Elşən RZAYEV / GÜNAHLARI ƏRİDƏN ATƏŞ: TÖVBƏ

      Share

      Nəbilər Siltanı səadət məclisində otururdu. Məsclisə bir qrup əsir gətirildi. O əsnada Allah Rəsulu (s.ə.s) bir qadının həyəcanla nə isə axtardığını gördü. 

      Qadın gördüyü hər uşağı bağrına basır, qoxlayır, sonra yerə qoyurdu. Nəhayət öz balasını tapdı, bağrına basdı. Onu öpür, qoxulayır və bərk-bərk bağrına basırdı. Bu mənzərə qarşısında Allah Rəsulunun (s.ə.s) gözləri doldu, ağladı. Yanındakılara həmin qadını göstərdi və: “Bu qadını görürsünüzmü?” -dedi. Səhabələr cavab verdi: “Bəli, ya Rəsulallah!” Allah Rəsulu (s.ə.s) təkrar: “Bu qadın qucağındakı övladını cəhənnəmə atarmı?” -deyə soruşdu. Səhabələr: “Xeyr, ya Rəsulallah!” -deyə cavab verdilər. Bunun müqabilində sevimli Peyğəmbərimiz (s.ə.s) hikmətlə dolu bu sözləri söylədi: “Allah o qadından daha şəfqətlidir, bəndələrini cəhənnəmə atmaq istəməz.”  

         

      Dünya Adəm övladının yaşaya bilməsi üçün var olan bir məkandır. İnsanlar doğulduqdan etibarən bu məkan içərisində yaşayışlarını təmin edirlər. Həyatın gedişatı insanların yaşayış tərzi ilə birdir və iç-içədir. Allahın insanlara verdiyi fani dünyada zamanlarını keçirdiyi dövrün şərtlərinə uyğun yaşayar və həyatlarını burada davam etdirərlər. Həyatda hər insan xəta edə bilər. Mühüm olan az xəta edə bilməkdir. İnsan fitrəti etibarilə xeyrə də, şərə də meyilli yaradılmış bir varlıqdır. Ona görə də “qul xətasız olmaz” deyiblər. Bu bir həqiqətdir və bu həqiqəti sevimli Peyğəmbərimiz “Əgər siz heç günah işləməmiş olsaydınız, Allah sizin yerinizə günah işləyib tövbə edən bir qrup yaradar və onları bağışlayardı.” -buyurur.

      Bəli, insan və günah. Bunlar bir-birindən ayrılmaz iki ünsürdür. Adəm övladı çox sadə bəhanələrlə haqq və həqiqətdən ayrıla bilir. Çünki açıq-aşkar düşmən olan şeytan insanı yoldan çıxarmaq üçün gecə-gündüz yanında pərvanə kimi dönüb-dolaşır. Qafil olan insan batili haqq, haqqı batil görür. Günah insanın gözünü bağlayır. Günahlar müəyyən bir mərhələdən sonra qəlbi qatılaşdırır. Elə bir həddə çatır ki, artıq pisliklər adiləşir, günahlar normal hala gəlir. Beləliklə də həm dünya, həm də axirət həyatı bir “heç” uğrunda məhv olub gedir.

      İnsan doğuşdan təmiz və gözəl yaradılmışdır. İnsanın qəlbi fitrətən ləkəsiz bir ayna kimidir. İnsan işlədiyi günahlarla qəlbini qaraldır, içinə şubhə, vəsvəsə, fitnə, fəsad, kin, intiqam və həsəd kimi zülmani hisslər doldurur. Bütün pisliklərin qaynağı palçıqdan yaradılan bədəndir. Nəfsinə uyanın, şəhvətə boyun əyənin bədən palçığı qalınlaşır, qatılaşır və günahlara, mənəvi pisliklərə daha da çox batmış olur. Nəfsani istəkləri tərk etmək xüsusunda tənbəl davranmaq insanı zəiflədir. Bununla da insana bir əmanət olaraq verilən qəlb qorxulu bir xəstəliyə tutulur. Bu xəstəlikdən xilas olmağın yeganə yolu isə günahları atəşdə yox etməkdir. Bu atəşin adı TÖVBƏdir.

      Tövbə qəlb, könül, dil, hal və digər üzvlərlə günah işləməməyə qəti şəkildə qərar verməkdir.

      Tövbə qəlbdən pis niyyət və hissləri ataraq peşmanlıq göz yaşları tökməkdir.

      Tövbə Uca Allahla dostluğu seçməkdir.

      Tövbə Allah-Təalanın dəvətini qəbul etməkdir.

      Tövbə peyğəmbərlərin əxlaqıdır. 

      Tövbə Allahın bəndəsinə uzatdığı rəhmət əlidir.  

      Tövbə bəndənin Yaradıcısının qoruyucu və xilasedici olduğunun şüuru içində işlədiyi günaha təslim olmaqdan xilas ola biləcəyi, gizli-açıq hər cür hərəkətini bölüşəcəyi, xətalarının və günahlarının dözülməz ağırlığından qurtulacağı və şəxsi sirlərini aça biləcəyi bir sığınma halıdır.

      Əgər bəndənin tövbə imkanı olmasaydı pisliklər insan üzərində mütləq bir hakimiyyət qurardı. Tövbə bu hakimiyyətə ya başdan icazə verməz, ya da hakimiyyət qurulmuşsa, onu yox edər. Əsas odur ki, bəndə yalnız olmadığının, sahibinin Allah olduğunun şüuru içində olsun. Allahla əlaqəsini kəsməsin. Bəndə Allaha yönəldiyi an Allah onu sahibsiz və cavabsız qoymayacaqdır.

      Allah xilas olmaq istəyəni, “bundan sonra “insan” olmaq istəyirəm” deyəni xilas edir və yenidən insana yaraşan bir həyat yaşamasını təmin edir. Ayeyi-kərimədə buyurulur:

      “Hər kim gördüyü haqsız işdən sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (əl-Maidə, 39)

      Bu həqiqət hədisi-şərifdə belə bildirilir: “Günahından tövbə edən heç günah işləməmiş kimidir.”

      Unutmamaq lazımdır ki, heç bir günah Allahın rəhmətindən böyük deyildir. 

      • Hits: 1004 clicks

      Tecox component by www.teglo.info