Nurlan MƏMMƏDZADƏ / TARİXDƏKİ YERİMİZ

      Share

      Qələmi götürüb “tariximiz-köklərimiz” haqda yazmağa hazırlaşırdım ki, Azərbaycanda ağacoyma sənətinin mahir ustası, çox hörmət etdiyim Seyfəddin müəllim (Seyfəddin Mənsimoğlu) içəri girdi. Bir az söhbətdən sonra bir kağız parçası çıxardaraq “Bu fikirlə rastlaşmısan hardasa?” –dedi. Kağızda yazılanlarsa belə idi:

      Türklərin – bu müzəffər xalqın yalnız tarixçiləri çatmayıb ki, onların ağlasığmaz qələbələrinin şöhrətini yazsınlar. Bu cəngavər xalq öz gündəlik şöhrəti ilə məşğul olub, əbədi məğlubedilməzliyinə inanaraq keçmiş qələbələrinin əbədiləşdirilməsinə qətiyyən nəzər salmamaşlar. (Monteskyo)

      Məhz bu sətirlər yazmaq istədiyim mövzuda mənə ilham verdi. Həqiqətən tarixə baxdığımız zaman biz türklərin “Tarix” adlanan böyük kitabın hər fəslində yerinin oluğunu görürük. Hələ sərhədlərin formalaşmadığı ilkin dövrlərdə köçəri və yarımköçəri həyat sürən ulu əcdadımızın demək olar ki, yer üzündə ayağının dəymədiyi torpaq yox idi. Elə bəlkə də “tarix” adlanan kitabın hər fəslində yerimizin olması da bundan irəli gəlir. İstər islamdan əvvəl olsun, istərsə də sonra türk xalqları hər zaman şanlı, şərəfli yol keçmişlər. Monteskyonun dediklərinin nə qədər doğru olduğuna dəlalət edən, bir vaxtlar qədim hun tayfaları haqda araşdırma apararkən oxuduğum başqa bir faktı xatırladım: Sən demə, ən qədim zamanlarda türk tayfalarından olan hunlar haqqında ilk yazılı məlumatlar Çin mənbələrində mövcuddur. Bunu babalarımızın tarixə səhlənkar yanaşması kimi də dəyərləndirə bilərik, qonşuluğunda yaşadığımız millətlərin, dövlətlərin gözündəki mövqeyimizin böyüklüyü kimi də qələmə verə bilərik.

      Biz tarixi masa başında deyil, döyüş meydanlarında yazmışıq. Bizim tariximiz Cavanşir qalasıdır, Şirvanşahlar sarayıdır, Bakının qala divarlarıdır, Qız qalasıdır, Gürcüstana qaçırılan Gəncənin qala darvazasıdır. Bizim tariximiz bu gün Şəhidlər Xiyabanında uyuyan igid oğullarımızdır. Bizim övladlarımıza nümunə göstərdiyimiz qəhrəmanlarımız xəyal məhsulu olan Con Rembolar, Spayder Menlər deyil. Bizim qəhrəmanlarımız Dədə Qorduqlar, Qazan xanlar, Bamsı Beyrəklər, Fatehlər, Koroğlulardır...

      Görəsən tarixdə türk amili olmasaydı dünyanın bugünkü durumu necə olardı? Bəlkə də tarix səhifələri bir az monoton olardı. Ən azından bu gün dünyanın yeddi möcüzəsindən biri olan Böyük Çin Səddi mövcud olmazdı. Məsələni mübahisə mövzusu olmaqdan çıxarıb, doğru və ya yanlışlığını bir kənara qoyaraq deyə bilərik ki, bu səddin tikilməsində hun türklərinin hücumlarından qorunmaq məqsədinin güdülməsi tarixi bir faktdır. Elə Atillanın Qərbi Avropanı lərzəyə salması da başqa bir gerçəkdir. Bir zamanlar Şərq dünyasını Avropa ilə birləşdirən ən məşhur ticarət arteriyası  da – İpək Yolu məhz türk torpaqlarından keçib gedirdi. Çünki ən təhlükəsiz yol bu idi. Hətta buna görə karvanların təhlükəsizliyinə zəmanət verən köçəri türk hökmdarları yüksək gömrük alırdılar. (Oljas Süleymanov, Az-Ya, səh-136) Burada islami fəthləri də qeyd etmək zəruridir. Osmanlı türklərini Vyana qapılarına qədər aparıb çıxaran türklük ruhu ilə islam amilinin tətiklədiyi duyğu idi. Təbiidir ki, hər bir xalqın, millətin tarix səhnəsində öz rolu var. Amma məncə tarix səhnəsində oynanan ikipərdəli dramda biz türklərin rolu bir az başqadır. 

      Burada ümumi türk adından söz açmaq istəyirəm. Millətimizin islamla şərəfləndikdən sonra daxildən gələn həyəcanlarını imanla birləşdirərək bəşəriyyətə etdikləri xidmətlər göz qabağındadır. İslam memarlığında, miniatüründə, xəttatlıq sahəsində, təhzib, ebru və s. kimi mədəni sahələrdə görülən xidmətlər böyük bir mədəniyyəti formalaşdırdı. Müsəlman türk millətinin dünyaya verdiyi töhfələr Memar Sinanın ərsəyə gətirdiyi məscidlərin minarələri kimi göyə doğru ucalaraq öz varlığına şəhadət edir. Doğrudur, bəlkə də bütün bu saydıqlarımız bir az tarixlə öyünmək kimi görünə bilər. “Kosa adam babasının saqqalıyla öyünər” atalar sözünün ifadə etdiyi mənaya gəlməsin, amma burada məqsədimiz ot kökü üstə bitər fikrini bir daha gənclərə xatırlatmaqdır. Çünki kökündən xəbərsiz millətlər yox olmağa məhkumdurlar.

      Yeri gəlmişkən burada bir məsələyə də toxunmağı vacib sayıram. Qeyd edim ki, əbədi zəfərinə arxalanan türk tayfalarının, boylarının və xalqlarının düşmən fitnəsiylə bir-birinə qənim kəsilməsi də tarixin başqa bir nüansıdır. Tarixdə Osmanlıların Teymurla və Səfəvilərlə düşmən olması insanı kədərləndirir. Teymurla İldırım Bəyazidin bir-birinə düşmən olmasını, Şah İsmayılla Yavuzun Çaldıran döyüşündə qarşılaşmasını və beləliklə Səfəvi-Osmanlı müharibələrinin əsasının qoyulmasını heç cür anlamaq mümkün deyil. Biz türklər həmişə güclü olmuşuq, amma siyasi hiyləgərlikdən də xəbərsiz olmuşuq. Elə götürək ilk yazılı abidəmiz olan Kitabi-Dədə-Qorduqu. Eyni kökə bağlı olan türk boyları arasında gedən hərc-mərclik qanlı müharibələrlə nəticələnmədimi?..

      İndi isə gələk bugünümüzə. Bu gün Azərbaycanda yaşayan biz türklərlə, Türkiyədə yaşayan türklər qədər bir-birinə yaxın olan iki qonşu, qardaş, dost görmək mümkün deyil. Bu fikir hər sahəyə aiddir. İstər dil, istər din-inanc, istər mentalitet, nə deyirsiniz deyin. Bu gerçəyi mərhum prezidentimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” sözü qədər də dəqiq ifadə edən başqa bir söz tapmıram. Elə isə tarixdən nəticə çıxardaraq araya fitnə toxumları səpməyə çalışanlara rəvac verməməli, birliyimizi zədələməməliyik.

      • Hits: 794 clicks

      Tecox component by www.teglo.info