Nizami ƏFƏNDİYEV / DİN VƏ DİNDARLIQ

      Share

      Din; ağıl sahibi şüurlu insanları, öz iradə və arzusuyla yaxşı və gözəl olan şeylərə meyl etdirən ilahi qanun; uca dərəcəyə çatmaq üçün yönələcək ən doğru yoldur. Başqa bir deyişlə din, insanın Allah ilə, digər insanlarla və dünyadaki bütün varlıqlarla olan ünsiyyətini tənzimləyən bir qanundur.

      Peyğəmbərlər vasitəsi ilə təbliğ edilən bu ilahi qanun bütün bəşəriyyətə yaratılışı və yaradılma səbəbini, ölümdən sonrakı həyatı, Yaradana və yaradılmışlara qarşı vəzifələri, hansı işlərin xeyirli və ali, hansı işlərin də zərərli və faydasız olduğunu öyrədir. İnsanlığa hidayət və səadət yollarını göstərir.

      Buna görə də din insana həyatı şüurlu bir şəkildə yaşamağı öyrədərək insanın şərəfini ucaldır. Fərdiyyətçiliyi və eqo duyğusunu yox edir. Şəxsi pis düşüncələrdən və ümidsizlikdən qoruyur, gözəl düşünməyə məntiqli qərarlar verməyə sövq edir. Ancaq və ancaq Allahın qarşısında boyun əyməyi və  təkcə Ona qulluq etməyi öyrədir.

      Dindarlıq isə; dini qaydalara bağlılığı ifadə edir. Şəxsiyyətdəki inancın güclu olması mənasına gəlir. Başqa bir ifadəylə dindarlıq Uca və əbədi bir varlığa qarşı hiss edilən səmimi sevgi və hörmət, Ona qarşı şəksiz bağlılıq düşüncəsidir.

      Din məfhumu və dindarlıq insanın təbiətində mövcuddur. İnsan din məfhumuyla dünyaya gəlmişdir. Hədisi-şərifdə buyurulduğu kimi “İnsan İslam fitrəti üzrə dünyaya gələr. Daha sonra ailəsi onu ya xristian, ya yəhudi, ya da məcusi olaraq böyüdər”. Bu hədisdə də bildirildiyi kimi insanın yaradılış təməlində din vardır.

      Din məfhumu insanla birlikdə var olmuş, insanlıq davam etdiyi müddətdə də varlığını davam etdirəcəkdir. Bütün zamanlarda dünyanın hər bir tərəfində azda olsa dinsiz insana rast gəlirik. Ancaq bu günə qədər bütünlükdə bir cəmiyyətin və toplumun dinsiz olduğuna şahid olunmamışdır. İnsanların yaşadıqları hər bir yerdə mütləq bir dinə rastlanmışdır. Pluton bu mövzuda: “Ədəbiyyatsız, qanunsuz, sərvətsiz… şəhərlər tapa bilərsiniz. Ancaq məbədsiz, duasız, qurbansız bir şəhər də tapmanız heç bir zanan mümkün deyil”.

      Uca Yaradan belə buyurur: “Üzünü hənif olaraq dinə (Allahın insanları yaratdığı fitrət dininə) çevir. Allahın yaradılışında dəyişmə yoxdur. Ən doğru din budur. Fəqət insanların çoxu bunu bilmirlər”.

      Hər insan özünü yaradan, yaşadan, böyüdən, bir çox neymətləri bəxş edən uca varlığı dərk edəcək bir şəkildə yaradılmışdır. İnsanın bu xüsusiyyətindən Qurani-Kərimdə belə bəhs edilmişdir. “Qiyamət günündə, biz bunlardan xəbərsizdik deməyəsiniz deyə, Rəbbin Adəm oğlunun sülbündən zürriyyətini alıb, onları özlərinə şahid etdi və ‘Mən sizin rəbbiniz deyiləmmi? dedi. Onlar da Bəli Sən bizim Rəbbimizsən. Şahid olduq’ dedilər”. Buradan aydın olur ki, hər bir insan dünyaya gəlmədən əvvəl boyun əyəcəyi, ibadət edəcəyi varlığı bilir və bu inanc və din məfhumu ilə birlikdə dünyaya göz açır.

      Müstəqilliyimizdən sonra insanlarınızda və toplumumuzda dini həyatın sürətli şəkildə inkişafı din məfhumunun insanın təbiətindən gəldiyinin ən gözəl nümunələrindəndir.

                  İdeal insan təbiətdən yola çıxaraq Allahı dərk etməyə çalışır. Təbiətə və insanlara üz çevirməz. Nə inancı onu düşünməkdən nə də düşünmək və elm onun inancından uzaqlaşdırar. Əksinə, hər ikisi bir-biri ilə çox gözəl ahəng içərisində davam edər.

                  Dindar insanın üç xüsusiyyəti vardır. Doğruluq, yaxşılıq və gözəllik. Bir başqa deyimlə; bilik, əxlaq və sənət. İnsan yer üzündə Allahın xəlifəsidir və hər şey onun əmrinə verilmişdir. Dünya və axirət xoşbəxtliyi ancaq dindarlıqla, Allaha qul olub Ona üz tutmaqla mümkündür. Çünki dindarlıq insanı dünya həyatında nizamda saxlayar, uca tutar. Dindar insan sevən və sevilən, mərhəmət edən, hər kəslə xoş rəftar edən və özüylə də yaxşı rəftar olunan insandır. Belə bir şəxs özüylə, ailəsiylə, cəmiyyətlə, millətlə və bütün insanlarla xoş ünsiyyətdədir.

                  Nəticə olaraq deyək ki, din məfhumu və dindarlığın cəmiyyətin nizamında mühüm rolu vardır. Filosof Simonun dediyi kimi “Din məfhumu qüvvətli ictimai bir bağdır. Bir millətdən Allah fikrini silsəniz, o zaman onlar ancaq mənfəət qorxusunun təsirində qalmış bir toplum olarlar. O cəmiyyəti təşkil edən vətəndaşlar isə  bir-biriləri ilə qardaş deyil, sadəcə müştərək mənfəətli şəriklərdən ibarətdir”. Mənfəətin ön plana çıxdığı cəmiyyətlərdə isə birlik və inkişafın yox olması qaçınılmazdır.

      • Hits: 791 clicks

      Tecox component by www.teglo.info