Mehman İsmayılov / Quranda sevgi və insan sevgisi

      Share

                        Allahın Qurandan keçən bir adı da Vəduddur. Vədud çox sevən və sevilən mənası daşıyır. Demək Allah, sevginin qaynağıdır. Sevgini O yaratmış və bizə də "Öz  Ruhundan üfürərkən" sevgini bəxşetmişdir. İbn Ərəbinin dediyi kimi, "Biz sevgidən meydana gəldik, sevgi üzrə yaradıldıq, sevgiyə doğru yönəldik və könlümüzü sevgiyə verdik."

                        Sevgi gözəllikdir. Gözəllik başqa bir səbəbə görə deyil, sırf gözəlliyin özü üçün sevilir. Allah-Təala da bütün gözəlliklərin qaynağıdır. Bütün gözəlliklər Onun zatında toplanmışdır. Onun gözəlliyi həqiqi gözəllikdir. Hz. Peyğəmbər: " Allah gözəldir, gözəl olanı sevər" -buyuraraq bu həqiqəti dilə gətirmişdir. (Müslüm, İman 147; Əhməd bin Hənbəl, Müsnəd,  IV/133, 134, 151)

                        Qurani-Kərim sevgi mənasında daha çox "hubb (h-b-b)" kəlməsini işlədir. Bu kəlmə müxtəlif şəkillərdə 83 yerdə keçir. Bundan başqa sevgi mənası daşıyan "məvəddət (v-d-d)" kəlməsi 28, "ülfət (ə-l-f)" kəlməsi isə 8 yerdə keçir. Bu kəlmələrin bu qədər çox işlənməsi də bizə Quranın sevgiyə nə qədər önəm verdiyini göstərir.

                        Hubb saf sevgiyə deyilir. Ərəblər dişlərin ağlığını ifadə etmək üçün də bu sözü işlədirlər. Qaynama dərəcəsinə çatan suyun üstünə çıxmağa başlayan köpük də ərəb dilində habab adlanır. Bu kökdən törəyən məhəbbət də susuzluqdan (arzudan) qəlbin qaynaması, daşması, sevilənə qovuşmaq üçün çırpınması deməkdir. Sevgi mənasına gələn hubb sözü eyni zamanda çəyirdək, toxum, nüvə (habb) mənalarına da gəlir. Kəlmənin bu mənalarına Quranda da yer verilmişdir. (əl-Ənam, 95; ər-Rəhman, 12) Hubb kəlməsinin bu ikinci mənasını da göz önündə tutaraq deyə bilərik ki, sevgi var oluşun toxumudur, nüvəsidir, əslidir.

                        Quran eyni zamanda bir çox yerdə insanın üstünlüyündən bəhs edir. İnsan əhsəni-təqvimdə (ən gözəl şəkildə) yaradılmışdır. (ət-Tin, 4) Allah (c.c.) yaratdığı qul insana, mələkləri səcdə etdirmiş və ona Öz ruhundan üfürmüşdür. İnsanın şanını, şərəfini ucaltmış, gözəl ruzilərlə onu digər məxluqlardan üstün tutmuşdur. Allah (c.c.) üstün şəkildə yaratdığı bu insana məsuliyyət yükləmişdir. O, Allahın yer üzündəki xəlifəsidir. Göylərə, yerə, dağlara təklif edilən əmanəti insan öz üzərinə götürmüşdür . (əl-Əhzab, 72)

                        Həqiqətən də insanın əslinə, bəşər aləminə dərin şəkildə nəzər salan və onun xaricində və içində olan incəlikləri düşünüb fikir yürüdən şəxs onu qısa, ancaq bir çox mənaları toplayan bir nüsxə olaraq görər və Hz. Əlinin bu misralarının mənasını anlar:

      "Dərmanın səndədir sən fərqində deyilsən,

      Dərdin də səndəndir ancaq görmürsən,

      Zənn edirsən ki sən sadə kiçik bir cismsən

      Halbuki səndə bükülmüş ən böyük aləm."[1]

      Sevgi insanlarda doğuşdan var olan duyğudur. Toplumda səadəti və qardaşlığı möhkəmləndirir. Çünki sevgi könül işidir. Buna görə də Quran qəlblərin sevgi ilə birləşməsinə çox əhəmiyyət verir:

      “Və onların ürəklərini (ülfətlə, dostluqla) birləşdirdi. Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi, çünki O, yenilməz qüvvət sahibi, hikmət sahibidir." (əl-Ənfal, 63)

      Quran iman gətirib yaxşı işlər görənlər üçün Allahın qəlblərdə sevgi yaradacağını bəyan edərək belə buyurur:

      “Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaq”. (Məryəm, 96)

      Yəni Allah onlara öz sevgisini bəxş etmiş və onların həmcinsləri tərəfindən də sevilmələrini təmin etmişdir. Allah-Təala həm özünün onları dost tutacağını, həm də onların məhəbbətini hamının, o cümlədən möminlərin qəlbinə salacağına işarə edir. (Z. M. Bünyadov, V. M. Məmmədəliyev, Qurani-Kərim)

      Quran möminlərin sadəcə bir-birlərini deyil, bütün məxluqları sevdiklərini bildirir:

      Bəli, siz o kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər. Siz kitabın hamısına (bütün ilahi kitablara) inanırsınız.” (Ali-İmran, 119)

      Sevginin simvolu olan Quran bu ayədə bütün insanları əhatə edən sevgi anlayışını ortya qoyur. İman edənlər istər inanan, istərsə də inanmayan olsun və ya dost olsun, düşmən olsun, bütün insanları sevərlər. İnanmayanların onları sevməməmələrinə rəğmən onlar, Uca Allahın təcəllisi olan insanlara və bütün məxluqata sevgi bəsləyərlər. İnsanlar, heyvanlar, bitkilər və bütün varlıqlar Uca Yaradıcı üçün sevilməlidir.


      [1] Elmalılı Muhammed Hamdi Yazır, Hak Dini Kuran Dili, IX/152.

       

      • Hits: 817 clicks

      Tecox component by www.teglo.info