkilçiliyə bürünən ibadətlə yaxşı əməl sahiblərindən olmaq mümkündür. İbadətlər Allaha göndərilən məktuba bənzəyir. İçi boşaldılmış ibadət Allaha yollanan boş zərf kimidir. Məktub ruh, zərf isə cəsəddir.

       Bunların (iman-ibadət-əxlaq) hamısı zəncirvari şəkildə bir-biri ilə bağlıdır. Hamısı bir binanın təməl daşlarıdır. Əgər binan bu təməl daşlarından birini çıxarsaq o bina dağılar. Allahın istədiyi kamil mömin də bu tarazlığı qurub qoruya bilən insandır. Binanın təməl daşlarından biri çıxarıldıqda o bina necə dağılarsa, mömin də Quranın bu təməl daşlarının hər birinə sahib olmasa kamil mömin ola bilməz.

      Quran bu ayədə həm də bizə onu necə oxuyub anlaya biləcəyimizə dair bir metod verir. Qurandakı hər hansı bir məsələni ələ alarkən onu sadəcə bir istiqamətdən ələ almamamızı, ona sadəcə bir nöqteyi-nəzərdən baxmamamızı, əksinə daha geniş çərçivədən yanaşmamızın lazım olduğunu göstərir.

      • Hits: 898 clicks

      Tecox component by www.teglo.info