Sədat DƏMİR / ABİDƏ ŞƏXSİYYƏTLƏR

      Share

      Keçmişi yaşamaq demək, keçmişdə yaşamaq deyildir. Keçmişi dərk edərək gələcəyə götürməkdir. Mədəniyyətimizin əsasını təşkil edən sütunlar, arxada buraxılan əsərlərdir. Bu əsərlərdən elələri vardır ki, onlar olmasa mədəniyyətimiz əskik qalardı. Bunların başında abidələşmiş şəxsiyyətlərimiz gəlir. Mədəniyyətimizdə iz qoymuş saysız-hesabsız abidə şəxsiyyətlərimiz vardır. Onlar dəyərli sözləri, tayı-bərabəri olmayan həyat tərzləri və bizə ərməğan etdikləri dastanlaşmış təlimləriylə hələ də yolumuza işiq tutur və insanlığa rəhbərlik edirlər.

      Əhməd Yəsəvi, Mövlana, Yunus Əmrə, Nizami Gəncəvi, Füzuli və adlarını qeyd edə bilmədiyimiz neçə-neçə abidə şəxsiyyətlərimiz bu gün daralan qəlblərə nəfəs, məzluma səs olmaqdadırlar.

      Dəyərlərlə birgə, misralar arasında gizli qalan əski mədəniyyətimizi də könül və hiss süzgəcindən keçirib keçmişi içi boş bir təqvim yarpağı olmaqdan qurtarmaq və əski mədəniyyətimizi günümüzə daşımaq hamımıza bir vətən borcudur.

      Bəzi hadisələr vardır ki, onların təkrar yaşanması demək olar ki, imkansızdır. Sözünü etdiyimiz hadisələrdə yer almış şəxsiyyətlərin xaraktelərindən həm biz, həm də yeni nəsil xəbərdar olmalıdır. Bu hadisələrin bilinməsi övladlarımızla keçmiş zaman arasında bir körpü qurar və onların inkişafına müsbət mənada təsir edər. Tariximiz bu baxımdan son dərəcə zəngindir. Kimisi cəsarəti, kimisi fədakarlığı, kimisi sədaqəti ilə şöhrət tapmış böyüklərimiz var. Mövlananın, Yunus Əmrənin ve Füzulinin şeirdə və ədəbiyyatda oynadığı rolu, Seyyid Yəhya Şirvaninin elm və irfanı, Hüseyn Cavidin, Əhməd Cavadın, Mikayıl Müşfiqin vətənpərvərliyi, Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçiliyi nümunə göstərilərək bu şəxsiyyətlərin işığında tarixə düşəcək nəsillər yetişdirmək imkanımız var.         

      Unutmamaq lazımdır ki, insanlar şəxsiyyətlərə vurğundurlar. İnsan oğlunun fitrətində başqalarını örnək alma, başqasından nümunə götürmə duyğusu vardır. Buna görə də Allah-Təala bəşəriyyətə sadəcə kitablar göndərməmiş, onların canlı nümunələri olan peyğəmbərləri nümunə göstərərək hər birinin ideal kimi qəbul olunmasını istəmişdir. Bu baxımdan ilk insanın da Peyğəmbər olması faktı çox diqqətçəkicidir. Məhz bu gerçəyi gözardı etmədən hər zaman gənclərə doğru örnəklər göstərməli, onların bu xüsusda arzuedilməz qapıları döyməsinə fürsət verməməliyik.

      Tariximizdə var olan mümtaz şəxsiyyətləri mümtaz edən xarakter keyfiyyətlərini bugünümüzə daşımaq və onları mümtaz qılan özəllikləri uşaqlarımıza qazandırmaq tarixə düşəcək nəsillər yetişdirmə xüsusunda mühüm addım atmaq deməkdir. Əks təqdirdə kapitalizmin çarxlarında şöhrət olma, tez varlanma, eqoizm, yüksəlmək üçün başqalarından istifadə etmək, zəhmət çəkmədən qazanmaq, zövq və əyləncə mərkəzli yaşamaq kimi qəribə bir həyat fəlsəfəsinə məruz qalan övladlarımızın xarakter inkişafında da problemlər baş qaldıracaqdır. Sosial məsuliyyətlərdən uzaqlaşaraq eqoistləşmək də, tarixin insana yüklədiyi missiyadan uzaqlaşmaqdır. Bir millətin gələcəyini görmək üçün onların gənclərinə baxmaq kifayətdir demişlər. Bu gün gələcəyimizi necə görmək istəyiriksə gənclərimizi də o istiqamətdə yetişdirməliyik.

      Doğruluq, çalışqanlıq, fədakarlıq, cəsarət, yardımlaşma, sədaqət, ədalətli olmaq, ədəbli olmaq, məsuliyyət şüuruna sahib olmaq, güvənilən biri olmaq kimi yüksək keyfiyyətlər mənbəyi olan tariximizlə, dəyərlərimizlə və qəhrəmanlarımızla yenidən tanış olmalıyıq.

      Bu mənada Yunus Əmrəni və onun sevgi seli halına çevrilmiş insana olan hörmət və sevgisini, eşq şairi Füzulini unutmamaq, anlamaq və yaşatmaq lazımdır.

      Bunun üçün yenidən Mövlana Cəlaləddin Rumi, Əhməd Yəsəvi, Yunus Əmrə, Füzuli kimi könül sultanlarının nəsihətlərinə qulaq asmaq lazımdır. Onların ruhlara həyat verən nəfəslərindən istifadə etməliyik. Çünki cəmiyyətlər kitabxanaların tozlu rəflərində qalmış quru məlumatların və alimlərin ruhuyla xoşbəxtliyə qovuşa bilməz. Onları həqiqi xoşbəxtliyə çatdıracaq, insanlığa və yaradılmışlara sevgi və məhəbbətlə baxa biləcək Yunus Əmrə və Füzuli timsalındakı sevgi dolu ruhdur.

       

       

      • Hits: 954 clicks

      Tecox component by www.teglo.info