Müqəddəs kitabımız Qurani-Kərim “Səmud qövmünə də qardaşları Salehi (peyğəmbər göndərdik). O dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. O, sizi (atanız Adəmi) yerdən (torpaqdan) yaradıb orada sakin etdi (və ya uzun ömür verdi)” (Hud 11), “(Ya Peyğəmbərim!) De: "Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?" (əl-Əraf 32), “İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar.” (ər-Rum 41) ayələri ilə ekoloji problemə diqqət çəkir.
Hz. Peyğəmbərin həyatına nəzər salsaq görərik ki, Fəxri-kainat Peyğəmbərimiz (s.ə.s) də bu məsələyə ciddi əhəmiyyət vermişdir. Belə ki, Hz. Peyğəmbər yollardan insanları narahat edən bir şeyin qaldırılıb atılmasını “imanın bir parçası” adlandırmışdır. (Müslim, İman 58; Buxari, Hibə 35) Yoldan keçən insanlara maneəçilik törədən ağac budağını kəsdiyi üçün cənnəti haqq edən insandan bəhs edən (Müslim, Birr 128-130; İbn Macə, Ədəb 7) Hz. Peyğəmbər: “Ümmətimin yaşxı və pis bütün əməlləri mənə göstərildi. Yaxşı əməlləri arasında yoldan kənara atılan (insanlara əziyyət verən) şeyi də gördüm. Pis əməlləri arasında isə (hər kəsin gördüyü) yerdən silinməyən tüpürcək də vardı.” (İbn Macə, Ədəb 7) buyurmuşdur .
Peyğəmbərimizin (s.ə.s) “sabah qiyamətin qopacağını bilsəniz belə, bugün əlinizdəki ağacı əkin” (Buxari, əl-Ədəbul-Müfrəd s.168) əmri-şərifi bir başqa hədisdə belə dilə gətirilir: “Bir müsəlman ağac əkər və bunun meyvəsindən insan, heyvan, yırtıcı və ya quş yesə, yeyilən şey o insan üçün sədəqə olar. Kim (o ağacdan) istifadə eədərsə bu onun (ağacı əkən) üçün (qiyamətə qədər) sədəqə olar.” (Buxari, Ədəb 27 )
Hz.Peyğəmbərin eyni zamanda bugünkü mənası ilə qoruq təsis etdiyini də görürük. O, Mədinənin ətrafını hər tərəfdən 36 km məsafəyə qədər haram elan edərək bu ərazidə heyvanların ovlanmasını, ağacların kəsilməsini, otların yolunmasını qadağan yasaqlamışdır. (Əbu Davud, Mənasik 96)
Qısaca desək, ətraf mühiti qorumaq hər şeydən əvvəl İslamın əmri, eyni zamanda insanlıq borcumuzdur.