Rüfət Şirinov / SEVGİLİYƏ VİDA EDƏRKƏN...

      Share

      Vidalaşmaq fani dünyanın faniliyinin gərəyidir. Hər sevilənlə hökmən bir gün vidalaşmaq məcburiyyətindəyik. Aylardır gözlədiyimiz on bir ayın sultanına istəməsək də “əlvida” demək məcburiyyətindəyik. Kədərimiz qarşıladığımızdakı sevinc qədərdir. Kim sevdiyini nə qədər sevərsə ondan ayrı düşüncə də o qədər üzülər. Hər gedənin arxasınca hökmən müsbət və ya mənfi dəyərləndirmələr edilir. Bu baxımdan hər bir müsəlman sevinclə qarşlayıb hüznlə ayrıldığı Ramazan ayının arxasınca müsbət və ya mənfi dəyərləndirmələri etməlidir. Bu Ramazanın bizə nələr qazandırdığının hesabatını aparmalıdır. Ramazanın bizə qazandırdıqlarını nə qədər dərk edib anlasaq bir o qədər həyatımıza təsir edər. Əlbəttə ki, hesabatın xoşa gələn şəkildə olması üçün günləri ən faydalı şəkildə və Ramazanın şanına yaraşan ölçüdə keçirmək labüddür.

      Ramazan hər bir müsəlman üçün şəxsi qazanc ayıdır. Hər kəsə axirət sərmayəsini qazansın deyə Uca Allah tərəfindən bəxş edilən fürsətdir. Məhz bu fürsəti dəyərləndirmək üçün də Hz. Peyğəmbər əleyhissalamın “Oruc günahlara qarşı qalxandır”, “Bu ayda cəhənnəm qapıları bağlanar, cənnət qapıları açılar, şeytan da zəncirə vurular” və s. kimi hədisləri bizə təkan verməkdədir. Çünki Ramazanda savab işləmə fürsəti daha çoxdur.

       Heç şübhəsiz ki, Ramazanın bizə qazandıracağı ən böyük qazanc bu aydan  sonra da Ramazan ab-havası ilə həyatımızı tənzimləməyimizdir. Ramazanda edilən tövbələr, qılınan namazlar, edilən ehsanlar, verilən sədəqələr və zəkatlar, doyurulan yoxsullar, Quran oxumaq kimi müsbət xislətlər Ramazandan sonrakı həyatımızı da bəzəməlidir. Çünki Uca Allah “Sənə ölüm gələnədək Rəbbinə ibadət et” (əl-Hicr surəsi, 99) buyuraraq ibadət və yaxşılıqların davamlılığına diqqətləri cəlb edir. Əks təqdirdə “Kim yalanı və yalan danişmaqla iş görməyi tərk  etməzsə, Allahın o adamın yeməyi və içməyi tərk etməsinə ehtiyacı yoxdur” hədisində buyurulduğu kimi tuttuğumuz oruc, etdiyimiz digər ibadətlər sadəcə ac qalma və müəyyən hərəkətlərdən ibarət olacaqdır. Necə ki, namaz bütün pisliklərdən bizi çəkindiməli isə (əl-Ənkəbut 45), oruc / Ramazan da bizim bütün həyatımıza təsir etməlidir. Həzrət Peyğəmbər əleyhissalamın müjdələdiyi “Quran və Oruc sahibi üçün axirətdə şəfaətci olacaqdır” hədisinin müxatəbi olmağın yeganə yolu sadəcə Ramazan müsəlmanı olmaq deyil, bütün ömür boyu müsəlman kimi yaşamaqdır.  Həzrət Peyğəmbər əleyhissalam “İbadətlərin ən xeyirlisi az da olsa davamlı olandır” buyuraraq bizə həm maddi, həm də mənəvi həyatımızın ifrad və təfriddən uzaq olmasını tövsiyə edir. Odur ki, Ramazandakı ibadət və yardımlaşma həyəcanımızı bütün günlərimizə yaymalı, bu həyəcandan sadəcə Ramazanda istifadə etməməliyik. Sadəcə Ramazan ayını yüksək mənəviyyatla keçirməkdənsə bütün günləri orta səviyyədə ibadət və mənəviyyatla keçirmək daha fəzilətli və daha qazanclıdır. Unutmayaq ki, həyat biz bəndələrə Allah tərəfindən bəxş edilmiş baha biçilməz və bir daha ələ keçməz bir nemətdir. “Ağıllı müsəlman bir ilan dəliyindən iki dəfə sancılmaz” hədisini də diqqətə alaraq bu həyat fürsətimizi lehimizə çevirməliyik.

      Ramazan ayındakı səmimiyyətimiz Ramazan ayı keçdikdən sonrakı həyatımıza etdiyi təsir nisbətindədir. Sevgilidən ayrı qalan məşuqun ona qovuşma anını səbirsizliklə gözləməsi kimi Ramazana aşiq olan müsəlman da ona bir daha qovuşma anını səbirsizliklə gözləməlidir. Heç şübhəsiz ki, Ramazana aşiq olmaq da onu layiqli şəkildə yaşamaq və qeyd etməklə olar. Biz Ramazanı sevsək əlbəttə ki, Ramazan da bizi sevər və axirətdə bizim üçün şəfaətçi olar. Bu həyəcanla Ramazanı qeyd etsək Ramazan bizim üçün on bir ayın sultanı olar, əks təqdirdə biz səbirziliklə oruc ayının qurtarmasını gözləyər və digər aylar bizim üçün sultana çevrilər, Ramazan ayı isə ac və sussuz qalma ayından başqa bir şey olmaz.

      Ramazan müsəlmanı olmamaq və xüsusilikdə Ramazan ayını, ümumilikdə isə bütün həyatımızı Ramazan həyəcanı ilə yaşamaq təmannalarıyla “Əlvida ey sevgili Ramazan!” deyir və hər birinizin Ramazan bayramını səmimi qəlbdən təbrik edirəm...

      • Hits: 977 clicks

      Tecox component by www.teglo.info