Dr. Mehman İsmayılov / DİN-CƏMİYYƏT MÜNASİBƏTLƏRİ

      Share

      Hər nə qədər din-toplum əlaqələri Qərbdə 19-cu əsrə qədər sistemli şəkildə ələ alınmasa da, bu mövzu Əflatunun Cumhuriyyət adlı əsərində olduğu kimi ideal cəmiyyəti meydana gətirən ünsürlər haqqındakı görüşlərdə öz yerini taparaq daha sonrakı sistemli araşdırmalar üçün əsas təşkil etmişdir. Cəmiyyətin həyatına təsir edən əxlaqi və mənəvi ideyalara Aristotelin əsərlərində, Epictetus, Markus Orelyus və digər Epikürçülər və Stoaçıların yazılarında da rast gəlmək mümkündür. Ancaq din-toplum münasibətləri sosiologiya elminin doğuşu ilə 19-cu əsrdə (teologiyadan başqa) analitik  maraq dairəsinə daxil olmuşdur.

      Bekon “Religio praecipuum humanae societatis vinculum” (Din insanlığın ən önəmli bağıdır) deyərək dinin ictimai önəmini ortaya qoymaqdadır. Dinin ictimai önəmini vurğulayan  Bergson da “necə izah olunursa olunsun,  həqiqət budur ki, din hər zaman üçün ictimai rol oynamışdır” deməkdədir. Fərd və toplum arasındakı əlaqə dialektik olduğu kimi, din və toplum arasındakı əlaqə də dialektikdir. Buna görə də deyə bilərik ki, din daha çox fərdi, ancaq  əhəmiyyətli dərəcədə də sosialdır.

      Hər nə qədər Durkheyim və onun ətrafındakı Fransız Sosiologiya Məktəbi kimi reduktivizmə uyaraq dini sırf ictimai fəaliyyətlərin nəticəsi olaraq görmək yanlış olsa da,  dinin bir çox sosial funksiyalara sahib olduğu danılmazdır.

      Fərdləri və qrupları toplumun mənfəətini çeynəyərək öz mənfəətləri ardınca getməkdən çəkindirən ən güclü sosial amillərdən biri də dindir. Din mənəvi dəyərləri təsbit edərək cəmiyyətə istiqamət verir.

      J. Woç dinin toplum içərisindəki birləşdirici rolunun ixtilaf yaradıcı və parçalayıcı yönündən qat-qat çox olduğunu söyləyir. Çünki bir din hər hansı bir toplumda kök saldıqdan sonra, orada müxtəlif etiqadlar, normalar, dəyərlər, adətlər, davranış qaydaları vasitəsi ilə özünə həyat tapmaqda və o toplumun  sosial varlığı ilə qaynaşaraq,  toplum fərdlərini dini və sosial-mədəni cəhətdən birləşdirmə funksiyasını yerinə yetirir.

      Antropoloqlar da dinin birləşdirici yönünə diqqət çəkmişlər. Məsələn, Nadel dinin birləşdirici güc və yardımlaşma mənbəyi olduğunu, R. Förs də ictimai münasibətləri nizamladığını və insanın qalaktikadakı yerini təyin etdiyini düşünməkdədir.

      Dinin əsas sosial yönlərindən biri onun toplumlara sosial kimlik  qazandırmasıdır. Bir çox toplum özünü din ilə ifadə etməkdədir. Dinin sosial funksiyalarından biri də dəyərlər iyerarxiyasını təmin etməsidir. Bir çox ictimai problemlər dəyərlərin toqquşması nəticəsində ortya çıxır. Dəyərlər ətrafında ümumi həmrəylik olmadan  cəmiyyətin birlik və bərabərliyi mümkün olmaz. Din də məhz bu dəyərləri qoyur və gücləndirir.

      Dinin cəmiyyətlə əlaqəli funksiyalarından biri də, “toplumu nizamlayan normalar sistemi” olmasıdır. Din insanlara necə hərəkət edəcəklərini göstərir. Heç bir sistem və ya fəlsəfi doktrina din qədər əhatəli və birləşdirici deyildir.

      Beləliklə din, fərd və toplum həyatını nizamlayır, toplumu qardaşlıq duyğuları içərisində yaşamağa sövq edir. Cəmiyyətin inkişafı üçün mədəni, iqtisadi və sosial bir çox mövzulara diqqət çəkir. İnsanları dost olmağa, qaynaşmağa, birlikdə irəli getməyə çağırır.

      Hər bir dinin sırf dini  olan xüsusiyyətləri ilə yanaşı, həyatın demək olar ki bütün sahələrindəki məsələlər haqqında, bütün önəmli dünyəvi hadisələrə dair zəngin fikir möhtəvası vardır. Bu mənada hər din özü ilə birlikdə müəyyən bir “ruh” və “zehniyyəti” də gətirir. Bu ruh və zehniyyət o dinin mənsublarının həyatına təsir edir.

      Dinin əsas sosial funksiyalarından biri də cəmiyyətin nizamını qorumağı təmin edən “mühafizəkar funksiyasıdır”. Bu yönü ilə din toplumda “sosial kontrol” rolu oynayar. Bundan başqa dindəki günah-savab və halal-haram normaları toplumdakı “əxlaqi normaları təminedici funksiyanı” yerinə yetirirlər. Dinin, dini etiqad və tətbiqatın, ayin və ibadətlərin “toplum həmrəyliyini gücləndirici rolları” vardır.

      Nəticə olaraq din insanların ortaq bir məqsəd ətrafında  birləşməsini təmin edir. Müəyyən inanclara bağlanaraq düşüncəni inkişaf etdirməyi, haqlar və məsuliyyətlər çərçivəsində toplum nizamını təmin etməyi özünə hədəf seçir,  qoyduğu əsaslar daxilində toplumun varlıq və mədəniyyətinin davamını təmin etməyə çalışır.

       

      • Hits: 948 clicks

      Tecox component by www.teglo.info