Eldar Kərimov / BEŞİKDƏN QƏBRƏ “TÖVBƏ”

      Share

      Bir gün ana bətnindən ayrılıb bu dünyaya göz açmışdıq. Bu dünya ilə ilk tanışlığımız yanağımızdan süzülən göz yaşları və anamıza yuxusuz gecələr yaşadan körpə iniltilərimizdən başladı. Dünyanın necə fırlandığının fərqinə varmayıb qışqırır, yeməyin haradan gəldiyini düşünmədən ağlayıb yemək istəyirdik. Yuxusuz gecələrini bizə ərməğan edən analarımızın əziyyətindən doğan sevgi nəfəsi ilə dünyanı və insanları sevməyə başladıq. Bu minvalla ömür karvanını izləyib keçən illər bizi iki ayaq üzərində dura bilən, sərbəst düşünən insan şəklinə saldı.  Hər kəs ana-atamız qədər bizə mehriban və əziz görünürdü. Əlimizdə olan bir tikə çörəyi belə ətrafımızda olan uşaqlarla paylaşıb yeyirdik. Heç kimə qarşı qəlbimizdə kin-küdurət hissi yox idi. Məhəlləmizdə tanıdığımız bütün uşaqlar dostumuz, ən yaxın sirdaşımız idi. Dərdsiz, qəmsiz, kədərsiz keçən bu günlər həyatımızın ən gözəl səhifələrini doldururdu. Gördüyümüz hər bir işi səmimi qəlbdən yerinə yetirir, qarşımızda olan işləri saf uşaq fikirləri ilə təhlil edirdik. Hər zaman dünyanı belə gözəl duyğular içərisində təsəvvür edərək davam edirdik həyatımıza.

      Artıq böyümüşdük. Kimin kim olduğunu, ana-atamızın başqalarından fərqli olduğunu hiss edirdik. Onları özümüzə daha yaxın və daha əziz hiss edirdik. Əlimizdə olan bir tikə çörəyi artıq başqaları ilə deyil, sadəcə öz ailə üzvlərimizlə paylaşırdıq. Hər zaman birlikdə oynadığımız uşaqlar özlərini daha ağır aparır, görüşdükdə bir-birinə salamı güclə verməyə başlamışdılar. Dünənin saf düşüncəyə, təmiz qəlbə sahib olan körpə uşaqları bugünün yaxşını pisdən ayıra bilən gəncinə çevrilmişdilər. Fərqli düşüncələrə sahib olan bu insanlar artıq bütün tanışlarını deyil, özlərinin mənfəətlərinə cavab verən kəsləri ətraflarında görmək istəyirdilər. Hər kəs uşaq ikən birlikdə olan dostluq ruhu, indi fərqli hissələrə bölünmüşdü. Uşaqlıqdakı sevgilərin yerini nifrət hissləri doldurmağa başlamışdı. Hamı özünün gücündən və var dövlətindən danışır, zəifləri və kasıbları təhqir edirdi. Ömrümüzün elə zamanını yaşayırdıq ki, gücümüzün əbədi, həyatımızın ölümsüz olduğunu düşünürdük. Ətrafımızda diqqətimizi yalnız qadın gözəlliyi, pul, vəzifə və şöhrət kimi nəfsani duyğular cəlb edirdi. Əldən, ayaqdan şikəst olanları lağa qoyur, onlarla birlikdə şəhərdə gəzməyə ar edirdik. Ən məşhur universitetlərdə oxuyub, tələbəlik həyatının  dadını çıxarmaq ən böyük təxəyyülümüz idi. Həyatımıza tunellə başlayan bir yoldan start verib, yenidən o tunelə daxil olacağımızı düşünmədən yaşayırdıq. Bütün yollarımızın tunelsiz, açıq və geniş olacağına inanırdıq.

      Ömrümüzə bir gün gəlmişdi ki, artıq saçlarımıza dən düşmüş, gözəl simamızı qırışlar çirkinləşdirmişdi. Gözlərin görmə qabiliyyəti zəifləmiş, qulaqlar eşitməz vəziyyətə düşmüşdü. Cavanlıqda gözəl qızların diqqətini çəkən şux qamət, əyilib ömür yoluna qoyulan suala çevrilmişdi. Ömür yolunun növbəti tunelə keçid mərhələsi başlamış, qoca bəxtə ölüm təbili çalınmışdı. Bir ömür boyu edilən əməllər, onların məsuliyyəti, onlara yazılan günah və savablar işi daha da çətinləşdirirdi. Nə bu məsuliyyətdən qaçacaq bir yol var, nə də bir fürsət. Cavanlıqda, ömrün ən qüdrətli zamanında haqdan uzaqda yaşamaq, əyri yollara üz tutub, doğruları əlimizlə yana etməyimiz, yenidən girəcəyimiz tunelli yolumuzda işıqların kəsilməsinə, yolumuzda zülmətin hakim olmasına gətirib çıxaracaqdır.

      Bu zaman əlimizdən tutacaq, yolumuzu nurlandıracaq bir vasitə vardır ki, o da tövbədir. Bəndə tövbə və istiğfar ilə Rəbbinə tərəf yönəldikdə, Allahın mərhəmət dəryası coşar, o bəndənin günahını yuyar, təmizləyər, bəndənin gözündən axan bir damla peşmanlıq yaşı səbəbilə, ilahi mərhəmət yağışlarını yağdırar, qəlbdəki kiri təmizləyər, yox edər. Deməli, tövbə və istiğfar bəndə üçün birbaşa mərhəmətdir. Tövbə və istiğfar insan ruhunu sıxıntılardan qurtaran bir dərmandır.

      Ən əsası, can boğaza çatmamışdan əvvəl Uca Allahın mərhəmət qapılarından lazımi qədər faydalanmalı və tövbəmizi gecikdirməməliyik.

      Son olaraq Uca Yaradanın öz sevimli Peyğəmbərinə (s.ə.s) bu nidasını unutmayaq:

      “(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: "Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayandır, rəhm edəndir!

       (Tövbə edib) Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz!” (əz-Zumər, 53-54)

       

      • Hits: 1007 clicks

      Tecox component by www.teglo.info