Adəm Şahin ./ ACIDƏRƏ ÇAYI-1

      Share

      Bakı-Şamaxı arasındakı Acıdərə çayı startı cənnətdən başladı və dünya həyatından qiyamətə, qiyamətdən də - cəhənnəmi düşünərsək sonsuzluğa qədər axacaq... Maşınlara “ömür bitər, yol bitməz” şəklində sözlər yazılır. Bunun Acıdərə versiyası “ömür bitər, dərd bitməz”dir.

      Acı çəkmə yaşayan və nəfəs alan hər bir can sahibi ilə müştərək duyğumuzdur. Xeyir və şərr qardaşdır deyərik. Xeyirlər insanı sevindirdiyi halda, şərlər acı və müsibət mənasına gəlir. Xeyir və şərr gecə və gündüz kimi bir-birini təqib edər. Qəbələdə axan Ax-Ox çayı bu abzasdakı mənanı ifadə edərək axar. Şərlərin yaradılış hikmətlərindən biri də xeyirlərin və sahib olunan nemətlərin qədir-qiymətinin bilinməsi üçündür. Yorulmaq olmasaydı istirahətin, aclıq olmasaydı doymağın ləzzətini bilməzdik. Ağlamasaydıq və hüznlənməsəydik gülməyin və təbəssüm etməyin həzzini nə qədər hiss edə bilərdik? Əgər acı olmasaydı, şirin bu qədər dadlı olmazdı…

      “Ölümü göstərib titrəməyə razı etmək” sözü vardır ki, bu söz acı çəkmə və acı vermə duyğusunun siyasi mənfəətlərə alət edilməsidir. Molla Nəsrəddinin damdan düşdüyü zaman başına toplaşanlara çəkdiyi acını anlatmaq üçün “içinizdə damdan düşən varmı?” deyə soruşması təsəvvüf elmi üçün işlənən “dadmayan bilməz” sözünün “canı acımayan bilməz” versiyasıdır.

      Ağlamadan həyata başlamaq və həyatda yol qət etmək mümkün deyil. Uşağını dünyaya gətirən ananın çəkdiyi acıların orta şiddətli bir maşın qəzası ilə eyni olduğunu deyirlər. Yaşanan dərd və acıların insana təsiri “divarı nəm, insanı qəm; ağacı qurd, insanı dərd bitirir” sözləriylə ifadə edilmişdir. Dərdlərin paylaşılması acıların xəfifləməsinə səbəb olur. Yasda olan möminlərin tək qoyulmaması digər müsəlmanların üzərində olan haqlardandır. Sevinc və xoşbıxtliklər paylaşdıqca artar. Bayram günü tək qalan insan bayram sevincini nə qədər hiss edə bilər? “Dərdini deməyən dərman tapmaz” sözündə qəsd edilən məna dərdin harda gəldi söylənməsi deyil, dərd dinləmək, sirr saxlamaq və çarə ola bilmək xüsusiyyətlərinə sahib insanlara aça bilməkdir.

      Sevən sevdiyinin acı və dərdlərini almaq istər. Get-gedə az işlənməyə başlayan “qadan alım” sözünün fədakar və məhəbbət dolu ağızlardan söylənməsi müxatəb üzərində dərman kimi təsirlidir. Rəhmətlik nənəmi “qadasını aldığım” sözü ilə xatırlayıram. Minnətdar olduğumuz insana pul-para, övlad və mal çoxluğu şəklində deyil, “əllərin dərd görməsin” şəklində dua edərik. Pul-para, övlad və mal da dərd və kədər qaynaqlarından ola bilər. Dərvişlər yaşadıqları acıları və çilələri “Bu da keçər ya hu” deyərək uzaqlaşdırmağa çalışarkən sazı əlinə alanlar “eşq ağladır, dərd söylədir” sirri gərəyi “ya hu” demədən “bu da keçər” deyərlər və ya “dərdlər bir dərya olmuş mən də bir sandal” deyərək boğulana qədər çalxalanıb dururlar:

      Nə ağlarsan mənim zülfü-siyahım

      Bu da gələr, bu da keçər ağlama.

      Göylərə erişdi fəryadım, ahım

      Bu da gələr, bu da keçər ağlama.

      Çəkilən acı, bəla və müsibətlər üçün “bəla kəməndi-məhbubdur” deyirlər. Allah qatında ən çox sevilən bəndə aləmlərin sərvəri Peyğəmbərimiz (s.ə.s) dir. Elə isə kəməndi-məhbub olan bəla, müsibət və acıların ən şiddətlisi ona gəlmişdir.

      “Bəlanın ən şiddətlisi peyğəmbərlərə, sonra vəlilərə və dərəcəsinə görə digər möminlərə gəlir” hədisi-şərifi də bu həqiqəti xatırladır. 

      Peyğəmbərimizin atasını görməməsi, kiçik yaşlarda anasını itirməsi, İslamı təbliğ etdiyi zaman yaşadığı çətin günlər, uğradığı sui-qəsdlər və ümmətinin dərdləriylə dərdlənməsi Allah-Təala tərəfindən atılan kəməndlərdəndir. Bu mənada Peyğəmbərimiz “heç bir peyğəmbər mənim çəkdiyim acını çəkməmişdir” buyurmuşdur. Çəkdiyi acılara baxmayaraq demək olar ki, hər anının təbəssümlü olduğu rəvayət edilən, çəkilən acıların saç-saqqalını ağartmağa gücünün çatmadığı uca bir Peyğəmbərimiz var.

      Deyirlər öyrənməyin üç yolu var: çox görmək, çox acı çəkmək və çox çalışmaq. Yaşanan bəla, müsibət və acılara səbir etmədən qədərə üsyanla sınaqdan çıxma riski hər an vardır. Bu səbəblə bəla, müsibət və acılar istəməmək, dünyada və axirətdə afiyət istəmək dinimizin prinsiplərindəndir. Möminin dünya həyatında yaşadığı hər acı üsyan etməmək şərtiylə xeyirlərə vəsilə olur. Hədisi-şərifdə buyurulur:

      “Yorğunluq, uzun müddətli xəstəlik, kədər, sıxıntı və qəmdən tutmuş ayağına batan tikana qədər müsəlmanın başına gələn hər şeyi Allah onun xətalarını bağışlamağa vəsilə qılar.” (Buxari, Mərda 1,3; Müslim, Birr 49)

      Nəticə olaraq Acıdərənin suları artıb-azalaraq axır. Bəzən o qədər çoxalır ki, boğulma hissinə qapılırıq. O zaman acıların çoxluğunu görərək “nə qədər böyük və nə qədər çox acılarım var” demək yerinə acı verən ağrıdan, ağladan, saçları ağardan sulara baxaraq “Mənim çox böyük Rəbbim var” demək bizim üçün Nuhun gəmisi yerinə keçəcəkdir. 

                                                         

      • Hits: 868 clicks

      Tecox component by www.teglo.info